Время в Баку - 10:01

САМОЕ ЧИТАЕМОЕ

QURTULUŞ


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

                                                                                                                                                                                                                                                                                               Sehranə Ələsgər qızı Kasimi

AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 

20.05.2020.Bakı.

 

 

                                           

    Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

 

Belə deyirlər ki, Yer üzündə şahları Allah, yerdə qalanları isə şah təyin edir…

Böyük yaradan hər əsrdə, xoşbəxtlik nəsib etdiyi xalqlara, öz içərisindən bir adam seçib, ona şahlara, dövlət rəhbərlərinə məxsus ədalətli olmaq bacarığı, istedad,qabiliyyət, müdriklik bəxş edir, ona şöhrət və ad qazandırır, dünyanın asayişini, insanların  yaşayışını ona tapşırır. Onun haqsızlığa qarşı zəhmi,qorxusu, qəlblərə çökür, əzəməti göz qamaşdırır!Nizam-intizama zəmin yaradır.

Bu gün fəxr edə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır! Çünki, XX əsrdə də tanrının bəşərə bəxş etdiyi ən böyük dühası, fitri istedadlı ictimai-siyasi və dövlət xadimi, məhz, Azərbaycan xalqının ən ağır dövründə rəhbəri olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memarıdır.

Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. XX əsrdə xalqımız iki dəfə özünün müstəqil dövlətini yaratmağa müvəffəq olmuşdur.Azərbaycan xalqı  1918-20-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədi. Bu hadisələrin nəticəsi tarixdən hamımıza yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz — 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, eyni zamanda Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin yürütdükləri bəsit siyasət ucbatından torpaqlarımızın bir qismi itirildi. Müstəqillik zərurəti də məhz belə bir şəraitdə yarandı. Məlum olduğu kimi, bugünkü müstəqilliyimiz asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir…

….Heydər Əliyev I katib seçildikdən dərhal sonra ciddi işə başlayır. 1969-cu il 5 avqust plenmuna nəzər salaq. Bu plenmun  gündəliyi V.İ. Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi barədə idi. Heydər Əlyevin məruzəsi keçmiş  SSRİ-nin tarixində gözlənilməz bir hadisəyə çevrildi. Dövrün tələbinə uyğun ütülü sözlərin, yalançı təriflərin, şişirdilmiş uğurların əksinə olaraq  Azərbaycan KP MK-nın avqust plenumundakı məruzəsində Heydər Əliyev uğurlardan daha çox respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqlardan söhbət açır. O, respublikadakı neqativ hallardan danışır, kadr siyasətindəki nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır, nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır.

Bu çıxış hamını vahiməyə salır, hətta respublikanın hüdudlarından kənarda da əsl sensasiyaya çevrilir. Həmin vaxtadək belə açıq tənqid eşidilməmişdi. Və bu çıxışdan sonra çoxları inanmağa başladı ki, respublikanın geriliyi qısa müddətdə aradan qldırılacaq və respublika irəli gedəcək. Və həqiqətən də belə oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın çiçəklənmə dövrü başlandı. O zamanlar Heydər  rəhbər seçiləndə ictimaiyyət  bu dəyişikliyə o qədər də əhəmiyyət vermədi, bu addımı kommunist rejimində növbəti əhəmiyyətsiz  dəyişiklik adlandırdı. Amma az keçmiş həmin rəy  dəyişdi : “Kommunust ölkəsində görünməyən bir hadisə. Azərbaycanda Kommunist Partiyasının lideri H.Əliyev rüşvətxorluqla mübarizə aparır. Kommunist lideri  kommunizm ideologiyasına qarşı çıxır”. Zaman göstərdi ki, Heydər Əliyev bütün addımlarında gələcəyi hesablayan, millətin mənafeyini bütün səlahiyyətlərdən üstün tutan fenomen şəxsiyyətdir.

1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən məqamlara toxunaraq demişdi: «Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə, təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumatlara malik idim… Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilib… Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən 2-3 ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, azərbaycançılıq məfkurəsinin yüksəlişi və xalqın dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Heydər Əliyev  ölkəmizə stabillik gətirdi,belə ki,liderin gəlişi ilə  neft sazişi imzalandı, NATO ilə əməkdaşlıq yarandı, Azərbaycan Avropa Şurasına daxil oldu, bir çox Qərb institutları ilə münasibətlərə başladı, eləcə də  MDB məkanında  təmsil olunaraq xarici siyasətdə çoxvektorluq siyasətinin əsası qoydu.

1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.

İndi həmin vaxtdan illər keçib. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Çox güman ki, biz bu gün çətinliklə əldə oluunmuş müstəqilliyimizin on yeddi illiyini qeyd edə bilməyəcəkdik.

Bəli, Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın qəti iradəsi ilə, yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ — dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır…

Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi — aqrar islahatlar aparıldı, eyni zamanda özəlləşdirməyə başlanıldı. Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı.

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışından sonra dövlət çevrilişinə cəhdlər oldu. Lakin bu dahi şəxsiyyətin zəngin siyasi təcrübəsi, xalqa möhkəm bağlılığı, nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində həmin cəhdlərin qarşısı qətiyyətlə alındı. Dövlət çevrilişinə cəhd göstərən qüvvələr bir həqiqəti unutmuşdular. Bu da xalq amili idi.1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrində xalqımız dövlətçilik prinsiplərinə sədaqətini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bu hadisələr zamanı müstəsna dözüm, mətanət və siyasi müdriklik göstərdi, xalq iradəsinin təmsilçisi, dövlət təhlükəsizliyinin yeganə təminatçısı olduğunu bir daha sübut etdi. Düşmənin məkrli planı, Azərbaycanı daxildən parçalamaq niyyəti dövlət başçısının siyasi uzaqgörənliyi, qətiyyəti və sarsılmaz iradəsi ilə puça çıxdı.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız dünyada təklənmək təhlükəsindən xilas olmuşdur. Bir fakta diqqət yetirək. Dahi şəxsiyyətin Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmışdı. Ölkəmiz siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da bizim haqq sözümüzü deməkdə çətinlik çəkirdilər. Hər yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri — obyektiv münasibəti və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı.Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti məhz bu haqq və ədalətin təntənəsi idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbə idi… Belə faktların sayı istənilən qədərdir.

Bəli, xalqına arxalanan, amalı xalqına xidmət olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma ən çətin, böhranlı anlarında, xalq «olum ya ölüm» dilemması qarşısında qalanda gəlir və müqəddəs xilaskarlıq missiyasını həyata keçirirlər, öz həyatlarını millətə xidmətə həsr edirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır. Heydər Əliyev kimi…

Ədəbiyyat

 

  1. Axundova Elmira Hüseyn qızı. Heydər Əliyev: Şəxsiyyət və dövr. Т.3: qayıdış (1990-2003) 2017.Moskva
  2. Həbibbəyli İsa. Dövlətçilik təlimi və müasir dövr. 2013. Naxçıvan.
  3. Şirinov Həsən. Xilaskar. 2020.Bakı.

 

 

 

НОВОСТНАЯ ЛЕНТА