Время в Баку - 16:42

САМОЕ ЧИТАЕМОЕ

Tarixi qayıdış və xalqın qurtuluşu


Qafar ƏLİYEV 

YAP Siyasi Şurasının üzvü

 

“… Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm… Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm… Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu fikri ulu öndər Heydər Əliyev 1993-cü il 15 iyununda Azərbaycan parlamentinin tarixi iclasında sədr seçildikdən sonra öz çıxışında səsləndirib.

1993-cü il 15 iyun tarixi müasir Azərbaycan Respublikasının tarixinə Qurtuluş günü kimi daxil olub. Azərbaycan xalqı və dövləti həqiqətən də həmin gün xilaskar Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində parşalanmaq, vətəndaş müharibəsi, torpaqlarımızın daha böyük hissəsinin işğal olunması və s. kimi təhlükələrdən, bir sözlə məhv olmaqdan xilas oldu və qurtuldu. Haqlı olaraq, 1997-ci ildən bayram kimi qeyd olunan həmin günə 1998-ci ildən dövlət statusu verilmişdir.

 

Xalq Heydər Əliyevin yolunu çoxdan gözləyirdi

Üstündən 27 il ötməsinə baxmayaraq hələ indiyə qədər də 1993-cü il 4 iyun Gəncə hadisələrinə və Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı tarixinə ayrı-ayrı qələm sahibləri, iqtidar yönümlü siyasi partiyaları və radikal müxalifət nümayəndələri tərəfindən müxtəlif rakursdan baxılır və qiymətləndirilir. Bu günün özünə qədər də o vaxtkı AXC-Müsavat hakimiyyətinin mənsubları bu tarixi hadisənin əsl mahiyyətini ya başa düşmür, ya da qəsdən müxtəlif yanlış mövqelərdən izah etməklə öz məğlubiyyətlərinə haqq qazandırmağa, bu və ya digər üsul və vasitələrlə günahı başqalarının və yaxud da bir-birinin üzərinə atmaqla öz günahlarını ört-basdır etməyə, özlərini sudan quru çıxarmağa cəhd edirlər. Əsl həqiqətdə isə bu hadisələr o dövrdə ölkəmizdə olan anarxiyanın, başıpozuqluğun, hakimiyyətsizliyin, özbaşınalığın məntiqi nəticəsindən doğmuşdu.  SSRİ dağılan ərəfədə istər hakimiyyətdən qovulan keçmiş kommunist partnamenqlatura mənsubları, istərsə də onların yerinə hakimiyyətə gəlmiş və cəmi bir il sonra 1993-cü il Gəncə hadisələri zamanı hakimiyyətini itirən AXC-Müsavat cütlüyü bir həqiqəti anlamaq istəmirlər ki, onlar dövrün, zamanın tələbindən, dünyada baş verən tarixi hadisələrin mahiyyətindən bixəbər idilər. Bir anlığa təsəvvür edək ki, 1993-cü ilin 15 iyun hadisələri baş verməyəydi. Onda belə çıxır ki, AXC-Müsavat cütlüyü indiyə qədər də hakimiyyətdə olacaq, hakimiyyəti bir-birinə ötürə-ötürə, bu günə qədər də bir-biri ilə didişə-didişə hakimiyyəti idarə edəcək, ölkəmizdə isə bu günə qədər anarxiya, özbaşınalıq davam edəcək, sabitlik olmayacaq, xarici investisiyalar cəlb edilməyəcək,  neft müqavilələri bağlanmayacaq, hazırkı inkişafdan və tərəqqidən söhbət belə gedə bilməyəcəkdi. Belə vəziyyəti təsəvvür etmək belə adama dəhşətli gəlir.

Bu çox yanlış fikirdir ki, əgər Gəncə hadisələri baş verməsəydi, AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyəcəkdi. Xeyr, gec, ya tez o hakimiyyəti xalq özü ayağa qalxaraq silib-süpürüb atacaqdı… Ona görə ki, istər keçmiş partnomenklatura kommunistlərini və onların bərbad  idarəçiliyini, istərsə də AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərliyini xalq qəbul etmirdi.

Birinciləri, yəni Ə.R.Vəzirov və Ayaz Mütəllibov komandasının üzvlərini xalq ona görə qəbul etmədi ki, onlar SSRİ dağılan ərəfədə dünyada gedən proseslərin mahiyyətini dərk etmirdilər. Bir tərəfdən SSRİ-nin sonuncu rəhbəri M.S.Qorbaçovun xeyir-duası ilə Dağlıq Qarabağ və ona bitişik torpaqlarımız Ermənistan Respublikası tərəfindən işğal olunurdu, onların gözü isə yenə də Moskvada idi və oradan buyruq gözləyirdilər. 1988-ci ildən sonra respublikamızda baş verən hadisələri qısaca olaraq bir daha xatırlasaq görərik ki, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası keçmiş SSRİ-nin dağılması ərəfəsində öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi ərəfədə respublikamızda çox böyük çaxnaşmalar baş verdi, bu müstəqillik elə-belə ucuz başa gəlmədi. İlk öncə, 1988-ci ilin fevralından başlayaraq qonşu Ermənistan Respublikası tərəfindən keçmiş SSRİ rəhbəri M.S.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin himayəsi ilə Azərbaycanın qədim torpağı və tarixi ərazisi olan Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürməklə Dağlıq Qarabağ probleminin başlanmasına rəvac verildi. Daha sonra Ermənistan Respublikasında yaşayan 250 mindən artıq azərbaycanlılar tarixi Qərbi Azərbaycan torpaqları olan İrəvan və digər bölgələrdən qovulub çıxarıldı. Bununla da kifayətlənməyən düşmən dövlətlər və xarici qüvvələr müstəqilliyini bərpa etmək istəyən Azərbaycanı cəzalandırmaq, onu ayrı-ayrı hissələrə parçalamaq məqsədi ilə Sumqayıt, 20 Yanvar, Xocalı və s. kimi yeni-yeni düşünülmüş ssenarilər əsasında hadisələr törədərək Azərbaycanın daxilində tam ictimai-siyasi, iqtisadi və hərbi böhran şəraiti yaratdılar. Vəziyyəti xüsusilə təhlükəli edən səbəblərdən biri də bu idi ki, həmin dövrdə nə ölkəyə rəhbərlik edən Ə.Vəzirov, A.Mütəllibov, E.Qafarova kimi yerli sovet və kommunist rəhbərləri, nə də yenicə siyasi meydana çıxmış və hakimiyyətə can atan Xalq Cəbhəsi fəalları birləşərək ölkəni bu vəziyyətdən qurtara bilmədilər. Xocalı faciəsi (1992-ci il fevralın 26-sı) baş verdikdən və Şuşa şəhəri işğal olunduqdan (1992-ci il 8 may) sonra Ayaz Mütəllibovun rəhbərlik etdiyi keçmiş sovet kommunist rəhbərliyinin hakimiyyətinə son qoyuldu. Hakimiyyətə müstəqillik tərəfdarı olduqlarını bəyan edən, lakin heç bir idarəçilik təcrübələri olmayan Xalq Cəbhəsi fəalları gəldikdən sonra vəziyyət daha da ağırlaşdı. Qısa müddət ərzində AXC-Müsavat iqtidarının səriştəsiz kadr siyasəti, iqtisadiyyat və xarici siyasət və bir çox başqa sahələrdə yol verdikləri səhvlər nəticəsində Azərbaycanda tam şəkildə hakimiyyət boşluğu, anarxiya və özbaşınalıq yarandı.

Artıq bütün Azərbaycan xalqı Xocalı hadisələrindən sonra yaxşı dərk edirdi ki, Azərbaycanı bu ağır bəlalardan xilas etmək üçün yeganə bir şəxsiyyət – dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev hakimiyyətə gəlməlidir. Lakin vəziyyətdən istifadə edərək hakimiyyəti ələ alan Xalq Cəbhəsi-Müsavat iqtidarı qısa müddət ərzində xalqın bəzi hissəsinin də ümidlərini puç etdi və onlara da anlatdı ki, Azərbaycanı belə ağır bir durumdan çıxarmaq yenicə hakimiyyətə gələn, torpaqlarımızın işğalının qarşısını ala bilməyən Xalq Cəbhəsi-Müsavat cütlüyünün də bacaracağı bir iş deyil. Ölkədə həmin vaxt mövcud olan ikitirəliyin, siyasi böhranın əsas göstəricisi Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin 1993-cü ilin fevralında Fərəc Quliyevin imzası ilə yayılan  bəyanatında tam çılpaqlığı ilə ortaya qoyulmuşdu. Həmin vaxtı, yəni 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra bütün Azərbaycan xalqının ümidi və pənahı yalnız bir şəxsə — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi (1969-1982), Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi  Bürosunun  üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (1982-1987) vəzifələrində çalışmış, 1987-ci ilin oktyabrın 25-də Moskvada bütün vəzifələrdən istefa verdikdən sonra doğma Vətənə qayıdaraq 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əlirza oğlu Əliyevə qalmışdı.

Məhz belə bir vaxtda, yəni ölkə tam mənəvi, siyasi, iqtisadi və hərbi böhran vəziyyətində olduğu bir zaman, Gəncədə 1993-cü ilin 4 iyun hadisələri baş verdi, ölkədə mitinqlər başlandı, döyüş bölgələrindəki silahlı qüvvələr geri çağırıldı. Vəziyyəti düzəltmək üçün Gəncəyə ezam edilmiş Prezident Aparatının ovaxtkı ərazi orqanları ilə iş üzrə şöbə müdiri və dövlət müşaviri olan Arif Hacıyev isə AXC İK-nin bəyanatını səhv adlandırdı. Söz yox ki, Arif Hacıyev tərəvindən verilən bu açıqlama hakimiyyət daxilində ayrı-ayrı qruplaşmaların olmasından xəbər verir, hakimiyyətdaxili  qarşıdurmanı kəskinləşdirməyə xidmət edirdi. Belə də oldu. Beləliklə, hakimiyyətdaxili düşmənçiliyin məntiqi nəticəsi olaraq, 1993-cü il 4 iyun hadisələri baş verdi. Ona görə də 1993-cü ilin iyun hadisələrinin baş verməsinə görə ovaxtkı hakimiyyəti idarə edənlər də Sürət Hüseynovun dəstəsi ilə bərabər şəkildə məsuliyyət daşıyırdılar.

Beləliklə, ölkədə siyasi böhranın günbəgün dərinləşdiyi, Dağlıq Qarabağdan əlavə, ətaf rayonların, o cümlədən  Kəlbəcərin işğalından bir az sonra  Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd olundu və hərbi qiyam başlandı. AXC-Müsavat iqtidarı şok vəziyyətində idi. Hadisələrin sürətlə cərəyan etməsi fonunda dövlət orqanlarının çaş-baş qalması, AXC rəhbərliyinin isə ümumiyyətlə, iflic vəziyyətdən çıxa bilməməsi qabarıq şəkildə özünü büruzə verirdi. DİN və AXC informasiya mərkəzinin yaydığı məlumatlarda vəziyyət reallığa uyğun qiymətləndirilmir, hadisələrə görə bütün cavabdehlik S.Hüseynovun üzərinə atılırdı. 1993-cü il iyunun 5-də xalqa müraciətində sabiq prezident Əbülfəz Elçibəy gəncləri səbirli olmağa və vətəndaş sülhünü bərpa etməyə çağırırdı. Bununla da ən yüksək səviyyədə etiraf olunurdu ki, ölkədə vətəndaş qarşıdurması mövcuddur. Hadisələrin qarşısını almaq gücündə olmayan AXC-Müsavat iqtidarı 2 gün sonra, iyunun 7-də Prezident Aparatında (PA) müşavirə keçirmək qərarına gəldi. Lakin bu müşavirə nəinki vəziyyəti düzəltdi, əksinə onu daha da ağırlaşdırdı. Həmin müşavirədə Müsavat partiyasının hazırkı sədri Arif Hacılı Gəncənin bombalanması kimi “ dahiyanə”  təkliflə çıxış etmişdi. Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin  nitqindəki qarmaqarışıqlıq da hakimiyyətin düşdüyü çaşqınlığı əyani şəkildə göstərirdi. Orada verilən  təkliflərin  də heç biri ağlabatan deyildi. Müdafiə naziri D.Rzayevin məsələyə aydınlıq gətirmək cəhdi, daxili işlər naziri A.Abdullayevin nitqinin son ümidləri alt-üst etməsi Fəhmin Hacıyev kimi avantüristlərin məsuliyyətsiz fikirlər söyləməsinə şərait yaradırdı. O həmin vaxt müşavirədə belə demişdi: «Bu gündən etibarən konkret hərbi qüvvələrə icazə verilsin ki, Gəncə şəhərindən əhalinin çıxarılmasına və orada hərbi əməliyyatın keçirilməsinə imkan verilsin». Bir qədər əvvəl müxalifətə müraciətdə «biz tank üstündə hakimiyyətə gəlmişik, bacarırsınız, siz də gəlin», — deyən spiker İsa Qəmbərin kresloda düşdüyü ağır durum göz qabağında idi. Sonrakı günlərdə, iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslar ölkənin hansı vəziyyətə salındığını, AXC-Müsavat hakimiyyətinin mahiyyətini bütün qabarıqlığı ilə göstərdi. Qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj — bu iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətə gəldiyini ortaya qoydu.

Həmin vaxt ölkədə digər bir siyasi qüvvə isə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Etibar Məmmədov və onun tərəfdarları idi. Hadisələrin qızğın çağında AMİP də AXC-Müsavat hakimiyyətini müdafiə etmədi  AMİP sədri Etibar Məmmədov belə demişdi: «… İsa bəy, sizin əliniz qana batıb! Ona görə də bu qanı boynunuzdan atmaq istəyirsiniz». İsa Qəmbər isə ona belə cavab vermişdi: «Etibar bəy, 709-cu briqadanın müdafiə nazirinə tabe olmamasında sizin də əliniz var. Qardaş qırğınına səbəb olan şəxslərdən görünür biri də sizsiniz və qardaş qırğınını vətəndaş müharibəsinə çevirmək cəhdi də sizin çıxışlarınızdan açıq-aydın görünür».

Etibar Məmmədov bir daha onun fikrinə belə reaksiya vermişdi: «İsa bəy, həyasızcasına yenə bu işi davam etdirirsiniz, bəsdir də! Nə qədər olar bu milləti dolamaq!» Ovaxtkı iqtidar  onlara qarşı müxalifətdə olan digər şəxslərə, o cümlədən də Rəhim Qazıyev, Nemət Pənahlı və başqalarına da kömək barədə müraciər etmişdi. Lakin onların  düşdüyü  bu çətin vəziyyətdən çıxmaq üçün uzatdığı əlləri havada qaldı və öz keçmiş hərəkat yoldaşları tərəfindən onlara heç bir kömək olunmadı.

Bu deyilənlər parlamentdə nələrin baş verdiyini açıq-aydın göstərirdi. Ölkədə faktiki ikinci şəxs hesab olunan parlamentin sədri İ.Qəmbərin baş verənlərin ictimaiyyətin diqqətinə çatdırılmasını əngəlləmək istəməsi isə AXC-Müsavat iqtidarının öz hakimiyyətini qoruyub-saxlamaq cəhdi idi. Spiker nəinki MM-in sessiyasını televiziya vasitəsilə yayımlanmasını əngəlləyirdi, hətta Gəncədən qayıtmış ağsaqqallardan ibarət komissiyanın MM-ə gəlib açıqlama verməsinin qarşısını alırdı.

Dövlət müşaviri Arif Hacıyev belə bəhanə gətirirdi ki, guya «Komissiya üzvləri bildiriblər ki, həmin adamlar (MM qarşısında piket keçirənlər — Q.Ə.) oradan getsinlər, sonra biz gəlib iştirak edək».

Gəncə kimi qarşıdurma olan yerə getməkdən qorxmayan şəxslər indi MM-in qarşısındakı piketdən qorxurdular. Məsələyə aydınlıq gətirən komissiya üzvü, vaxtilə Azərbaycan Respublikasının rəhbəri olmuş İmam Mustafayev deyirdi: «Prezident 5 saat bizi öz otağında saxladı. Beş saatda bizim xəbərimiz yox idi ki, Milli Məclis (MM) bizi gözləyir. Burada da xəbər yayıblar ki, guya biz qorxuruq bura gəlməyə».

Parlamentin sessiyasındakı maraqlı məqamlar bununla yekunlaşmır. Artıq iyunun 8-də MM bəzi qərarları qəbul etməyə müvəffəq olur. Lakin iyunun 9-da AXC İK-nin sədri F.Quliyev söz alaraq çox maraqlı bəyanat verir. Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərksilah olunmasını və S.Hüseynovun saxladığı girovların buraxılmasını tələb kimi parlamentin qarşısına qoyan Fərəc Quliyev deputatların girov götürüləcəyini və onların binadan çıxmasına imkan verilməyəcəyini bəyan edir. Beləliklə, AXC-Müsavat hakimiyyəti sınaqdan keçmiş metoda əl ataraq 15 may 1992-ci ildə Ayaz Mütəllibovun devrilməsi zamanı baş verən hadisələri təkrarlamaq istəyirdi. Ancaq zaman o zaman deyildi.

AXC-Müsavat iqtidarının hakimiyyəti tam itirdiyi  göz qabağında idi. İş o yerə çatmışdı ki, hətta prezident Əbülfəz Elçibəyin Gəncəyə göndərdiyi dövlət komissiyasının üzvləri Fərəməz Maqsudov və Sabir Rüstəmxanlı da xüsusi azğınlıqla təhqir olunmuşdular və gecəyarı zalı tərk edərkən fiziki təzyiqə məruz qalaraq döyülmüşdülər.

Belə bir zamanda hakimiyyətə gəldiyi ilk dövrlərdə ölkədəki digər siyasi qüvvələrə qarşı qərəzli mövqe tutan, onlarla güc dili ilə danışan AXC-Müsavat hakimiyyəti vəziyyətin idarəolunmaz dərəcəyə gəlib çıxdığını görərək müxalifətə üz tutmağa, nüfuzlu şəxslərdən kömək ummağa başladı.

Həmin vaxt iqtidarda olan AXC-Müsavat hakimiyyəti əsasən iki qüvvəyə — Yeni Azərbaycan Partiyasının (YAP) sədri və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri  Heydər Əliyevə və AMİP sədri Etibar Məmmədova müraciət etdi. Lakin E.Məmmədovun kifayət qədər ovaxtkı hakimiyyətə qarşı daha radikal və barışmaz olduğunu anlayan hakimiyyət nümayəndələri Heydər Əliyevlə əməkdaşlıq etmək qərarını verdilər. Ancaq bu yerdə də Xalq Cəbhəsi-Müsavat hakimiyyəti öz maraqlarına uyğun siyasət yürütməyə başladı.

Sonrakı günlərdə də — 1993-cü il iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslarda ölkənin hansı vəziyyətə salındığı, AXC-Müsavat hakimiyyətinin ölkəni idarə etmək iqtidarında olmadığı bütün qabarıqlığı ilə görsənirdi. Bu iclasların ana xəttini qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj və s təşkil edirdi. Bütün bunlar həm də ovaxtkı  iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətdə qalmaq istədiyini  ortaya qoyurdu. Artıq 1993-cü il iyunun 8-də Milli Məclis bəzi qərarları qəbul etməyə müvəffəq olsa da, Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərksilah olunmasına və S.Hüseynovun saxladığı girovların buraxılmasına nail ola bilmədi.

Yalnız və yalnız bir şəxsiyyət, Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev heç bir şəxsi ambisiya güdmədən ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ovaxtkı prezident Əbülfəz Elçibəyin çağırışına müsbət cavab verdi. Ümumiyyətlə, Heydər Əliyev Moskvadan Bakıya qayıtdıqdan və Azərbaycan Ali Sovetinin deputatı və Naxçıvan Ali Məclisinin sədri seçildikdən, Yeni Azərbaycan Partiyasını yaratdıqdan sonra etdiyi bütün çıxışlarında o, həmişə iqtidarla konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan etmişdi. 1992-ci il oktyabrın 24-də  “Səs” qəzetində çap olunmuş “91-lərin müraciətinə verdiyi cavabda” da Heydər Əliyev bütün sağlam qüvvələri  vahid dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna töhfə verməyə çağırmışdı. Həmin dövrdə də Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanın fəlakətinə biganə qala bilməzdi. Məhz bu amil onun 1993-cü ilin iyunun 9-da qəti qərar qəbul edərək Bakıya gəlməsini şərtləndirdi.

Ümummilli lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanı bu və buna bənzər saysız-hesabsız fəlakətlərdən  qurtarmaq idi. Beləliklə, Azərbaycanın qurtuluşuna səbəb olan bir möhtəşəm addım atıldı.

Lakin dahi siyasətçi kimi Heydər Əliyev AXC-Müsavat cütlüyünün bu cür «yumşalmasının» arxasında nəyin dayandığını da yaxşı başa düşürdü. O bilirdi ki, AXC-Müsavat hakimiyyətinin əsas məqsədi heç də ölkəni çətin vəziyyətdən çıxarmaq yox, hakimiyyət kürsüsünü qoruyub-saxlamaqdır. Ona görə də həmin dövrdə hakimiyyət nümayəndələri və hakimiyyətə can atan digər qüvvələr tərəfindən ona qarşı hansısa yeni-yeni  sürprizlər hazırlana biləcəyini də unutmurdu. Beləliklə, bir tərəfdən  Dağlıq Qarabağ problemi ilə əlaqədar torpaqları işğal olunmaqda olan, Yanvar, Xocalı yaraları sağalmamış, digər tərəfdən də vətəndaş müharibəsi ərəfəsində olan Azərbaycan Heydər Əliyevin yolunu gözləyirdi. Xalqın böyük əksəriyyətinin “milli xilas günü”, “milli qurtuluş günü”, “Böyük qayıdış” və s. adlandırdığı həmin tarixi gün belə baş tutdu.

 

Xilaskar Heydər Əliyev tarixi missiyasını yerinə yetirmək üçün Bakıya gəldi

1993-cü ilin iyunun 9-u saat 15:00-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə Hava Limanında yerə endi. Heydər Əliyev Bakıya gəldiyi ilk saatlardan yaranmış ağır vəziyyətlə əlaqədar bir an vaxt itirmədən fəal şəkildə müxtəlif səviyyəli görüşlər keçirərək real vəziyyəti araşdırdı. Əvvəlcə prezident Ə.Elçibəylə ilk məsləhətləşmələr apardıqdan sonra o, Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında elm xadimləri, tanınmış ziyalılarla görüşdü. Həmin görüşdə Heydər Əliyev bildirdi ki, o, Bakıya respublika prezidenti Ə.Elçibəyin təkidli xahişi ilə gəlib və yaranmış vəziyyətdən ağılla çıxmağın yollarını arayır. O, ölkənin ağır vəziyyətində bütün imkanlarından istifadə edəcəyinə və hamını bir araya gətirəcəyinə söz verdi.

Heydər Əliyev orada qətiyyətlə bildirdi: «…Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına daim xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kəsin şübhəsi olmasın. İkincisi, mən heç vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım daxilində yol verməyəcəyəm və Sovetlər İttifaqı bir daha bərpa oluna bilməz».

Bu fikri ilə Heydər Əliyev vaxtilə Sovetlər İttifaqının başında duran şəxslərdən biri kimi imperiyanın bərpasına çalışan qüvvələrə qəti sözünü dedi və Bakıya qayıdışının məqsəd və məramını açıqlamış oldu. Heydər Əliyev AEA-da çıxışı zamanı iyunun 9-da bəzi deputatların döyülməsinə etirazını bildirdi və belə hadisələrin nə Milli Məclisə, nə də hakimiyyətdə olan qüvvələrə hörmət gətirməyəcəyini qeyd etdi: «Həyatda, cəmiyyətdə heç bir xidməti olmayan adam böyük iddialarla gəlib Azərbaycanın müstəqilliyini yalnız onun qoruduğunu, Azərbaycanın müstəqilliyinin sahibinin yalnız onun olduğunu, Azərbaycanın müstəqilliyinin monopoliyasının yalnız onun əlində olduğunu deyərək alimə hörmətsizlik edirsə, bu dəhşətdir».

1993-cü il iyunun 13-də Milli Məclisin növbədənkənar iclası keçirildi. Bir gün əvvəl isə televiziya vasitəsilə elan olunmuşdu ki, parlamentdə MM-in sədri İ.Qəmbərin istefası məsələsi müzakirə olunacaq. Artıq İsa Qəmbərin istefası bir zərurət kimi ortaya çıxmışdı. AXC-Müsavat iqtidarının ikinci adamının istefasını vətəndaş müharibəsi təhlükəsindən yan keçmək istəyən hakimiyyət nümayəndələri də razılıqla qarşılayırdı. İyunun 13-də keçirilən iclasın əvvəlində vaxt itirilmədən və geniş müzakirə açılmadan İsa Qəmbərin istefası qəbul edildi.

Sonra MM-in iclasında Ali Sovetin yeni sədrinin seçilməsi məsələsi gündəliyə qoyuldu. Bu vəzifəyə kimin seçiləcəyi də aydın idi — hamı Heydər Əliyevin seçilməsini səbirsizliklə gözləyirdi. Bu vəzifəyə təkcə Heydər Əliyevin namizədliyi qoyulmuşdu.

Heydər Əliyev isə bu məsələnin hələ müzakirəyə çıxarılmamasını xahiş edərək Gəncədəki vəziyyətlə tanış olmadığını və məsələni birbaşa yerindəcə aydınlaşdırmaq üçün ora getmək istədiyini bildirdi. Heydər Əliyevin bu addımı mövcud iqtidarın buraxdığı səhvlər nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki vəziyyətlə yerindəcə tanış olmadan, S.Hüseynovun məqsədini aydınlaşdırmadan hər hansısa real addımlar atmaq olduqca çətin idi. Beləliklə, iyunun 13-də axşam saat 6-da Heydər Əliyev, o cümlədən müxtəlif xarici və yerli KİV nümayəndələri Gəncəyə yola düşdülər.

Səfər gözlənildiyi kimi olduqca çətin şəraitdə həyata keçirildi. Qrup Gəncəyə gecə saat 12 radələrində çatdı. Ancaq gözlənildiyinin əksinə olaraq şəhərdə tam sakitliyin olduğu üzə çıxdı və qadağan saatını həyata keçirən əsgərlər onların hərəkətinə heç bir maneə törətmədilər.

1993-cü il iyunun 14-ü səhər saat 8:00-da Heydər Əliyevlə S.Hüseynov arasında gecədən başlamış danışıqlar davam etdirildi.

Orada Heydər Əliyev həlak olanlarla əlaqədar gəncəlilərə başsağlığı verdi və bildirdi: «İndiyədək olduğu kimi, bundan sonra da Gəncədə baş vermiş hadisələrin yalnız ədalət prinsipi ilə araşdırılması, günahkarların müəyyənləşdirilməsi, qardaş qanı tökülməsində iştirak edənlərin, onun təşkilatçılarının qanun qarşısında cavab verməsi üçün bütün tədbirlər görüləcək».

Gəncəyə səfər ərəfəsində iqtidar nümayəndələri ilə aparılan danışıqlarda hakimiyyət tərəfindən irəli sürülən təkliflərin mahiyyəti bundan ibarət idi ki, Heydər Əliyev qiyama mənfi münasibətini heç olmasa ümumi şəkildə bildirməklə, Ə.Elçibəylə əməkdaşlığa getdiyini bəyan etməli və Ə.Elçibəylə birlikdə xalqa, öz tərəfdarlarına müraciət edərək dövlətçiliyi müdafiə etməyə çağırmalı idi. Göründüyü kimi, hətta ən ağır məqamda AXC-Müsavat iqtidarı reallığı düzgün qiymətləndirə bilmir, kürsü maraqlarını dövlətçilik maraqlarından üstün tutduğunu gizlətmirdi.

1993-cü ilin iyunun 15-də Heydər Əliyevin Gəncəyə səfəri ilə əlaqədar təxirə salınmış MM-in fövqəladə iclası davam etdirildi. Yuxarıda qeyd olunduğu kimi, iclasın gündəliyində yalnız bir məsələ — istefa vermiş İsa Qəmbərin yerinə Ali Sovetin sədrinin seçilməsi qoyulmuşdu. Lakin elə ilk andan Ali Sovet sədrinin müavini Tamerlan Qarayev bu məsələnin müzakirəyə çıxarılmasını əngəlləməyə başladı. Onun təklifinə görə, ilk öncə respublikada yaranmış vəziyyətlə əlaqədar güc nazirlərinin məlumatlarının dinlənilməsi, son günlər yaranmış ictimai-siyasi vəziyyət və ondan çıxış yolları, Heydər Əliyevin Gəncə səfəri və onun S.Hüseynovla apardığı danışıqlar, eləcə də digər məsələlər müzakirə olunmalı idi. Hamıya aydın idi ki, Tamerlan Qarayev Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinə mane olmaq istəyir. Heydər Əliyevin bu məsələyə münasibəti kəskin oldu. O bildirdi ki, Gəncəyə gedib topladığı məlumatları söyləyəcəyini kimsəyə söz verməyib, iyunun 13-dəki iclas isə onun xahişi ilə təxirə salınıb. Yəni əgər bu xahiş olmasaydı, gündəlikdə duran əsas məsələ elə iyunun 13-də də reallaşacaqdı.

Arqumentlərin tutarlılığına baxmayaraq T.Qarayev bildirirdi ki, İ.Qəmbərin istefası ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı olan məsələdir. Buna görə də əvvəlcə bu məsələlər müzakirə olunmalı, sonra isə sədrin seçilməsi məsələsi gündəliyə qoyulmalıdır. Bunun üçün o bildirdi ki, Heydər Əliyev S.Hüseynovla apardığı danışıqlar barədə məlumat verməlidir. Heydər Əliyev isə haqlı olaraq qeyd etdi ki, gərginlik yarandığı dövrdən kimsə ora getməyib və bütün bu dövr ərzində burada oturub məsələni müzakirə ediblər. Axı Ali Sovetdə oturub hansı çıxış yollarını müzakirə etmək olardı?

Heydər Əliyev bu yolların çox olduğunu bildirərək müzakirə etməyin yox, tədbir görməyin vaxtı olduğunu bildirdi. Tədbirləri isə səsvermə yolu ilə görmək olmaz. Bunu yalnız səlahiyyətli adamlar görə bilər. Yəni əgər AXC-Müsavat iqtidarı Heydər Əliyevi köməyə çağırıbsa, lakin bunun üçün ona heç bir səlahiyyət vermirsə, hansı köməkdən söhbət gedə bilər və Heydər Əliyev səlahiyyəti olmadığı halda onlara necə kömək edə bilər?

Arqumentlərin əsaslı olduğunu hamı başa düşürdü. Heydər Əliyev son dərəcə hiddətlənmiş halda dedi: «Vaxt qalmayıb, siz Ali Sovetin rəhbərisiniz. Ayın 4-də hadisələr olub. Niyə getməmisiniz ora? Kim sizin qabağınızı alıbdır?.. Siz indi mənə deyirsiniz ki, siz təklif etdiniz ki, mənimlə bir başqa qrup da getsin. Hər bir qrup gedə bilərdi, o cümlədən siz də, Ali Sovetin sədri də və başqa adamlar da gedə bilərdi. Kim sizin qabağınızı almışdı?.. Gəncə hadisələri… Ondan çıxış yolları burada, bu gün müzakirə oluna bilməz. Birinci ona görə ki, deputat-istintaq komissiyası işləyir, bu işi o aparmalıdır. İkincisi, bu məsələ geniş müzakirə oluna bilməz. Bu məsələdən indi çıxış yollarını tapmaq lazımdır, onu da müəyyən bir qrup səlahiyyətli adam apara bilər. Ona görə də siz məni bu məsələlərə çəkməyin. Siz istəyirsiniz, neçə dənə təklifə səs verə bilərsiniz. Ancaq bilin ki, mən bu işlərə qarışmayacağam».

Nəhayət, T.Qarayevin oyunbazlığından təngə gələn prezident Əbülfəz Elçibəy də dilə gəlib həqiqətən də, Heydər Əliyevin onun xahişi ilə Bakıya gəldiyini və köməklik göstərmək üçün ona səlahiyyətlərin verilməsinin zəruri olduğunu bildirdi. Ə.Elçibəy yaxşı başa düşürdü ki, Heydər Əliyevin yüksək səviyyədə bu məsələyə müdaxiləsi olmasa, Azərbaycanda vətəndaş qırğınının qarşısını almaq mümkün olmayacaq. Heydər Əliyevə səlahiyyət vermədən ondan nə isə istəmək də mümkün deyildi. Axı heç bir səlahiyyəti olmayan Heydər Əliyev nə edə bilərdi?

T.Qarayev son addımı atdı — o, bilə-bilə ki, yeganə namizəd Heydər Əliyevdir, alternativ variantları da irəli sürməyə imkan yaratdı. Ancaq kim Heydər Əliyevin alternativi ola bilərdi? Beləliklə, Heydər Əliyevin namizədliyi irəli sürüldü və böyük əksəriyyətin səs çoxluğu ilə (lehinə 34 nəfər, əleyhinə 3 nəfər, bitərəf 1 nəfər, səs vermədi 1 nəfər, iştirak edirdi 39 nəfər) Azərbaycan parlamentinin sədri seçildi.

Uğursuzluqdan məyus olan T.Qarayev iclası davam etdirə bilməyib zaldan çıxmağa məcbur oldu. Sonra iclasa sədrlik edən Afiyəddin Cəlilov sözü Heydər Əliyevə verdi.

Heydər Əliyev Milli Məclisin sədri seçildikdən sonra etdiyi çıxışında dedi: «Mənə bu gün böyük etimad göstərdiyinə görə, Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm… Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm… Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək».

Daha sonra yaranmış vəziyyətin mürəkkəbliyini bir daha xatırladaraq Heydər Əliyev bildirdi: «Güman edirəm ki, hamılıqla bu vəziyyətdən çıxa biləcəyik. Sizin hamınızı bu yolda birliyə dəvət edirəm».

Heydər Əliyevin böyük qayıdışı xalqımıza nə verdi?

Ümummilli Liderin belə bir fikrini bir daha yada salmaq istərdim: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”.

Azərbaycan xalqı bu gün o xoşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən Ulu Öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik S.Hüseynovun rəhbərliyi altında başlanmış qiyam cəhdi və etiraz aksiyaları dinc yolla, qansız-qadasız aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Onun ardınca, 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına da Ulu Öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu. Simalda bədnam “Sadval” separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının qarşısı alındı.

1994-cü ilin oktyabrında yenə o vaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son qoymaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç oldu.

Ulu Öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara, gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”.

Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.

Ulu Öndərin söylədiyi bir fikir, “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır”– fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar kimi götürülməlidir. Bu fikri analoji olaraq XX əsrdə Azərbaycana rəhbərlik etmiş dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o şəxs deyil ki, Azərbaycanı müstəqil, azad, demokratik və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, bu məqsədlərə hansı vasitələrlə çatmağı, onu reallığa çevirməyi bacarır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində bu gün tam müstəqil, azad və demokratik Azərbaycan Respublikası qurulmuşdur.

Ulu Öndərin müdrik siyasəti və onun ölməz ideyaları nəticəsində Azərbaycan Respublikası dinamik inkişaf yoluna qədəm qoydu. “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr həyata keçirildi və əldə olunan nailiyyətləri ilə ölkəmiz bütün dünyanı heyran etdi. Azərbaycan qazının Avropa bazarlarına çıxarılacağı günə az qalır. «Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsi üzrə görülən işlərin icra göstəricisi artıq 92 faizə çatıb. Yeddi ölkənin — Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi və Avropa İttifaqının dəstək verdiyi «Cənub Qaz Dəhlizi”nin tam gücü ilə işə salınmasından sonra respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mövqeləri daha da güclənəcək və ölkəmizin maliyyə-iqtisadi qüdrəti daha da artacaq.

Son 17 ildə, 2003-2018-ci illərdə Azərbaycanın regionlarının inkişafı ilə əlaqədar olaraq üç Dövlət Proqramı icra olunub və dördüncü proqramın icrasına başlanılıb. Nəticədə ölkəmizdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Azərbaycanın iqtisadi uğurlarını Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, öz hesabatlarında qeyd edirlər. 2019-cu ildə Dünya Bankının verdiyi qiymətə görə, “biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerə, “ Doinq Bizness-2020” reytinqində 34-cü yerə layiq görülüb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir.

Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir.

Azərbaycanın valyuta ehtiyatları son 17 ildə 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar, 2010-cu ildə 28 milyard, 2017-ci ildə 40 milyard, 2019-cu ilin yekunlarına görə 51, 2020-ci ilin mart ayına isə 52 milyard dollara çatmışdır.

 

Azərbaycanda islahatların yeni mərhələsi və pandemiya dövrü:

Azərbaycan xalqı əldə edilən bütün bu nailiyyətlərə görə Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini vacib hesab edərək 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində bir daha ulu öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmiş, öz səsini YAP sədri İlham Heydər oğlu Əliyevə vermişdir. Bildiyiniz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsi başlamışdır. Bu islahatları yeni mərhələsinin başlandığını Azərbaycan prezidenti cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bəyan etmişdir. Keçən müddət ərzində Azərbaycan prezidentinin rəhbərliyi altında yeni təşkil olunmuş hökümət tərəfindən həmin islahatlar ardıcıl olaraq icra edilir.

2020-ci ilin yanvar ayının 7-də Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə yeni qorxunc virusun yayıldığını bildirərək Koronavirus-19 pandemiya elan etdi. Həmin dövrdən etibarən Covid-19 virusunun dünya üzrə sürətlə yayılması səbəbindən ölkələr arasında sərhədlər bağlandı, gəliş-gediş kəsildi, sanki yeni bir dövr,era başlandı. Eyni zamanda dünya bazarlarında neftin qiymətində kəskin eniş başladı, əvvəl bir barelə görə 40 ABŞ dollarına, daha sonra 20 ABŞ dollarına, hətta 2020-ci ilin aprelin 20-də isə xam neftin qiyməti sıfırın altına düşdü. Dünyanın bütün dövlətlərini bürüyən böhran Azərbaycandan da yan keçmədi. Lakin ümummilli lider Heydər Əliyevin parlaq zəkası və ölməz ideyaları əsasında formalaşmış siasi kursun layiqli davamşısı olan hazırkı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökümətin yeritdiyi ardıcıl, düzgün və çevik siyasət nəticəsində möhkəm və dayanaqlı iqtisadi bazaya malik olan Azərbaycan dövləti bu əsl müharibəyə bərabər olan vəziyyətdən çıxmaq imkanına qadir olduğunu sübut etdi. Son 3 ay ərzində dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz pandemiyanın mənfi təsirinin aradan qaldırılması istiqamətində nümunəvi ölkələrdən biri olmuşdur. Pandemiya dövründə Azərbaycan hakimiyyəti üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə atılan addımlara toxunan dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Pandemiya dövründə işsiz və işaxtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişlənərək 600 minə çatdırıldı. Artıq 600 min şəxsə 2020-ci ilin aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib. Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırdılar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Daha sonra ünvanlı sosial yardım alan ailələrin sayı 90-minə qədər, ictimai işə cəlb olunan ailələrin də sayı isə 70 minə qədər artırılıb.

Pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlər tək ölkə daxilini əhatə etmir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən 2020-ci ilin martın 23-də Azərbaycan Prezidentinə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

 

Azərbaycan iqtidarı müxalifətə yenə dialoq təklif edir:

1993-cü ildə indiki radikal müxalifət, ovaxtkı AXC-Müsavat iqtidarı Heydər Əliyev dühasına və ideyalarına məğlub oldu. Həmin məğlubiyyətin üstündən 27 il keçməsinə baxmayaraq hələ də onlar öz məğlubiyyətləri ilə barışmır, gecə-gündüz bu iqtidara qarşı şər-böhtan atmaqla onu xalqın və beynəlxalq aləmin gözündən salmağa cəhd edirlər. Bir sözlə, bu radikal müxalifət nümayəndələri heç bir vaxt real siyasətlə məşğul olmayıblar, real proqramlar və ümummilli problemlər barəsində digər milli qüvvələrlə bir stol arxasında oturaraq məsələ müzakirə etməyiblər və dövlət quruculuğu prosesinə qatılmayıblar.

Bildiyimiz kimi, Azərbaycanda 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlamışdır. Bu gün islahatlar ardıcıl olaraq icra edilir və həyatda öz əksini tapır. 2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söylədiyi nitqində 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu, altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis olduğunu, bir daha ölkədə bütün siyasi qüvvələrə və partiyalara dialoq təklif edildiyini, bir çox siyasi qüvvələrin seçkilərdə iştirak etdiyini, həmin siyasi qüvvələrin iştirak etdiyi seçkilərin nəticəsində çoxpartiyalı parlamentin formalaşdığını, Azərbaycanda demokratiyanın inkişafında önəmli addımlar atıldığını qeyd edib. Bildiyiniz kimi, həmin seçkilərdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluğa sahib olub, Azərbaycan prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə müxtəlif partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri də altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmuşlar. Bu günə qədər belə bir hal olmamışdı və əvvəlki çağırışlarda Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycan Prezidenti Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək, ümumi maraqlar naminə digər partiyalarla Yeni Azərbaycan partiyasının əməkdaşlığına ehtiyac olduğunu qeyd etmişdir.

 

TARİXİ QAYIDIŞ VƏ XALQIN QURTULUŞU

…“Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm… Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm… Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu fikri Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyununda Azərbaycan parlamentinin tarixi iclasında sədr seçildikdən sonra öz çıxışında səsləndirib.

1993-cü il 15 iyun tarixi müasir Azərbaycan Respublikasının tarixinə Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqı və dövləti həqiqətən də həmin gün xilaskar Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində parçalanmaq, vətəndaş müharibəsi, torpaqlarımızın daha böyük hissəsinin işğal olunması və s. kimi təhlükələrdən, bir sözlə, məhv olmaqdan xilas oldu və qurtuldu. Haqlı olaraq, 1997-ci ildən bayram kimi qeyd olunan həmin günə 1998-ci ildən dövlət statusu verilmişdir.

 

XALQ HEYDƏR ƏLİYEVİN YOLUNU ÇOXDAN GÖZLƏYİRDİ

Üstündən 27 il ötməsinə baxmayaraq, hələ indiyə qədər də 1993-cü il 4 iyun Gəncə hadisələrinə və Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı tarixinə ayrı-ayrı qələm sahibləri, iqtidaryönümlü siyasi partiyalar və radikal müxalifət nümayəndələri tərəfindən müxtəlif rakursdan baxılır və qiymətləndirilir. Bu günün özünə qədər də o vaxtkı AXC-Müsavat hakimiyyətinin mənsubları bu tarixi hadisənin əsl mahiyyətini ya başa düşmür, ya da qəsdən müxtəlif yanlış mövqelərdən izah etməklə öz məğlubiyyətlərinə haqq qazandırmağa, bu və ya digər üsul və vasitələrlə günahı başqalarının və yaxud da bir-birinin üzərinə atmaqla öz günahlarını ört-basdır etməyə, özlərini sudan quru çıxarmağa cəhd edirlər. Əsl həqiqətdə isə bu hadisələr o dövrdə ölkəmizdə olan anarxiyanın, başıpozuqluğun, hakimiyyətsizliyin, özbaşınalığın məntiqi nəticəsindən doğmuşdu.
Bu çox yanlış fikirdir ki, əgər Gəncə hadisələri baş verməsəydi, AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyəcəkdi. Xeyr, gec, ya tez o hakimiyyəti xalq özü ayağa qalxaraq silib-süpürüb atacaqdı… Ona görə ki, istər keçmiş partnomenklatura kommunistlərini və onların bərbad idarəçiliyini, istərsə də AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərliyini xalq qəbul etmirdi. Birinciləri, yəni Ə.Vəzirov və A.Mütəllibov komandasının üzvlərini xalq ona görə qəbul etmədi ki, onlar SSRİ dağılan ərəfədə dünyada gedən proseslərin mahiyyətini dərk etmirdilər. Bir tərəfdən SSRİ-nin sonuncu rəhbəri M.S.Qorbaçovun xeyir-duası ilə Dağlıq Qarabağ və ona bitişik torpaqlarımız Ermənistan Respublikası tərəfindən işğal olunurdu, onların gözü isə yenə də Moskvada idi və oradan buyruq gözləyirdilər.
1988-ci ildən sonra respublikamızda baş verən hadisələri qısaca olaraq bir daha xatırlasaq görərik ki, 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası keçmiş SSRİ-nin dağılması ərəfəsində öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi ərəfədə respublikamızda çox böyük çaxnaşmalar baş verdi, bu müstəqillik elə-belə ucuz başa gəlmədi. İlk öncə, 1988-ci ilin fevralından başlayaraq qonşu Ermənistan Respublikası tərəfindən keçmiş SSRİ rəhbəri M.S.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin himayəsi ilə Azərbaycanın qədim torpağı və tarixi ərazisi olan Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürməklə problemin başlanmasına rəvac verildi. Daha sonra Ermənistan Respublikasında yaşayan 250 mindən artıq azərbaycanlı tarixi Qərbi Azərbaycan torpaqları olan İrəvan və digər bölgələrdən qovulub çıxarıldı. Bununla da kifayətlənməyən düşmən dövlətlər və xarici qüvvələr müstəqilliyini bərpa etmək istəyən Azərbaycanı cəzalandırmaq, onu ayrı-ayrı hissələrə parçalamaq məqsədi ilə Sumqayıt, 20 Yanvar, Xocalı və s. kimi yeni-yeni düşünülmüş ssenarilər əsasında hadisələr törədərək Azərbaycanın daxilində tam ictimai-siyasi, iqtisadi və hərbi böhran şəraiti yaratdılar. Vəziyyəti xüsusilə təhlükəli edən səbəblərdən biri də bu idi ki, həmin dövrdə nə ölkəyə rəhbərlik edən Ə.Vəzirov, A.Mütəllibov, E.Qafarova kimi yerli sovet və kommunist rəhbərləri, nə də yenicə siyasi meydana çıxmış və hakimiyyətə can atan Xalq Cəbhəsi fəalları birləşərək ölkəni bu vəziyyətdən qurtara bilmədilər. Xocalı faciəsi (1992-ci il fevralın 26-sı) baş verdikdən və Şuşa şəhəri işğal olunduqdan (1992-ci il 8 may) sonra Ayaz Mütəllibovun rəhbərlik etdiyi keçmiş sovet kommunist rəhbərliyinin hakimiyyətinə son qoyuldu. İqtidara müstəqillik tərəfdarı olduqlarını bəyan edən, lakin heç bir idarəçilik təcrübələri olmayan Xalq Cəbhəsi fəalları gəldikdən sonra vəziyyət daha da ağırlaşdı. Qısa müddət ərzində AXC-Müsavat iqtidarının səriştəsiz kadr siyasəti, iqtisadiyyat və xarici siyasət və bir çox başqa sahələrdə yol verdikləri səhvlər nəticəsində Azərbaycanda tam şəkildə hakimiyyət boşluğu, anarxiya və özbaşınalıq yarandı.
Artıq Xocalı hadisələrindən sonra xalq yaxşı dərk edirdi ki, Azərbaycanı bu ağır bəlalardan xilas etmək üçün yeganə bir şəxsiyyət — dünya şöhrətli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev hakimiyyətə gəlməlidir. Məhz belə bir vaxtda, yəni ölkə tam mənəvi, siyasi, iqtisadi və hərbi böhran vəziyyətində olduğu bir zamanda Gəncədə 1993-cü ilin 4 iyun hadisələri baş verdi, ölkədə mitinqlər başlandı, döyüş bölgələrindəki silahlı qüvvələr geri çağırıldı. Vəziyyəti düzəltmək üçün Gəncəyə ezam edilmiş Prezident Aparatının o vaxtkı ərazi orqanları ilə iş üzrə şöbə müdiri və dövlət müşaviri olan Arif Hacıyev isə AXC İK-nın bəyanatını səhv adlandırdı. Söz yox ki, Arif Hacıyev tərəfindən verilən bu açıqlama hakimiyyət daxilində ayrı-ayrı qruplaşmaların olmasından xəbər verir, hakimiyyətdaxili qarşıdurmanı kəskinləşdirməyə xidmət edirdi. Belə də oldu. Beləliklə, hakimiyyətdaxili düşmənçiliyin məntiqi nəticəsi olaraq 1993-cü il 4 iyun hadisələri baş verdi. Ona görə də 1993-cü ilin iyun hadisələrinin baş verməsinə görə o vaxtkı hakimiyyəti idarə edənlər də Surət Hüseynovun dəstəsi ilə bərabər şəkildə məsuliyyət daşıyırdılar. Beləliklə, ölkədə siyasi böhranın günbəgün dərinləşdiyi, Dağlıq Qarabağdan əlavə, ətraf rayonların, o cümlədən Kəlbəcərin işğalından bir az sonra Gəncədə polkovnik S.Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd olundu və hərbi qiyam başlandı. AXC-Müsavat iqtidarı şok vəziyyətində idi. Hadisələrin sürətlə cərəyan etməsi fonunda dövlət orqanlarının çaş-baş qalması, AXC rəhbərliyinin isə ümumiyyətlə, iflic vəziyyətdən çıxa bilməməsi qabarıq şəkildə özünü büruzə verirdi. DİN və AXC informasiya mərkəzinin yaydığı məlumatlarda vəziyyət reallığa uyğun qiymətləndirilmir, hadisələrə görə bütün cavabdehlik S.Hüseynovun üzərinə atılırdı.
1993-cü il iyunun 5-də xalqa müraciətində sabiq prezident Əbülfəz Elçibəy gəncləri səbirli olmağa və vətəndaş sülhünü bərpa etməyə çağırırdı. Bununla da ən yüksək səviyyədə etiraf olunurdu ki, ölkədə vətəndaş qarşıdurması mövcuddur. Hadisələrin qarşısını almaq gücündə olmayan AXC-Müsavat iqtidarı 2 gün sonra, iyunun 7-də Prezident Aparatında (PA) müşavirə keçirmək qərarına gəldi. Lakin bu müşavirə nəinki vəziyyəti düzəltdi, əksinə onu daha da ağırlaşdırdı. Həmin müşavirədə Müsavat partiyasının hazırkı sədri Arif Hacılı Gəncənin bombalanması kimi “dahiyanə” təkliflə çıxış etmişdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin nitqindəki qarmaqarışıqlıq da hakimiyyətin düşdüyü çaşqınlığı əyani şəkildə göstərirdi. Orada verilən təkliflərin də heç biri ağlabatan deyildi. Müdafiə naziri D.Rzayevin məsələyə aydınlıq gətirmək cəhdi, daxili işlər naziri A.Abdullayevin nitqinin son ümidləri alt-üst etməsi F.Hacıyev kimi avantüristlərin məsuliyyətsiz fikirlər söyləməsinə şərait yaradırdı. O, həmin vaxt müşavirədə belə demişdi: “Bu gündən etibarən konkret hərbi qüvvələrə icazə verilsin ki, Gəncə şəhərindən əhalinin çıxarılmasına və orada hərbi əməliyyatın keçirilməsinə imkan verilsin”.
Bir qədər əvvəl müxalifətə müraciətdə “biz tank üstündə hakimiyyətə gəlmişik, bacarırsınız, siz də gəlin”, — deyən spiker İsa Qəmbərin kresloda düşdüyü ağır durum da göz qabağında idi.
Sonrakı günlərdə, iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslar ölkənin hansı vəziyyətə salındığını, AXC -Müsavat hakimiyyətinin mahiyyətini bütün qabarıqlığı ilə göstərdi. Qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj — bu iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətə gəldiyini ortaya qoydu.
Həmin vaxt ölkədə digər bir siyasi qüvvə isə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Etibar Məmmədov və onun tərəfdarları idi. Hadisələrin qızğın çağında AMİP də AXC-Müsavat hakimiyyətini müdafiə etmədi. AMİP sədri Etibar Məmmədov belə demişdi: “… İsa bəy, sizin əliniz qana batıb! Ona görə də bu qanı boynunuzdan atmaq istəyirsiniz”. İ.Qəmbər isə ona belə cavab vermişdi: “Etibar bəy, 709-cu briqadanın müdafiə nazirinə tabe olmamasında sizin də əliniz var. Qardaş qırğınına səbəb olan şəxslərdən, görünür, biri də sizsiniz və qardaş qırğınını vətəndaş müharibəsinə çevirmək cəhdi də sizin çıxışlarınızdan açıq-aydın görünür”.
E.Məmmədov bir daha onun fikrinə belə reaksiya vermişdi: “İsa bəy, həyasızcasına yenə bu işi davam etdirirsiniz, bəsdir də! Nə qədər olar bu milləti dolamaq!”
O vaxtkı iqtidar onlara qarşı müxalifətdə olan digər şəxslərə, o cümlədən də Rəhim Qazıyev, Nemət Pənahlı və başqalarına da kömək barədə müraciət etmişdi. Lakin onların düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün uzatdığı əlləri havada qaldı və öz keçmiş hərəkat yoldaşları tərəfindən heç bir kömək olunmadı.
Bu deyilənlər parlamentdə nələrin baş verdiyini açıq-aydın göstərirdi. Ölkədə faktiki ikinci şəxs hesab olunan parlamentin sədri İ.Qəmbərin baş verənlərin ictimaiyyətin diqqətinə çatdırılmasını əngəlləmək istəməsi isə AXC-Müsavat iqtidarının öz hakimiyyətini qoruyub-saxlamaq cəhdi idi. Spiker nəinki MM-in sessiyasını televiziya vasitəsilə yayımlanmasını əngəlləyirdi, hətta Gəncədən qayıtmış ağsaqqallardan ibarət komissiyanın MM-ə gəlib açıqlama verməsinin qarşısını alırdı.
Dövlət müşaviri Arif Hacıyev belə bəhanə gətirirdi ki, guya “Komissiya üzvləri bildiriblər ki, həmin adamlar (MM qarşısında piket keçirənlər — Q.Ə.) oradan getsinlər, sonra biz gəlib iştirak edək”.
Gəncə kimi qarşıdurma olan yerə getməkdən qorxmayan şəxslər indi MM-in qarşısındakı piketdən qorxurdular. Məsələyə aydınlıq gətirən komissiya üzvü, vaxtilə Azərbaycan Respublikasının rəhbəri olmuş İmam Mustafayev deyirdi: “Prezident 5 saat bizi öz otağında saxladı. Beş saatda bizim xəbərimiz yox idi ki, Milli Məclis bizi gözləyir. Burada da xəbər yayıblar ki, guya biz qorxuruq bura gəlməyə”.
Parlamentin sessiyasındakı maraqlı məqamlar bununla yekunlaşmır. Artıq iyunun 8-də MM bəzi qərarları qəbul etməyə müvəffəq olur. Lakin iyunun 9-da AXC İK-nın sədri F.Quliyev söz alaraq çox maraqlı bəyanat verir. Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərk-silah olunmasını və S.Hüseynovun saxladığı girovların buraxılmasını tələb kimi parlamentin qarşısına qoyan F.Quliyev deputatların girov götürüləcəyini və onların binadan çıxmasına imkan verilməyəcəyini bəyan edir. Beləliklə, AXC-Müsavat hakimiyyəti sınaqdan keçmiş metoda əl ataraq 15 may 1992-ci ildə Ayaz Mütəllibovun devrilməsi zamanı baş verən hadisələri təkrarlamaq istəyirdi. Ancaq zaman o zaman deyildi.
AXC-Müsavat iqtidarının hakimiyyəti tam itirdiyi göz qabağında idi. İş o yerə çatmışdı ki, hətta prezident Əbülfəz Elçibəyin Gəncəyə göndərdiyi dövlət komissiyasının üzvləri Fərəməz Maqsudov və Sabir Rüstəmxanlı da xüsusi azğınlıqla təhqir olunmuşdular və gecəyarı zalı tərk edərkən fiziki təzyiqə məruz qalaraq döyülmüşdülər.
Belə bir zamanda hakimiyyətə gəldiyi ilk dövrlərdə ölkədəki digər siyasi qüvvələrə qarşı qərəzli mövqe tutan, onlarla güc dili ilə danışan AXC-Müsavat cütlüyü vəziyyətin idarəolunmaz dərəcəyə gəlib çıxdığını görərək müxalifətə üz tutmağa, nüfuzlu şəxslərdən kömək ummağa başladı və əsasən iki qüvvəyə — Yeni Azərbaycan Partiyasının (YAP) Sədri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə və AMİP sədri Etibar Məmmədova müraciət etdi. Lakin E.Məmmədovun kifayət qədər o vaxtkı hakimiyyətə qarşı daha radikal və barışmaz olduğunu anlayan hakimiyyət nümayəndələri Heydər Əliyevlə əməkdaşlıq etmək qərarını verdilər. Ancaq bu yerdə də Xalq Cəbhəsi-Müsavat hakimiyyəti öz maraqlarına uyğun siyasət yürütməyə başladı. Sonrakı günlərdə də — 1993-cü il iyunun 8-9-da Milli Məclisdə keçirilən iclaslarda ölkənin hansı vəziyyətə salındığı, AXC-Müsavat hakimiyyətinin ölkəni idarə etmək iqtidarında olmadığı bütün qabarıqlığı ilə görsənirdi. Bu iclasların ana xəttini qarşılıqlı ittihamlar, söyüş, hədə-qorxu, şantaj və s. təşkil edirdi. Bütün bunlar həm də o vaxtkı iqtidarın hansı vasitələrdən istifadə edərək hakimiyyətdə qalmaq istədiyini ortaya qoyurdu. Artıq 1993-cü il iyunun 8-də Milli Məclis bəzi qərarları qəbul etməyə müvəffəq olsa da, Gəncədəki qeyri-qanuni silahlı dəstələrin tərk-silah olunmasına və S.Hüseynovun saxladığı girovların buraxılmasına nail ola bilmədi. Yalnız və yalnız bir şəxsiyyət, Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyev heç bir şəxsi ambisiya güdmədən ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün o vaxtkı prezident Əbülfəz Elçibəyin çağırışına müsbət cavab verdi.
Ümumiyyətlə, Heydər Əliyev Moskvadan Bakıya qayıtdıqdan və Azərbaycan Ali Sovetinin deputatı və Naxçıvan Ali Məclisinin Sədri seçildikdən, Yeni Azərbaycan Partiyasını yaratdıqdan sonra etdiyi bütün çıxışlarında O, həmişə iqtidarla konstruktiv əməkdaşlığa hazır olduğunu bəyan etmişdi. 1992-ci il oktyabrın 24-də “Səs” qəzetində çap olunmuş “91-lərin müraciətinə verdiyi cavabda” da Heydər Əliyev bütün sağlam qüvvələri vahid dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna töhfə verməyə çağırmışdı. Həmin dövrdə də Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanın fəlakətinə biganə qala bilməzdi. Məhz bu amil Onun 1993-cü ilin iyunun 9-da qəti qərar qəbul edərək Bakıya gəlməsini şərtləndirdi.
Ümummilli Lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanı bu və buna bənzər saysız-hesabsız fəlakətlərdən qurtarmaq idi. Beləliklə, Azərbaycanın qurtuluşuna səbəb olan bir möhtəşəm addım atıldı.
Lakin dahi siyasətçi kimi Heydər Əliyev AXC-Müsavat cütlüyünün bu cür “yumşalmasının” arxasında nəyin dayandığını da yaxşı başa düşürdü. O bilirdi ki, AXC-Müsavat hakimiyyətinin əsas məqsədi heç də ölkəni çətin vəziyyətdən çıxarmaq yox, hakimiyyət kürsüsünü qoruyub saxlamaqdır. Ona görə də həmin dövrdə hakimiyyət nümayəndələri və hakimiyyətə can atan digər qüvvələr tərəfindən Ona qarşı hansısa yeni-yeni sürprizlər hazırlana biləcəyini də unutmurdu. Beləliklə, bir tərəfdən Dağlıq Qarabağ problemi ilə əlaqədar torpaqları işğal olunmaqda olan, Yanvar, Xocalı yaraları sağalmamış, digər tərəfdən də vətəndaş müharibəsi ərəfəsində olan Azərbaycan Heydər Əliyevin yolunu gözləyirdi. Xalqın böyük əksəriyyətinin “milli xilas günü”, “milli qurtuluş günü”, “Böyük qayıdış” və s. adlandırdığı həmin tarixi gün belə baş tutdu.

 

XİLASKAR HEYDƏR ƏLİYEV TARİXİ MİSSİYASINI YERİNƏ YETİRMƏK ÜÇÜN BAKIYA GƏLDİ

1993-cü il iyunun 9-u saat 15:00-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə Hava Limanında yerə endi. O, Bakıya gəldiyi ilk saatlardan yaranmış ağır vəziyyətlə əlaqədar bir an vaxt itirmədən fəal şəkildə müxtəlif səviyyəli görüşlər keçirərək real vəziyyəti araşdırdı. Əvvəlcə prezident Ə.Elçibəylə ilk məsləhətləşmələr apardıqdan sonra Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında elm xadimləri, tanınmış ziyalılarla görüşdü. Həmin görüşdə Heydər Əliyev bildirdi ki, O, Bakıya respublika prezidenti Ə.Elçibəyin təkidli xahişi ilə gəlib və yaranmış vəziyyətdən ağılla çıxmağın yollarını arayır. O, ölkənin ağır vəziyyətində bütün imkanlarından istifadə edəcəyinə və hamını bir araya gətirəcəyinə söz verdi və qətiyyətlə bildirdi: “…Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına daim xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kəsin şübhəsi olmasın. İkincisi, mən heç vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım daxilində yol verməyəcəyəm və Sovetlər İttifaqı bir daha bərpa oluna bilməz”.
Bu fikri ilə Heydər Əliyev vaxtilə Sovetlər İttifaqının başında duran şəxslərdən biri kimi imperiyanın bərpasına çalışan qüvvələrə qəti sözünü dedi və Bakıya qayıdışının məqsəd və məramını açıqlamış oldu. Heydər Əliyev AEA-da çıxışı zamanı iyunun 9-da bəzi deputatların döyülməsinə etirazını bildirdi və belə hadisələrin nə Milli Məclisə, nə də hakimiyyətdə olan qüvvələrə hörmət gətirməyəcəyini qeyd etdi: “Həyatda, cəmiyyətdə heç bir xidməti olmayan adam böyük iddialarla gəlib Azərbaycanın müstəqilliyini yalnız onun qoruduğunu, Azərbaycanın müstəqilliyinin sahibinin yalnız onun olduğunu, Azərbaycanın müstəqilliyinin monopoliyasının yalnız onun əlində olduğunu deyərək alimə hörmətsizlik edirsə, bu dəhşətdir”.
1993-cü il iyunun 13-də Milli Məclisin növbədənkənar iclası keçirildi. Bir gün əvvəl isə televiziya vasitəsilə elan olunmuşdu ki, parlamentdə MM-in sədri İ.Qəmbərin istefası məsələsi müzakirə olunacaq. Artıq İsa Qəmbərin istefası bir zərurət kimi ortaya çıxmışdı. AXC-Müsavat iqtidarının ikinci adamının istefasını vətəndaş müharibəsi təhlükəsindən yan keçmək istəyən hakimiyyət nümayəndələri də razılıqla qarşılayırdı. İyunun 13-də keçirilən iclasın əvvəlində vaxt itirilmədən və geniş müzakirə açılmadan İsa Qəmbərin istefası qəbul edildi. Sonra MM-in iclasında Ali Sovetin yeni sədrinin seçilməsi məsələsi gündəliyə qoyuldu. Bu vəzifəyə kimin seçiləcəyi də aydın idi — hamı Heydər Əliyevin seçilməsini səbirsizliklə gözləyirdi. Bu vəzifəyə təkcə Heydər Əliyevin namizədliyi qoyulmuşdu.
Heydər Əliyev isə bu məsələnin hələ müzakirəyə çıxarılmamasını xahiş edərək Gəncədəki vəziyyətlə tanış olmadığını və məsələni birbaşa yerindəcə aydınlaşdırmaq üçün ora getmək istədiyini bildirdi. Heydər Əliyevin bu addımı mövcud iqtidarın buraxdığı səhvlər nəticəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki vəziyyətlə yerindəcə tanış olmadan, S.Hüseynovun məqsədini aydınlaşdırmadan hər hansısa real addımlar atmaq olduqca çətin idi. Beləliklə, iyunun 13-də axşam saat 6-da Heydər Əliyev, o cümlədən müxtəlif xarici və yerli KİV nümayəndələri Gəncəyə yola düşdülər.
Səfər gözlənildiyi kimi, olduqca çətin şəraitdə həyata keçirildi. Qrup Gəncəyə gecə saat 12 radələrində çatdı. Ancaq gözlənildiyinin əksinə olaraq şəhərdə tam sakitliyin olduğu üzə çıxdı və qadağan saatını həyata keçirən əsgərlər onların hərəkətinə heç bir maneə törətmədilər.
1993-cü il iyunun 14-ü səhər saat 8:00-da Heydər Əliyevlə S.Hüseynov arasında gecədən başlamış danışıqlar davam etdirildi. Heydər Əliyev həlak olanlarla əlaqədar gəncəlilərə başsağlığı verdi və bildirdi: “İndiyədək olduğu kimi, bundan sonra da Gəncədə baş vermiş hadisələrin yalnız ədalət prinsipi ilə araşdırılması, günahkarların müəyyənləşdirilməsi, qardaş qanı tökülməsində iştirak edənlərin, onun təşkilatçılarının qanun qarşısında cavab verməsi üçün bütün tədbirlər görüləcək”.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Gəncəyə səfəri ilə əlaqədar təxirə salınmış MM-in fövqəladə iclası davam etdirildi. Yuxarıda qeyd olunduğu kimi, iclasın gündəliyində yalnız bir məsələ — istefa vermiş İsa Qəmbərin yerinə Ali Sovetin sədrinin seçilməsi qoyulmuşdu. Lakin elə ilk andan Ali Sovet sədrinin müavini Tamerlan Qarayev bu məsələnin müzakirəyə çıxarılmasını əngəlləməyə başladı. Onun təklifinə görə, ilk öncə respublikada yaranmış vəziyyətlə əlaqədar güc nazirlərinin məlumatlarının dinlənilməsi, son günlər yaranmış ictimai-siyasi vəziyyət və ondan çıxış yolları, Heydər Əliyevin Gəncə səfəri və onun S.Hüseynovla apardığı danışıqlar, eləcə də digər məsələlər müzakirə olunmalı idi. Hamıya aydın idi ki, Tamerlan Qarayev Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinə mane olmaq istəyir. Heydər Əliyevin bu məsələyə münasibəti kəskin oldu. O bildirdi ki, Gəncəyə gedib topladığı məlumatları söyləyəcəyini kimsəyə söz verməyib, iyunun 13-dəki iclas isə onun xahişi ilə təxirə salınıb. Yəni əgər bu xahiş olmasaydı, gündəlikdə duran əsas məsələ elə iyunun 13-də də reallaşacaqdı.
Arqumentlərin tutarlılığına baxmayaraq, T.Qarayev bildirirdi ki, İ.Qəmbərin istefası ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı olan məsələdir. Buna görə də əvvəlcə bu məsələlər müzakirə olunmalı, sonra isə sədrin seçilməsi məsələsi gündəliyə qoyulmalıdır. Bunun üçün o bildirdi ki, Heydər Əliyev S.Hüseynovla apardığı danışıqlar barədə məlumat verməlidir. Heydər Əliyev isə haqlı olaraq qeyd etdi ki, gərginlik yarandığı dövrdən kimsə ora getməyib və bütün bu dövr ərzində burada oturub məsələni müzakirə ediblər. Axı Ali Sovetdə oturub hansı çıxış yollarını müzakirə etmək olardı?
Heydər Əliyev bu yolların çox olduğunu bildirərək müzakirə etməyin yox, tədbir görməyin vaxtı olduğunu bildirdi. Tədbirləri isə səsvermə yolu ilə görmək olmaz. Bunu yalnız səlahiyyətli adamlar görə bilər. Yəni əgər AXC-Müsavat iqtidarı Heydər Əliyevi köməyə çağırıbsa, lakin bunun üçün ona heç bir səlahiyyət vermirsə, hansı köməkdən söhbət gedə bilər və Heydər Əliyev səlahiyyəti olmadığı halda onlara necə kömək edə bilər?
Arqumentlərin əsaslı olduğunu hamı başa düşürdü. Heydər Əliyev son dərəcə hiddətlənmiş halda dedi: “Vaxt qalmayıb, siz Ali Sovetin rəhbərisiniz. Ayın 4-də hadisələr olub. Niyə getməmisiniz ora? Kim sizin qabağınızı alıbdır?.. Siz indi mənə deyirsiniz ki, siz təklif etdiniz ki, mənimlə bir başqa qrup da getsin. Hər bir qrup gedə bilərdi, o cümlədən siz də, Ali Sovetin sədri də və başqa adamlar da gedə bilərdi. Kim sizin qabağınızı almışdı?.. Gəncə hadisələri… Ondan çıxış yolları burada, bu gün müzakirə oluna bilməz. Birinci ona görə ki, deputat-istintaq komissiyası işləyir, bu işi o aparmalıdır. İkincisi, bu məsələ geniş müzakirə oluna bilməz. Bu məsələdən indi çıxış yollarını tapmaq lazımdır, onu da müəyyən bir qrup səlahiyyətli adam apara bilər. Ona görə də siz məni bu məsələlərə çəkməyin. Siz istəyirsiniz, neçə dənə təklifə səs verə bilərsiniz. Ancaq bilin ki, mən bu işlərə qarışmayacağam”. Nəhayət, T.Qarayevin oyunbazlığından təngə gələn prezident Əbülfəz Elçibəy də dilə gəlib həqiqətən də, Heydər Əliyevin onun xahişi ilə Bakıya gəldiyini və köməklik göstərmək üçün Ona səlahiyyətlərin verilməsinin zəruri olduğunu bildirdi. Ə.Elçibəy yaxşı başa düşürdü ki, Heydər Əliyevin yüksək səviyyədə bu məsələyə müdaxiləsi olmasa, Azərbaycanda vətəndaş qırğınının qarşısını almaq mümkün olmayacaq. Heydər Əliyevə səlahiyyət vermədən ondan nə isə istəmək də mümkün deyildi. Axı heç bir səlahiyyəti olmayan Heydər Əliyev nə edə bilərdi?
T.Qarayev son addımı atdı — o, bilə-bilə ki, yeganə namizəd Heydər Əliyevdir, alternativ variantları da irəli sürməyə imkan yaratdı. Ancaq kim Heydər Əliyevin alternativi ola bilərdi? Beləliklə, Heydər Əliyevin namizədliyi irəli sürüldü və böyük əksəriyyətin səs çoxluğu ilə (lehinə 34 nəfər, əleyhinə 3 nəfər, bitərəf 1 nəfər, səs vermədi 1 nəfər, iştirak edirdi 39 nəfər) Azərbaycan parlamentinin sədri seçildi. Uğursuzluqdan məyus olan T.Qarayev iclası davam etdirə bilməyib zaldan çıxmağa məcbur oldu.

 

HEYDƏR ƏLİYEVİN BÖYÜK QAYIDIŞI XALQIMIZA NƏ VERDİ?

Ümummilli Liderin belə bir fikrini bir daha yada salmaq istərdim: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”.
Azərbaycan xalqı bu gün o xoşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən Ulu Öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik S.Hüseynovun rəhbərliyi altında başlanmış qiyam cəhdi və etiraz aksiyaları dinc yolla, qansız-qadasız aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Onun ardınca, 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına da Ulu Öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu. Şimalda bədnam “Sadval” separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının qarşısı alındı.
1994-cü ilin oktyabrında yenə o vaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz Onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son qoymaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç oldu.
Ulu Öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara, gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.
Ulu Öndərin söylədiyi “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır”- fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar kimi götürülməlidir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində bu gün tam müstəqil, azad və demokratik Azərbaycan Respublikası qurulmuşdur.
Ulu Öndərin müdrik siyasəti və Onun ölməz ideyaları nəticəsində Azərbaycan Respublikası dinamik inkişaf yoluna qədəm qoydu. “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr həyata keçirildi və əldə olunan nailiyyətləri ilə ölkəmiz bütün dünyanı heyran etdi. Azərbaycan qazının Avropa bazarlarına çıxarılacağı günə az qalır. “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsi üzrə görülən işlərin icra göstəricisi artıq 92 faizə çatıb. Yeddi ölkənin — Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi və Avropa İttifaqının dəstək verdiyi “Cənub Qaz Dəhlizi”nin tam gücü ilə işə salınmasından sonra respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mövqeləri daha da güclənəcək və ölkəmizin maliyyə-iqtisadi qüdrəti daha da artacaq.
Son 17 ildə, 2003-2018-ci illərdə Azərbaycanın regionlarının inkişafı ilə əlaqədar olaraq üç Dövlət Proqramı icra olunub və dördüncü proqramın icrasına başlanılıb. Nəticədə ölkəmizdə Ümumi Daxili Məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, qeyri-neft sənayesi 2,6 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Azərbaycanın iqtisadi uğurlarını Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, öz hesabatlarında qeyd edirlər. 2019-cu ildə Dünya Bankının verdiyi qiymətə görə, “biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerə, “ Doing Business-2020” reytinqində 34-cü yerə layiq görülüb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir.
Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir.
Azərbaycanın valyuta ehtiyatları son 17 ildə 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar, 2010-cu ildə 28 milyard, 2017-ci ildə 40 milyard, 2019-cu ilin yekunlarına görə 51, 2020-ci ilin mart ayına isə 52 milyard dollara çatmışdır.

 

AZƏRBAYCANDA İSLAHATLARIN YENİ MƏRHƏLƏSİ VƏ PANDEMİYA DÖVRÜ:

Azərbaycan xalqı əldə edilən bütün bu nailiyyətlərə görə Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini vacib hesab edərək 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində bir daha Ulu Öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmiş, öz səsini YAP Sədri İlham Heydər oğlu Əliyevə vermişdir. Bildiyiniz kimi, 2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsi başlamışdır. Bu islahatları yeni mərhələsinin başlandığını Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bəyan etmişdir. Keçən müddət ərzində Azərbaycan prezidentinin rəhbərliyi altında yeni təşkil olunmuş hökumət tərəfindən həmin islahatlar ardıcıl olaraq icra edilir.
2020-ci ilin yanvar ayının 7-də Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə yeni qorxunc virusun yayıldığını bildirərək koronavirusu pandemiya elan etdi. Həmin dövrdən etibarən COVİD-19 virusunun dünya üzrə sürətlə yayılması səbəbindən ölkələr arasında sərhədlər bağlandı, gəliş-gediş kəsildi, sanki yeni bir dövr, era başlandı. Eyni zamanda dünya bazarlarında neftin qiymətində kəskin eniş başladı, əvvəl bir barelə görə 40 ABŞ dollarına, daha sonra 20 ABŞ dollarına, hətta 2020-ci ilin aprelin 20-də isə xam neftin qiyməti sıfırın altına düşdü.Dünyanın bütün dövlətlərini bürüyən böhran Azərbaycandan da yan keçmədi.

Lakin Ümummilli Lider Heydər Əliyevin parlaq zəkası və ölməz ideyaları əsasında formalaşmış siyasi kursun layiqli davamşısı olan hazırkı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin yeritdiyi ardıcıl, düzgün və çevik siyasət nəticəsində möhkəm və dayanıqlı iqtisadi bazaya malik olan Azərbaycan dövləti bu əsl müharibəyə bərabər olan vəziyyətdən çıxmaq imkanına qadir olduğunu sübut etdi. Son 3 ay ərzində dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz pandemiyanın mənfi təsirinin aradan qaldırılması istiqamətində nümunəvi ölkələrdən biri olmuşdur. Pandemiya dövründə Azərbaycan hakimiyyəti üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə atılan addımlara toxunan dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
Pandemiya dövründə işsiz və işaxtaran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişlənərək 600 minə çatdırıldı. Artıq 600 min şəxsə 2020-ci ilin aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib. Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırdılar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Daha sonra ünvanlı sosial yardım alan ailələrin sayı 90 minə qədər, ictimai işə cəlb olunan ailələrin də sayı isə 70 minə qədər artırılıb.
Pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlər tək ölkə daxilini əhatə etmir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən 2020-ci ilin martın 23-də Azərbaycan Prezidentinə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

 

AZƏRBAYCAN İQTİDARI MÜXALİFƏTƏ YENƏ DİALOQ TƏKLİF EDİR:

1993-cü ildə indiki radikal müxalifət, o vaxtkı AXC-Müsavat iqtidarı Heydər Əliyev dühasına və ideyalarına məğlub oldu. Həmin məğlubiyyətin üstündən 27 il keçməsinə baxmayaraq, hələ də onlar öz məğlubiyyətləri ilə barışmır, gecə-gündüz bu iqtidara qarşı şər-böhtan atmaqla onu xalqın və beynəlxalq aləmin gözündən salmağa cəhd edirlər. Bir sözlə, bu radikal müxalifət nümayəndələri heç bir vaxt real siyasətlə məşğul olmayıblar, real proqramlar və ümummilli problemlər barəsində digər milli qüvvələrlə bir masa arxasında oturaraq məsələ müzakirə etməyiblər və dövlət quruculuğu prosesinə qatılmayıblar.
Eyni zamanda, ölkəmizdə dərin islahatlar prosesinə start verilmiş, rüşvətxorluğa və korrupsiyaya qarşı amansız cəbhə açılmışdır. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, Baş Prokurorluqda, Ali Məhkəmədə, digər mərkəzi və yerli hakimiyyət orqanlarında struktur və kadr islahatları aparılmış və bu proses davam etdirilməkdədir. Prezident Administrasiyasının yeni yaradılmış siyasi partiyalar və qanunvericilik hakimiyyəti orqanları ilə iş şöbəsinin vasitəsilə son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirilmiş, prezidentə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilmişdir. Bütövlükdə, cəmiyyət radikalizmdən və qarşıdurmadan bezib. Xalqın yeni siyasət barədə ilkin rəyi müsbətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev belə hesab edir və əmindir ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar da mütləq aparılmalıdır. Prezidentin fikrincə, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz, bir partiya — hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoyulmadan həyata keçirilir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, 1993-cü ildə hakimiyyətini itirən AXC-Müsavat nümayəndələri bu gün yenə də islahatlar prosesindən kənarda qalaraq bu görüşlərdən və dialoqdan imtina etdi. Bununla da onlar bir daha özlərini tarixi proseslərdən və yeni mərhələdə siyasi, iqtisadi, dövlət quruculuğu proseslərindən kənarda qoymuş oldular.
Lakin Azərbaycan dövləti və xalqı müstəqillik yolu ilə, iqtisadi inkişaf, tərəqqi və sabitlik yolu ilə qətiyyətlə irəliləyir. Bütün bu uğurların və qələbələrin təməlində, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin ölməz dövlətçilik və müstəqillik ideyaları dayanır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, biz bu suverenliyi qoruyuruq və daim göz bəbəyi kimi qoruyacağıq.

 

 

 

НОВОСТНАЯ ЛЕНТА