Время в Баку - 14:57

САМОЕ ЧИТАЕМОЕ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XALQ ŞAİRİNƏ VERDİYİ DƏYƏR: MƏMMƏD ARAZ


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

LEYLA ZEYNAL qızı GƏRAYZADƏ

Filologiya elmləri doktoru, professor

Bakı Dövlət Universiteti

Azərbaycan ədəbiyyatı tarixinə nəzər yetirərkən, demək olar ki, bütün şair və yazıçıların əsərlərində öz vətəninə, xalqına, millətinə rəğbət və sevginin şahidi oluruq. Xalqın arasından çıxan hər bir sənətkar mənsub olduğu xalqa, vətənə bağlı olur və öz yaradıcılığında onların vəsfinə yer verir. Yaradıcılıq dövrü XX əsrin II yarısını əhatə edən Məmməd Araz poeziyasının vətəninə, xalqına bağlılığı isə bir başqadır. Yəni “Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir” (3). Onun şeirlərinin hər misrasından vətəninin hər bir çiçəyinin ətri, çaylarının şırıltısı, quşlarının cikkiltisi gəlir, xalqının ruhu duyulur. Buna görə də onun şeiriyyatı xalqı tərəfindən həmişə yüksək dəyərləndirilmiş, sevilmiş və mahnılar bəslənilərək dillər əzbəri olmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də məhz Məmməd Araz poeziyasına vurğunluğu heç də bir təsadüf deyildir. Bildiyimiz kimi, Heydər Əliyev hər zaman xalqına, vətəninə, millətinə bağlı, qəlbi həmişə xalqı ilə döyünən bir Lider olmuşdur. Bu mənada, onun xalqını, vətənini vəsf edən şair və yazıçılara da böyük hörməti var idi. Bu fikri onun Azərbaycan ədəbiyyatı tarixində yazıb-yaradan şair və yazıçılara böyük qayğıkeşlik, xüsusi diqqət göstərməsi, onların əksəriyyətinin yaradıcılıqlarını sevə-sevə mütaliə etməsi, çıxışlarında yeri gəldikcə onlardan sitatlar deməsi ilə əsaslandırmaq olar. Hətta Ulu Öndər xalqımızın istiqlaliyəti uğrunda qələmlərini silaha çevirən şairləri təltif edəndən bir gün sonra onlar haqqında “Dünən mən, öz yaradıcılıqları ilə suverenliyimizin əldə edilməsinə, Milli Dirçəliş prosesinə böyük töhfələr vermiş Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və mərhum Xəlil Rzanın suveren Azərbaycanın ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında üç fərman verdim” – söyləyərək, ədəbiyyat və mədəniyyəti “insanlara təsir göstərən, onların əxlaqının, mənəviyyatının, ictimai-estetik baxışlarının formalaşmasına ən güclü vasitə” adlandırmışdır (7, s. 212-215). Belə ki, Heydər Əliyev hakimiyyətdə olduğu vaxtlarda dahi şəxsiyyətlərimizin təltif edilməsi, yubileylərinin keçirilməsi, onların xatirələrinin əbədiləşdirilməsi, külliyyatlarının işıq üzü görməsi istiqamətində çox mühüm işlər görmüşdür. Bunlar hər birimizə məlum olan danılmaz faktlardır.

Qeyd edək ki, Məmməd Araz da digər sənətkarlar kimi xalqımızın qədirbilən oğlu Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda öz layiqli yerini tutmuş, bir sıra mükafat və ya fəxri adlarla təltif olunmuşdur. Belə ki, şair 1972-1974-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru vəzifəsində işləmiş, ”Ulduz” jurnalı redaksiya heyətinin üzvü olmuş, həmçinin 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir. Bunlardan başqa, Məmməd Araz 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmiş, 1992-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüş, 1995-ci ildə isə Ümummilli Lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif etmişdir. Həmçinin Ulu Öndərin təşəbbüsü ilə 16 aprel 1995-ci ildə şairin yaradıcılıq gecəsi keçirilmişdir. Məmməd Arazın yaradıcılığına həsr olunmuş bu axşamda dahi Ulu Öndərimiz iştirak etmiş və tədbirin sonunda belə bir nitq də söyləmişdir: “Bu gün biz Məmməd Arazın yaradıcılığının, şeirinin, onun bizim Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri bir daha gördük, eşitdik, dinlədik və bir daha bunların Azərbaycan xalqı üçün faydalı, gərəkli olduğunu bildik. Və bir daha bu gün dərk edirik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var. Həqiqətən də, bu belədir.

Son bir neçə ay mən fikirləşirdim ki, bizim bu ziyalıların, mədəniyyət və elm xadimlərinin hörmətini cəmiyyətdə qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, mədəniyyəti və elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də çox böyük rolu var. Ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınır və keçmiş tariximiz də bunu sübut edir, bu gün də sübut edir, buna heç kəsin də şübhəsi yoxdur” (2).

Heydər Əliyevin Məmməd Araz poeziyasına və şəxsiyyətinə müsbət rəğbətinin bir sıra səbəbləri vardır. Onlardan birincisi, şairin vətənini şeirlərində varlığı ilə tərənnüm etməsi və bütövlükdə azərbaycançılığı özündə əks etdirməsi idi. Onun “Azərbaycan, dünyam mənim”, “Ana yurdum, hər daşına üz qoyum”, “Şuşada bir gecə”,  “Oxuyan Təbriz”, “İnsan qayalar” və s.  şeirlərini sevə-sevə oxuyan Ulu Öndər heyrətə gəlirdi, kövrəlirdi.

Azərbaycan – qayalarda bitən bir çiçək,

Azərbaycan – çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki…

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” – deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər (4, s. 100).

Və ya:

Qayaların keçmişini

qayalara yazdım, deyə.

Onda Vətən sanar məni

Bir balaca Vətən daşı,

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı… (4, s. 109)

Təqdim olunan bu misralar Heydər Əliyevin sanki ruhunu oxşayırdı, ürəyinin dərinliyində alovlanan fikirlərini Məmməd Arazın poetik dillə ifadə etdiyi misralarda görürdü, eşidirdi, hiss edirdi, tapırdı. Buna görə də, o, şairin yaradıcılığını yüksək qiymətləndirərək deyirdi: “Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir” (1). Göründüyü kimi, “Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan əbədiyaşar sənətkarlardan biri də “Xətayinin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” deyərək öz poeziyası ilə qələmini milli ideallar, dövlətçilik və ərazi bütövlüyü uğrunda mücadilədə silaha çevirən görkəmli söz ustadı Məmməd Arazdır. “Mənim yurdum hardan başlar? — ürəyimin kandarından…” — deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır. Onun yaradıcılığında Azərbaycan öz əxlaqı, mənəviyyatı, dərin ruhi-mənəvi aləmi, zəngin dəyərləri və sairləri ilə bir baxış, dünyagörüşü, özünəməxsus bir dünyadır” (6).

İkincisi, Məmməd Arazın yaradıcılığında fəlsəfiliyin yeni, müasir dünyabaxış müstəvisində canlandırılması idi. Şairin yaradıcılığı oxucusunu düşündürür, onda niyə və nə üçün yaşadığı barədə müəyyən suallar yaradır. Y.Qarayevin təbirincə desək, “Bu seirlərdə şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin (yaddaşının!) varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale — bir assosiasiyada qovuşub kəsişirdi… Əsl, həqiqi, böyük Poeziya olan Məmməd Araz sözü də düşüncədə, əxlaqda və qeyrətdə belə yaddaşın şeirdə ifadəsidir.” (4, s. 7)

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin, Dünya mənim, Dünya heç kimin… (4, s. 166)

Məmməd Araz yaradıcılığının mövzu-məzmun mündəricəsi o qədər geniş, zəngin və əhatəlidir ki, onun sözünə vurğunluğun səbəblərini, əslində, saymaqla bitirmək olmur. Elə buna görə də Ulu Öndərin də ona rəğbətinin səbəbləri tükənməzdir. Onun şair haqqında fikirləri çoxdur və bu fikirlərdə şairin varlığı və sanki bütün poeziyası göz önündə canlanır. Heydər Əliyevin şair haqqında fikirlərindən biri də belədir: “Xalq şairi Məmməd Araz millətimizin mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda yorulmadan çalışaraq qədim və zəngin ənənələrə malik milli poeziyamıza gözəl töhfələr vermişdir. Şairin dərin fəlsəfi məzmunlu lirikası çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, Məmməd Araz istedadının, təfəkkürünün bəhrələri olan yüzlərlə şer milyonların qəlbinə yol taparaq əbədi məskən salmışdır. Təkcə rəsmi təltifləri – xalq şairi, əməkdar incəsənət xadimi fəxri adları, Dövlət mükafatı deyil, bənzərsiz sənətindəki millilik, xəlqilik, ənənəyə sədaqət və novatorluq ona xalq məhəbbəti qazandırmışdır” (1).

Bir sözlə, Məmməd Araz  rəngarəng yaradıcılığı ilə Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, özünəməxsus keyfiyyətləri ilə xalqının sevgisini qazanmışdır. Başqa sözlə, “Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü — Məmməd Araz!” (4).

                                                                                                İstifadə olunmuş ədəbiyyat

  1. http://anl.az/el/emb/M.Araz/sitat.html
  2. https://www.youtube.com/watch?v=KfwxKqt1Tic
  3. https://nuhcixan.az/news/medeniyyet-turizm/20998-bu-gun-xalq-sairi-memmed-arazin-anadan-olmasindan-86-il-otur
  4. Məmməd Araz. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Lider, 2004, 224 s.
  5. Məmməd Araz. Seçilmiş əsərləri. 2 cilddə. II cild. Bakı: Lider, 2004, 232 s.
  6. Qasımov R. Azərbaycan ünvanlı Məmməd Araz poeziyası // https://525.az/site/?name=xeber&news_id=87927#gsc.tab=0
  7. Асадуллаев С. Гейдар Алиев и литературный процесс. Баку: Нурлан, 2005, с. 212-215

 

НОВОСТНАЯ ЛЕНТА