Время в Баку - 23:08

САМОЕ ЧИТАЕМОЕ

Ata yurdumuzun Atatürkü


YAQUB MAHMUDOV

                   AMEA-nın həqiqi üzvü,

Əməkdar elm xadimi,

Dövlət Mükafatı laureatı

 

Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır,

sarsılmaz olacaqdır, dönməz olacaqdır…

H.Ə.Əliyev

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərimizin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bildi! Azərbaycanın xarici düşmənləri yaxşı başa düşürlər ki, indi artıq 1918-1920-ci illər deyil! Bu dəfə istiqlal mübarizəmiz zəfərlə sona çatacaqdır. Çünki Azərbaycanın qurtuluş savaşının başında zamanın nəbzini əlində saxlayan Heydər Əliyev şəxsiyyəti durdu. Yəni, Ulu Tanrı şəxsiyyət və zaman problemini bu dəfə Azərbaycan xalqının xeyrinə həll etmişdir!

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir. Bütün bunların hamısı bir keyfiyyət altında birləşir: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLIDIR. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşidir. Bu nadir keyfiyyət Heydər Əliyev ömrünün bütün dövrləri üçün səciyyəvidir.

Heydər Əliyevin ötən əsrdə — 1969-cu ildə birinci dəfə Azərbaycanın rəhbərliyinə gəlməsilə yurdumuzun tarixində müstəqilliyə doğru Böyük dönüş dövrü başlanmışdı. Real tarix özü sübut edir ki, dahi dövlət xadimimizin Azərbaycana bundan əvvəlki rəhbərlik illəri ölkəmizin yüksəlişi dövrüdür. O zaman dağılmağa başlamış böyük SSRİ məkanında Azərbaycan qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin nəticəsi idi. Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninə, xal­qına lazım olan nə varsa, hamısı barədə əvvəlcə Siyasi Büro, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, iqtisadi-mədəni vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamişdi.

Heydər Əliyev hələ o zaman SSRİ-nin dağılacağını qabaqcadan görürdü və buna görə də bu böyük dövlətin tükənməz sərvətlərindən istifadə edərək öz Vətənini – doğma Azərbaycanı daha da inkişaf etdirməyə çalışırdı.

Heydər Əliyev hələ o zaman bu günü görürdü, doğma vətənini bu gün üçün hazirlayirdi, böyük düha sahibi yeni azərbaycani – bu günkü azərbaycani hələ o vaxtdan qurmağa başlamişdi!..

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğu­ları baş qaldırdı. Bu, əslində 60-70-ci illərdə Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə — yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

Lakin min təssüf ki, Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəridir. Uğursuz Qarabağ müharibəsi, hakimiyyəti ələ keçirmək xati­rinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi, xaricdəki ağalara daha sədaqətlə nökərçilik etmək üçün bəhsə-bəhs, vaxtı ilə Nərimanovun qətlə yetirildiyi Kreml labirintlə­rindən salamat qurtarıb xalqını dardan xilas etmək üçün Vətənə qayıtmış böyük dövlət adamımız Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmaması, onu hətta Naxçıvanda da hakimiyyətdən götürmək cəhdi kimi rüsvayçılıqlar tariximizin ən qara səhifələri, ən bağışlanmaz səhvləridir. Əgər o zaman bu müdrik siyasətçi hakimiyyət sükanının arxasında əyləşsəydi, bunca müsibətlərə düçar olardıqmı?!

Bu suala Heydər Əliyev ömrünün Naxçıvan səhifələri daha aydın cavab verir: milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 19-20 yanvar 1990-cı il faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü elan olunması, nəhayət, böyük Vətəndən – Azərbaycandan ayrı düşmüş Naxçıvanda, amansız hərbi-iqtisadi blokada şəraitində, vətən torpağının düşməndən qorunub saxlanması – bax bunlardır böyük şəxsiyyətimizin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəaliyyətin qısa yekunu!

Lakin başlıcası bu idi ki, həmin dövrdə, hələ Naxçıvanda ikən, Heydər Əliyev – Ata Yurdumuzun Atatürkü BÖYÜK VƏTƏNİN – AZƏRBAYCANIN Qurtuluş mübarizəsinə başlamışdı.

1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərkə-hərkəlik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərin­dən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst – cəbhəçi bəylər sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına sırışt olmuşdular. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların “Böyük Ermə­nistan” yaratmaq niyyətləri, tarixi düşmənlərimizin – qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı…

Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı — dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman – 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşu başlandı.

Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Azərbaycan dövlətçiliyi və Uluöndər Heydər Əliyevin qətiyyəti 1994-cü ilin Oktyabr və 1995-ci ilin Mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə həlak olmağa hazır olan Prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur — sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi:

Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücü­nü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymət­ləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı – genefondumuzu xilas etdi. Bu Azərbaycan xalqının yaşaması, gələcəyi deməkdir…

Uluöndər Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki “rəhbərlərin” tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünya­nın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı ara­dan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respub­likası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Uluöndər Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabər hüquqlu üzvüdür.

Müstəqil Azərbaycan dövlətinin islam dünyasındakı nüfuzu da getdikcə artmaqdadır.

Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlar və təşkilatların üzvüdür.

Uluöndər Heydər Əliyev bütün tarixi dövrlərdə, ənənəvi düşmənlərimizin həmişə Azərbaycanı diz çökdürmək üçün istifadə etdikləri “erməni kartı”na qarşı neft siyasəti strategiyasını işləyib hazırladı. Və sübut etdi ki, Qafqaz problemlərinin həllində “erməni kartı”ndan daha güclü vasitələr vardır. Uzaqgörən siyasətçilər indi yaxşı başa düşürlər ki, neft siyasətinin “erməni kartı”na və xarici ölkələrdəki erməni lobbisinə qalib gələcəyi gün uzaqda deyil. Yaxın gələcəkdə müəllifi Heydər Əliyev olan bu siyasətin nə qədər dərindən düşünülmüş və uzaqgörən bir siyasət olduğunu zaman özü göstərəcəkdir.

Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tiflis-Ceyhan əsas neft ixracı kəmərinin, həmçinin Bakı-Ərzurum qaz kəmərinin region ölkələri üçün, o cümlədən türk dünyasından ötrü nə demək olduğu neçə-neçə nəsillər keçəndən sonra başa düşüləcəkdir!

Heydər Əliyev Azərbaycan Respublikasını şimaldan və cənub­dan məngənəyə salıb sıxan, onun xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq-Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi. Dünya bunun şahididir. Dünya siyasətçiləri bunu qiymətləndirirlər. Gizli deyil ki, ermənilər də bu siyasətin uğuru qarşısında təlaş keçirməyə başla­mışlar. Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nüma­yəndələrinin iştirakı ilə Bakıda — məşhur “Gülüstan” sarayında keçirilmiş beynəlxalq kon­frans bütün varlığı dövründə Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir. Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişin­də, onun mənəvi oyanışında misilsiz rol oynayacaqdır.

Azərbaycan Respublikası bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin başlıca dayağına çevrilmişdir. Öz müstəqilliyinin on illiyini yenicə qeyd etmiş ölkəmizin dünya birliyindəki nüfuzu getdikcə artmaqdadır. Uluöndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə alyansına qoşulması yurdumuzun dünya meydanlarındakı mövqeyinə müsbət təsir göstərmişdir.

Heydər Əliyevlə siyasi mükalimədə uduzan ənənəvi düşmənlərimiz indi Qafqazda itirilmiş mövqeləri qaytarmaq, neft siyasətini uduzmamaq üçün siyasi şantaja, hərbi təzyiq və terrora, bir sözlə, siyasət cığallığına əl atmağa başlamışlar. Ermənistanda rusiyapərəst davakarların hakimiyyətə gətirilməsi, Gürcüstan prezidenti E.A.Şevardnadzeyə qarşı təşkil olunmuş sui-qəsd və s. bu baxımdan uduzmuş oyunçuların cığallığından başqa bir şey deyildir. Bir sözlə, zəmanəmizin qüdrətli siyasətçisi Uluöndər Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib gələcəyə apara bildi.

Başqa bir məsələ barədə. Gecəli-gündüzlü, son dərəcə ağır, hətta dözülməz bir rejimlə işləməsinə baxmayaraq, Uluöndər yurdumuzda baş verən heç bir hadisəni, heç bir prosesi nəzərdən qaçırmır, onlardan ən mühümünü ön plana çəkir, şəxsi nəzarəti altına götürür, prezident andına sadiq qalaraq Vətəni zərgər dəqiqliyi ilə idarə edə bildi.

Heydər Əliyevin öz doğma el-obası qarşısında danılmaz tarixi xidmətləri bir deyil, beş deyil…

Bunların hamısını yerli-yerində ipə-sapa düzmək, incələmək və gələcək nəsillərə doğru-düzgün çatdırmaq o qədər də asan məsələ deyil. Və bu hər tarixçinin də işi deyil! Əlbəttə, bütün bunlar xüsusi tədqiqatların və gələcəyin işidir. Mən isə kitabı yazmaqla müasirlərimə təkcə bir həqiqəti yetirmək istədim: Azərbaycan hazırda keçid dövrünü yaşayır, çox ağrı-acılı keçən mürəkkəb bir dövrü!!! Özü də bizim keçid dövrümüz başqalarınınkına bənzəmir. Çox əlverişli strateji məkan olan bu Yurdda nə qədər böyük qüvvələrin gözü var?! Zəngin sərvətlərimizə, neftimizə kimlər susamır? Kiçik bir ölkənin həm daxildə, həm də xaricdə nə qədər düşməni olar? Tariximizin ibrət dərslərini, azadlıq mücadilələrində dəfələrlə qan içində boğulduğumuzu, müasir dünyamızın reallığını, başqa xalqların tarixini hökmən nəzərə almalıyıq: keçid dövrlərində qüvvətli şəxsiyyət olmadan qələbə yoxdur!

Bir həqiqəti hamılıqla dərk edək: hazırda tərəqqi dövrünü yaşayan bütün xalqları, millətləri, ölkələri keçid dövrünün keşmə­keşlərindən dahi şəxsiyyətlər — Atatürklər, Vaşinqtonlar, Bismarklar, Nehrular, De Qollar çıxarmışlar! Heydər Əliyev də belə şəxsiyyətdir! Bunu bütün dünya qəbul edir. Bunu biz də dərk etməyi bacaraq…

Bu gün yaşadığımız regionda təkcə Azərbaycanda xarici dövlətlərin bir nəfər də olsun əsgəri və hərbi bazaları yoxdur. Beynəlxalq mənafelərin, o cümlədən böyük dövlətlərin və qonşuların mənafelərinin düyünləşdiyi Azərbaycan kimi çox mühüm hərbi-strateji və zəngin sərvətli bir ölkədə buna nail olmaq hər siyasətçinin işi deyil!!!

Azərbaycan prezidenti İlham Əliyev özünün ölkəmiqyaslı qəbullarından tutmuş beynəlxalq miqyaslı görüşlərə, yüksək səviyyəli hər yerdə, hər an Azərbaycan həqiqətini dünyaya yayır. İndi Azərbaycan vaxtı ilə ona qarşı yaradılmış beynəlxalq informasiya blokadasını yarmışdır. Dünya Azərbaycan həqiqətini qəbul etməyə başlamışdır. Bütün bunların təməli Uluöndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti nəticəsində, onun BÖYÜK AZƏRBAYCANLI kimi Vətən, xalq təəssübkeşliyi sayəsində əldə edilmişdir! Və Uluöndərin bu müdrik siyasəti Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tətrəfindən uğurla davam etdirilir!

 

                                                    

НОВОСТНАЯ ЛЕНТА