İyulun 12 də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub.
Düşünürük ki, Ermənistan bu təxribatla yeni münaqişə zonaları yaratmaq istəyir.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.
Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti eləcə də dünya azərbaycanlıları tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan, Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dünyanın 50 ən güclü ordusu sırasında yer alan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır və buna qadirdir.
Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.
Təklif edirik ki Dünya azərbaycanlılarının aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələri cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirməlidir. Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verməlidirlər, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olmalıdırlar. Ancaq təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir.
Onu da bildirməliyik ki, erməni xüsusi xidmət orqanlarının təmsilçiləri müxtəlif sosial şəbəkə profillərində cəbhədəki vəziyyətlə əlaqədar həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. Bəzən bu fikirlər azərbaycanlı adı daşıyan profillər vasitəsilə yayılır. Bilməyərəkdən, hisslərə qapılaraq bu paylaşımlara istinad edən KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində diqqət yetirilməli cəhətlər də meydana çıxa bilər. Media resursları olan Dünya azərbaycanlıları bunu da düşünməlidirlər. Lider qrupu bütün bunları nəzərə alaraq bir daha kütləvi informasiya vasitələrinə, ümumən dünyanın müxtəlif ölkələrində təmsil olunduğumuz ictimai birliklərin və elektron medianın imkanlarından yararlanaraq yaranmış durumun həssaslığını peşə prinsipləri baxımından qiymətləndirərək, operativ informasiya verək dünya ictimaiyyətini məlumatlandırmalıdır.
Biz, Lider qrupu olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə və onlara akekvat cavab verməyə çağırırıq. İnformasiya müharibəsi çərçivəsində səfərbər olmalıyıq.
Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda bütün Dünya azərbaycanlılarını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!
Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!
Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və Ordumuzu qorusun!