Время в Баку - 00:34

САМОЕ ЧИТАЕМОЕ

HEYDƏR ƏLİYEV – ZAMAN VƏ  MƏKAN ANLAYIŞLARINDAN UCADA DURAN AZƏRBAYCANLI DAHİ


 

YAQUB MAHMUDOV

                   AMEA-nın həqiqi üzvü,

Əməkdar elm xadimi,

Dövlət Mükafatı laureatı

 

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

ÖN SÖZ

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunların hamısı bir keyfiyyət altında birləşir: heydər Əliyev BÖYÜK AZƏRBAYcANLIDIR. Azərbaycan xalqının, Azərbay­can torpağının misilsiz təəssübkeşidir. Bu nadir keyfiyyət heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvidir.

…Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşə və konkret biliklərə malik olan nadir tarixi şəxsiyyətdir. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin, necə deyərlər, cikinə-bikinə bələd olan, kiçik bir xalqın oğlu olmasına baxmayaraq, dünyanın altıda birini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan, Qorbaçovun təqib və hiylələrindən sarsılma­yıb yenidən böyük siyasətə qayıtmış nadir simadır. Misilsiz iradə sahibidir. Planetimizin bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən — sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyətdir. Keçid dövrünün mürəkkəb burulğa­nından Azərbay­canı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli liderdir!

Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik illəri  (1969-1982) ölkəmizin yüksəliş dövrüdür. O zaman dağılmağa baş­lamış böyük SSRİ məkanında Azərbaycan qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, uzaqgörən planlarının nəticəsi idi. Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrin­də öz Vətəninə, xalqına lazım olan nə varsa hamısı barədə əvvəlcə Siyasi Büro, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanın özü-özünü tə­min edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, iqtisadi-mədəni vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolu­nu hələ o zaman Heydər Əliyev başlamışdı.

Bu gün Bakımıza, rayonlarımıza gözəllik, yaraşıq verən onlar­ca yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kom­pleksləri, su anbarları, dəryaçalar, kür su kəməri, neçə-neçə yol­lar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağla­yan Bakı-Balakən dəmir yolu (bu yolun o zaman Azərbaycan üçün nə qədər böyük qabaqlayıcı siyasi əhəmiyyət kəsb etdiyini müəyyən mülahizələrə görə açıqlamaq istəmirik!), Dağlıq Qarabağın mər­kəzə – Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi, yaşıllıq zonaları, istirahət ocaqları, Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi…

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr etdi? Və ya 1993-cü ilin 15 İyun gününü nə üçün Qurtuluş günü adlandırmaq olar?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini, ən böyüklərini sıraya düzək.

Ən başlıçası: azadlıq, müstəqillik həm hər bir ayrıça vətən­daş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik bu yolda. Azadlığı müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstə­qillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dovləti bizim «olum, ya ölüm» məsələmizdir. Uluöndər Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha tor­paqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiy­yət­lərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlü­kəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlı­ğımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qur­tuluş deməkdir!

Azərbaycan dövlətçiliyi və Uluöndər Heydər Əliyevin qətiyyəti 1994-cü ilin Oktyabr və 1995-ci ilin Mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə ömrünü qurban verməyə hazır olan prezidentliyini nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur — sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi vaxtilə xüsusi təpərlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır…».

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünya­da demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmış­dır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dün­yanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Bu gün Azərbaycan xalqı Uluöndər Heydər Əliyevin yolu ilə öz parlaq gələcəyinə doğru inamla, sürətlə irəliləyir!

Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin  siyasətini uğurla davam etdirən onun layiqli varisi prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın müstəqilliyini qətiyyətlə qoruyub saxlayır, qloballaşmanın doğurduğu min cür əngəlləri və maneələri dəf edərək Yurdumuzun əlaltı dövlətə çevrilməsinə imkan vermir. Azərbaycan Respublikası regionun lider dövlətinə çevrilmişdir.

Gəlin, Vətən torpaqlarını düşmən tapdağından azad etmək, qüdrətli və demokratik Azərbaycanı — YENİ AZƏRBAYCANI gücləndirmək üçün onun ətrafında daha sıx birləşək!!!

 

НОВОСТНАЯ ЛЕНТА