Время в Баку - 06:08

САМОЕ ЧИТАЕМОЕ

Ümummilli lider Heydər Əliyevin mədəni irsin qorunmasında rolu


Vəfa Quliyeva

 Tarix elmləri doktoru

 

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə malik olan bir xalqdır. Bu tarixi yaddaş əsrlərdən bəri qorunub saxlanmış memarlıq abidələrində yaşayır, xalqın, millətin mənəviyyatını özündə əks etdirir. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Bunlardan biri  tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhərdir.

Bakının qoynunda, möhtəşəm qala divarları əhatəsində yerləşən, açıq səma altında bir muzey kimi fəaliyyət göstərən İçərişəhər qədim və orta əsrlər dövrünə aid memarlıq abidələri ilə zəngindir.

İçərişəhərqədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Onun ərazisinin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar sarayı kompleksi, Bakı xanlarının yenicə bərpa-restavrasiya olmuş igamətgahı, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.

Bu gün İçərişəhər ictimaiyyətin diqqətini daha çox cəlb edir. Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunmasına diqqət artmışdır. O cümlədən, İçərişəhərin muhafizəsi, bərpası ilə bağlı daha ciddi tədbirlər həyata keçirilməyə başlandı. Lakin bəlkə də bir çoxları bilmir ki bu diqqətin tarixçəsi 70-80-ci illərə təsadüf edir.  Hələ o zaman ulu öndər, ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirir və vacib amil hesab edirdi.

70-80-ci illərdə respublikada bu istiqamətdə böyük, sistemli işlər aparılırdı. Tarixi abidələrdə məqsədli surətdə diyarşünaslıq muzeyləri, rəssamlıq sərgiləri, kitabxanalar yerləşdirilirdi. Məhz o dövrdə İçərişəhər, Ordubadın, Şuşanın tarixi hissələri tarix-memarlıq qoruqları elan olundu, İsmayıllının Lahıc kəndi, Qəbələnin qədim şəhər yeri tarix-mədəniyyət qoruqlarına çevrildi. Respublika rəhbərliyinin bu istiqamətin ictimai-sosial həyatda prioritet təşkil etdiyini bir sıra qərarların işlənib hazırlanması və müzakirəsi sübut edir. Əsas istiqamət olaraq tarixi qoruqların maddi bazasının möhkəmlənməsi və bərpa işlərinin genişləndirilməsi seçilmişdir.

O dövrün sənədlərində xüsusi yer İçərişəhərə ayrılırdı. Əsas məqsəd əsrlərlə formalaşan tarixi məkanın, bir qədim şəhərsalma nümunəsi kimi, qorunub, saxlanması və olduğu kimi gələcək nəsillərə çatdırılması idi. Bununla belə müasir yaşayış məskəni kimi qalması məqsədilə burada yaşayan insanlar üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilirdi.

Bunlardan biri 1981-ci ildə “İçərişəhər tarix-memarlıq qoruğunun bərpası və regenerasiyası işlərinin sürətləndirilməsi tədbirləri haqqında” qərar layihəsi idi. Layihənin meydana gəlməsinin əsas səbəblərindən biri də burada yerləşən memarlıq abidələrinin bərpası, layihələşdirilməsi işlərinin aidiyyəti təşkilatlar tərəfindən ləng aparılması, arxeoloji tədqiqatların kifayət qədər geniş təşkil olunmaması, bərpa və regenerasiya işlərinin lazımi səviyyədə və miqyasda həyata keçirilməməsi idi.

Sənəddə Bakı Şəhər İcraiyyə Komitəsi yanında  İçərişəhərin layihələşdirilməsi, bərpası və regenerasiyası işlərinin aparılması üçün elmi-layihə təşkilatının yaradılması nəzərdə tutulurdu. Bərpa işlərinin İçərişəhər ərazisində aparılması üçün İxtisaslaşdırılmış Təmir-bərpa Trestinin yaradılması da layihədə xüsusi qeyd olunmuşdu. Layihədə İçərişəhərin bərpası və abadlaşdırılması üzrə Müdiriyyətin Bakı Şəhər İcraiyyə Komitəsi yanında İçərişəhər Tarix-memarlıq qoruğunun muhafizəsi, bərpası və ictifadəsinə nəzarət edən Baş idarə ilə əvəz edilməsi nəzərdə tutulurdu. Hətta İdarənin əsasnaməsi, qarşısında qoyulan vəzifələr, ştat cədvəli də işlənib hazırlanmışdı. (1, sax.vah.62)

İdarənin qarşısında İçərişəhəri Azərbaycanın orta əsr şəhərsalma nümunəsi kimi onun memarlıq quruluşunun xüsusiyyətləri ilə, təbii landşaftı ilə qoruyub saxlamaq, habelə ərazidə xüsusi rejimdə bərpa və regenerasiya işlərinin aparılmasını təşkil etmək vəzifəsi qoyulurdu. İdarəyə öz işini respublikada fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə, layihə təşkilatları ilə birgə həyata keçirməsi tövsiyə olunurdu.

Ştat cədvəlinə görə Baş İdarəyə 44 ştat vahidi ayrılırdı. İdarənin funksional vəzifəsini 4 əsas şöbə həyata keçirirdi:

  1. İnzibati-rəhbərlik personalı. Buraya daxil idi müdir, müdir müavini – baş memar, baş mühəndis, baş rəssam, təsərrüfat üzrə müdir müavini, katibə-makinaçı, dəftərxana müdiri, kadrlar üzrə inspektor, xadimə, sürücü, baş mühasib, mühasib, kassir.
  2. Abidələrin və tarixi tikililərin mühafizəsi üzrə inspeksiya: müdir, elmi-texniki nəzarət üzrə baş inspektor, baş memar-sənətşünas, memar, mühəndis
  3. qeydiyyat, tədqiqat və araşdırma şöbəsi: şöbə müdiri, baş elmi işçi, elmi işçi, fotoqraf, fotoqramometriya laboratoriyasının müdiri, bədii-bərpa işləri üzrə qrup rəhbəri, rəssam, arxivarius-kitabxanaçı, surət çıxardan.
  4. İstehsalat-texniki şöbə ilə texniki nəzarət üzrə inspeksiya: şöbə müdiri, baş mühəndis, baş memar, texniki nəzarət üzrə mühəndis, baş iqtisadçı, abadlaşdırmaq üzrə mühəndis, mühəndis, memar.

Elmi-layihə təşkilatına 85 ştat vahidi ayrılmışdı. Burada əsas ştatlar tarixçilər və memarlar üçün nəzərdə tutulurdu. Təmir-bərpa Trestinə 49 ştat vahidi ayrılmışdı.

Layihədə Maliyyə Nazirliyinə tapşırılmışdı ki büdcədə yeni yaradılacaq strukturlar üçün lazımi vəsait ayrılsın. İçərişəhər qoruğu ərazisində aparılacaq işlərin elmi-metodiki rəhbərliyini Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Şurasına tapşırılmışdı. İşlərin elmi cəhətdən düzgün istiqamətləndirilməsi məqsədi ilə Şuranın tərkibinə Az.SSR EA Rəyasət heyəti nəzdində olan Tarix və mədəniyyət abidələrinin mühafizəsinin Elmi-metodiki Şurasının nümayəndələri də daxil edilmişdi. Dövlət Plan idarəsinə, Dövlət Təchizat idarəsinə tapşırılmışdı ki yeni yaradılacaq strukturların maddi-texniki təçhizatını təmin etsinlər. Aidiyyatı təşkilatlara tapşırılmışdı ki ərazidə yerləşdiriləcək turizm, ticarət və iaşə obyektlərinin siyahısını təqdim etsinlər. Az. SSR EA bir ay müddətində İçərişəhər ərazisində aparılacaq intensiv arxeoloji tədqiqatlar haqqında təkliflərin Nazirlər Kabinetinə təqdim etməsi tövsiyə olunurdu. Nazirlər kabineti yanında Peşə-texniki təhsil üzrə Dövlət Komitəsinə həvalə olunurdu ki, respublikada bərpa-konservasiya işlərini aparmaq üçün mütəxəssislərin hazırlanmasını təmin etsin. (2, orada)

Göründüyü kimi layihədə irəli sürülən təkliflər, yaradılacaq strukturun işin bütün sahələrini əhatə etməsi, idarə və təşkilatların işə geniş cəlb olunması məsələyə nə dərəcədə ciddi və sistemli yanaşmanın göstəricisidir.

Bunun ardınca mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə 15 sentyabr 1981-ci ildə o zaman AR Mərkəzi komitəsinin katibi  Heydər Əliyev tərəfindən “Azərbaycan SSR-də Şəhərsalma, memarlıq və arxeoloji abidələrin mühafizəsi, bərpası və istifadəsi tədbirlərinin yaxşılaşdırılması haqqında” qərar imzalandı. (3, sax.vah.125)

Qərarda mədəni irsin qorunması, bərpası işində görülən tədbirlərlə yanaşı yol verilən nöqsanlar da xüsusi qeyd  olunmuşdur və onların aradan qaldırılma yolları da müəyyənləşdirilmişdi. Qeyd olunurdu ki, abidələrin bərpasına qoyulan vəsait 1976-1980-ci illərdə, yəni 4 il ərzində, üç dəfə artmış və 2 mln.man. təşkil etmişdi. Eyni zamanda İçərişəhərin regenerasiya planı hələ də hazırlanmamışdı. 44 mühüm memarlıq abidəsindən yalnız dördü bərpa olunmuşdu. Az.SSR EA Tarix İnstitutunun arxeoloji ekspedisiyasının ərazidə apardığı tədqiqatlar epizodik xarakter daşımış, qazıntı əraziləri bir müddətdən sonra yenidən örtülüb, bir çox hallarda aşkar olunmuş maddi-mədəniyyət nümunələri fiksasiya olunmamış, itib-batırmış. Bakı Şəhər İcraiyyə Komitəsi nəzdində  yaradılan İçərişəhərin bərpa və abadlıq işləri üzrə müdiriyyətin fəaliyyəti qənaətbəxş deyildi, ştat vahidi az idi və tam komplektləşdirilməmişdi.

Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Dövlət Tikinti Komitəsi nazirliklər və baş idarələr mövcud olan qanunların tələblərini yerinə yetirmək üçün kifayət qədər tədbirlər görmür, abidələrin mühafizəsinə, bərpasına və onlardan istifadə edilməsinə az fikir verirdi.

Bütün partiya təşkilatlarına, icraiyyə komitələrinə bir vəzifə olaraq tapşırılırdı ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası məsələlərinə diqqəti gücləndirsinlər, ictimaiyyəti, müəssisə, idarə, sovxoz, kolxoz və məktəblərin kollektivlərini bu işə daha geniş cəlb etsinlər. Tikinti, torpaq və kənd təsərrüfatı işləri görülərkən tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqındakı qanunlara müəssisə, təşkilat və idarələr tərəfindən əməl olunması təmin edilsin. Az.SSR  Nazirlər Soveti yanında Şəhərsalma, Memarlıq və Arxeoloji abidələrin mühafizəsi, bərpası və onlardan istifadə üzrə Baş İdarə yaratmaq və şəhərsalma, memarlıq və arxeoloji abidələrin aşkara çıxarılmasını, mühafizəsini, sistemləşdirilməsini, bərpasını və onlardan istifadə olunmasını həmin idarəyə tapşırmaq qərara alınmışdı. Mədəniyyət Nazirliyinin Tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə Baş inspeksiyası Tarix və incəsənət abidələrinin mühafizəsi və onlardan istifadə üzrə Baş İnspeksiyası adlandırıldı. Mədəniyyət Nazirliyində Tarix və incəsənət abidələrinin bərpası üzrə elmi-bərpa emalatxanası yaradıldı. (4, orada)

Ümummilli lider Heydər Əliyevin Moskvaya Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması bu tədbirlərin həyata keçirilməsini bir qədər ləngitdi.

Bu istiqamətdə aparılan işlərin kifayət qədər qənaətbəxş olmadığından Azərbaycan KP Mərkəzi Komitəsi və Az.SSR Nazirlər Soveti 23 mart 1984-cü ildə yenidən bu məsələyə diqqəti yönəltdi və “Bakı şəhərində yerləşən “İçərişəhər” kompleksinin qorunması, bərpası və istifadəsi tədbirlərinin yaxşılaşdırılması” haqqında yeni qərar qəbul edildi. Qərarda Bakı Şəhər İcraiyyə Komitəsindən, Mədəniyyət Nazirliyindən, Elmlər Akademiyasından tələb olunurdu ki İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və regenerasiyası işlərinin təşkili və texniki səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi tədbirlər görülsün.(5, sax.vah.62)

Qərarda İçərişəhərdə mərkəzləşdirilmiş mühəndis kommunikasiya sisteminin yaradılması; əhalinin bir qisminin köçürülməsi; ərazidə maşınların gedişinin məhdudlaşdırılması; mədəni-iaşə obyektlərinin, yaradıcılıq birliklərinin, suvenir istehsal edən kiçik emalatxanaların; görkəmli rəssam, heykəltəraşların yaradıcılıq emalatxanalarının yerləşdirilməsi məqsədə uyğun hesab olunurdu.

Bakı İcraiyyə Komitəsinə Az. SSR EA-nın Memarlıq və İncəsənət İnstitutu ilə birgə İçərişəhərin bərpası, regenerasiyası, rekonstruksiyasının Baş Planının işlənməsi və 1984-cü ilin sonuna kimi Nazirlər Kabinetinə təqdim edilməsi tövsiyə olundu. Memarlıq abidələrinin bərpası işi yaradılacaq “Bərpaçı” elmi-istehsalat birliyinə tapşırılması nəzərdə tutulurdu.(6, yenə orada)

Beləliklə, 70-80-ci illərdə İçərişəhər tarix-memarlıq qoruğu ilə bağlı qəbul olunmuş bir sıra qərarlar ümummilli liderin bu istiqamətdə aparılan işlərin yüksək dövlət səviyyəsində təşkilinin bariz nümunəsidir. Azərbaycan mədəniyyətinin hər tərəfli inkişafında və onun zəngin mədəni irsinin İçərişəhər timsalında dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderin rolu danılmazdır. Bu fəaliyyət mədəni irsə münasibətdə dövlət strategiyasının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

1988-ci ildən ölkə həyatında baş verən siyasi hadisələr bu tarix-memarlıq abidəsini bir növ unutdurmuşdu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı 70-80-ci illərdə təməli qoyulmuş bir çox işlərin, o cümlədən, mədəni irsin qorunması, tədqiqi və təbliği işinin canlanmasına səbəb oldu.  2000-ci ildə İçərişəhərin YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına salınması bu istiqamətdə aparılan gərgin zəhmətin nəticəsi idi.

Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə əsasən Bakıda Şirvanşahlar Saray kompleksində, Naxçıvanda Möminə Xatun və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və konservasiya işləri aparılmışdır. 2002-ci ildə Respublikamız Abidələrin bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv seçilmişdir.

Buna baxmayaraq, şəhər-muzeyin tarixi görkəminə xələl gətirən tikinti işləri davam etdirilirdi. İçərişəhər 2003-cü ildə 21 ölkənin nümayəndələrindən ibarət Dünya İrsi Komitəsinin qərarı ilə məhv olmaq təhlükəsi olan abidələrin Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. O vaxt bu qərarın qəbul olunmasına 2000-ci ilin noyabrın 25-də Bakı şəhərində baş vermiş güclü zəlzələnin törətdiyi nəticələr, İçərişəhərdə vahid idarəetmə sisteminin və lazımi nəzarətin olmamasından irəli gələn və memarlıq abidələri üçün təhlükə yaradan qeyri-qanuni tikinti işləri, həmçinin İçərişəhərin qorunması və inkişaf planının qeyri-mövcudluğu səbəb olmuşdur. Bununla bağlı Komitə Azərbaycan Hökumətinə görülməli olan tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdir.

Sözügedən mənfi halların qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyev 2003-cü il fevralın 17-də “Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncamda göstərilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpasına dair sənəd qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin”. (7, səh.3)

Ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti onun layiqli davamçısı İlham Əliyevin bu istiqamətdə apardığı işlərdə öz əksini tapmışdı. 2005-ci il fevralın 10-da “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ”İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında» Prezident İlham Əliyev sərəncam imzaladı. Sərəncama əsasən qoruğun ikili tabeçiliyi ləğv edilir, İçərişəhərin qorunması, bərpa edilməsi prosesində yaxşılığa doğru dönüş yaratmağın yolları göstərilirdi. Elə həmin il fevralın 28-i və noyabrın 22-də müvafiq olaraq Qoruq və İdarənin əsasnamələrinin təsdiqi ilə bağlı sərəncamlar imzalandı.

2006-cı il avqustun 18-də Prezidentimiz Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında yeni sərəncam imzaladı. Bu sərəncam İçərişəhərin də qorunması və bərpası ilə bağlı çox vacib məsələləri qarşıya qoymuşdur. Son illər bu istiqamətdə işlər uğurla davam etdirilmişdir. İçərişəhərdə unikal vahid idarəetmə sistemi yaradılmışdır. İdarənin yeni əsasnaməsi hazırlanmış və 2007-ci ilin 16 may tarixində təsdiq olunmuşdur. Bu sərəncamda da İdarənin strukturu, işçilərin say həddi, idarənin tabeliyində olan qurumların dövlət büdcəsi vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərməsi öz əksini tapmışdır.

İdarənin fəaliyyəti, İçərişəhərdə şəhərsalma konsepsiyasının – Master-planın işlənib hazırlanması 25 iyun 2009-cu ildə İçərişəhərin YUNESKO-nun “qara siyahısından” çıxarılması ilə nəticələndi. Master-planı faktiki olaraq İçərişəhərin konservasiyasının və inkişafının baş planı adlandırmaq olar. Sənəddə İçərişəhərdə olan hər tikili tədqiq edilmiş, onun yaranma tarixi dəqiqləşdirilib, istifadəsinin funksionallığı, mövcud vəziyyəti və əhəmiyyəti araşdırılıb, bərpasının vaciblik dərəcəsi müəyyən edilib. Bu gün İçərişəhərdə aparılan bərpa və konservasiya işləri Master-plana uyğun aparılır.

Ölkə başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və abadlıq işləri təbii və insan faktorların təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir.

Bu gün qarşımızda duran başlıca vəzifələr İçərişəhərin dünya miqyasında tanıdılması, onun tarixi memarlığının, milli etnomühitin bərpa edilməsi, dünya şöhrətli bir məkana çevrilməsi və onu Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir nümunəsi kimi həm regionda, həm də dünyada tanıdılmasıdır.

Ümummilli lider müasir Azərbaycan dövlətinin memarı, tariximizin və mədəniyyətimizin hamisi Heydər Əliyevin Azərbaycan dövləti üçün tarixi xidmətlərini gələcək nəsillər minnətdarlıqla xatırlayacaq.

    İstifadə olunmuş ədəbiyyat

  1. DTA f.1, siy.73.
  2. yenə orada.
  3. yenə orada, siy.68,
  4. yenə orada.
  5. DTA f.1, siy.73.
  6. yenə orada.
  7. “Heydər Əliyev və İçərişəhər”, Bakı, 2008.

 

 

НОВОСТНАЯ ЛЕНТА