Время в Баку - 06:15

САМОЕ ЧИТАЕМОЕ

ASLAN KƏNAN, SUSMAĞINIZ MƏSLƏHƏTDİR!


Abbasqulu NƏCƏFZADƏ
sənətşünaslıq elmləri doktoru, professor
a.najafzade@yahoo.com
Hörmətli Aslan Kənan! Vaxtımı ötən yazınızdakı böhtan xarakterli müddəalara cavab verməyə sərf etdiyimə görə təəssüflənirəm.
Bildirirsiniz: “Sizin yazdıqlarınıza baxaq – yüz səhifəyə çatmayan “kitab”lar. Onların ya tərtibçisi, ya da həmtərtibçisisiniz. Əsərlərinizin çox olduğunu göstərməkdən ötrü, eyni kitabı dəfələrlə nəşr etdirmisiniz. Yalnız “dissertasiyalar”ınızın səhifələri qeyd etdiyimizdən çoxdur. Onun da kim tərəfindən yazıldığı sual altındadır.”
İlk növbədə, yazdığım kitabların göstəricilərini təqdim edirəm:
1. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti (I nəşr). Bakı, “Min bir mahnı” MMC, 2003, 224 s.; yenidən işlənmiş II nəşr, 2004, 224 s.
2. Çalğı alətlərimiz. Bakı, “Min bir mahnı” MMC, 2004, 128 s.
3. Balabançı Həsən dayının gülməcələri. Bakı, “Min bir mahnı” MMC, 2004, 80 s.
4. Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat). Sənətşünaslıq namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası, 2006, 186 s. (Hazırda Qırğızıstanın Bişkek şəhərində qırğız və rus dillərində nəşrə hazırlanır).
5. Xalq çalğı alətlərinin tədrisi metodikası (I nəşr). Bakı, MBM, 2007, 64 s.; yenidən işlənmiş II nəşr, 2012, 92 s.
6. Müşfiqin duyğu yarpaqları. Bakı, Təhsil, 2009, 128 s.
7. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). Bakı, MBM, 2010, 280 s.
8. İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı. Sənətşünaslıq üzrə elmlər doktoru dissertasiya işi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası, 2012, 299 s.
9. Xalq musiqisi sazəndə ifaçılığında. Dərs vəsaiti. Həmmüəllif Quliyev M.B. Bakı, MBM, 2013, 84 s.
10. Etnoorqanologiya. Dərslik. Bakı, Ecoprint, 2016, 304 s.
11. Muğam. Dərs vəsaiti. Həmmüəllif Məmmədəliyev V.M. Bakı, Ecoprint, 2017, 160 s.
12. Sənətşünaslıq (6213.01 – Musiqi sənəti) üzrə elmi-tədqiqat işlərinin yazılışına dair tövsiyələr. Metodik vəsait. Bakı, Ecoprint, 2017, 56 s.
13. “Kitabi-Dədə Qorqud” dastanında çalğı alətləri (tədqiqat və lüğət). Bakı, Elm və təhsil, 2017, 264 s.
14. Ustad Nizami Rəmzidən meyxana ərməğanı. Müəllif-tərtibçi Nəcəfzadə A.İ. Bakı, Ecoprint, 2017, 144 s.
15. Azərbaycan musiqisi. / “Azərbaycan incəsənət tarixi”. Beş cilddə, II c. Bakı, Şərq-Qərb, 2019, 328 s.
16. Ud çalğı aləti Azərbaycan qaynaqlarında (tədqiqat və lüğət). Bakı, Xəzər Universiteti, 2019, 160 s.
17. Xızı aşıqları. Həmmüəllif Nəcəfzadə S.C. Bakı, Xəzər Universiteti, 2020, 220 s.
Göründüyü kimi, yalnız iki kitabım yenidən işlənib, təkrar nəşr olunub və bu, istənilən kitab üçün müsbət göstəricidir. Çünki kitablar yalnız onlara tələbat yarananda təkrar nəşr olunur. Bununla yanaşı, təkrar nəşrləri həm burada, həm də əsərlərimin digər siyahılarında, adətən, eyni kitab kimi təqdim edirəm.
Ümid edirəm, kitabın müəllifi olmaqla tərtibçisi olmaq arasındakı fərqi bilirsiniz. Yuxarıdakı siyahıda müəllifi olduğum kitablardır. Tərtibçisi olduğum kitablar daha çoxdur, amma onların heç birində adım müəllif kimi yazılmır. Yəqin ki, tərtib etdiyim çoxsaylı tədris proqramlarını və notoqrafiyaları (kiçik həcmli not yazıları) kitab hesab edirsiniz və bildirirsiniz ki, səhifələrinin sayı yüzə çatmır. Tədris proqramları və notoqrafiyalar neçə səhifə olmalıdır ki?! Əvvəla, kitab oxuya bilən hər kəsə məlumdur ki, kitabın dəyəri onun səhifə sayı ilə deyil, məzmunu ilə ölçülür. İkincisi də ki, istəyirəm biləsiniz, tədris proqramları və notoqrafiyalar ədəbiyyat siyahılarına salınsa da, kitab sayılmır. Heç olmasa, irad bildirdikdə, kitab-dəftərdən anlayan bir tanışınızla məsləhətləşəydiniz.
Dissertasiya işlərimə də şübhə ilə yanaşırsınız. Bildirirsiniz: “Onun da kim tərəfindən yazıldığı sual altındadır.”
Hörmətli Aslan Kənan, ilk növbədə, istərdim anlayasınız ki, siz belə yazmaqla tək məni yox, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasını təhqir edirsiniz. Digər tərəfdən, mənim seçdiyim mövzuda dissertasiya işini kim yazmalı idi ki?! Məgər ölkəmizdə mənə qədər orqanologiya sahəsində həm nəzəri, həm də təcrübi cəhətdən ixtisaslaşan alim var idi ki?! Təki gələcəkdə olsun və mən özüm də buna çalışıram. Amma hələlik bu sahədə dünyada keçirilən müxtəlif konfranslarda, seminarlarda Azərbaycanı yalnız mən təmsil edirəm. Siz elmdən uzaq adamsınız, ona görə də, bunlardan xəbərsiz olmağınız təbiidir. Sadəcə, bilmədiyiniz sahəyə belə qərəzli müdaxiləniz təəssüf doğurur.
Daha sonra “fikirlərinizi” bir az da “dərinləşdirirsiniz”: “Sizin əlli yaşından sonra “alimlik xülyasına” düşməyiniz Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş (1992–2001) dünya şöhrətli, ensiklopedik biliyə malik prinsipial alim, akademik Azad Mirzəcanzadə bu vəzifəni tərk etdikdən sonra başlayıb. Yoxsa Azərbaycanda bir çox “alimlər”lə yanaşı, siz də müdafiə üzünə həsrət qalacaqdınız.”
Aslan Kənan, bu nə məntiqdir?! 70–80 yaşında dahi əsərlər yazanlar, tarixi işlər görənlər və böyük kəşflər edənlər qalsın bir yana, sizin hansısa yaşdan sonra hansısa “xülyaya” düşməyinizə irad tutmaq və ya hər kimsənin hansısa yaşdan sonra hansısa bir işə başlamasına lağ etmək, sizcə, məntiqlidirmi? Belə münasibət hansı etik normalara uyğundur? Sizə görə, mən gənc nəslin yanında utanıram. Üstəlik, məni təhqir etməklə yanaşı, siz yenə də əsassız, sübutsuz, sənədsiz şəkildə Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən qurumu bütünlüklə “ittiham” edirsiniz.
Əvvəlki “məqalənizdə” də bu səpkili məntiqsiz və qeyri-etik atmacalar yazmışdınız. Sizin üçün yox, hörmətli oxucular üçün qeyd etmək istəyirəm ki, harada təhsil almışamsa, həmin təhsil ocaqlarını əla qiymətlərlə, qırmızı diplomlarla bitirmişəm. Mənim dissertasiya işlərimin müdafiəsi proseslərinin video çəkilişlərini kitabxanalarda izləmək mümkündür. Namizədlik işim elmi yeniliklərlə o qədər zəngin idi ki, işimi müdafiə edərkən hətta təklif olundu ki, birbaşa elmlər doktoru dərəcəsi verilsin. Aslan Kənan, mənə şəratmalarınız tam əsassızdır. Sizi məsuliyyətli olmağa çağırıram.
Yazırsınız: “Bir də, qeyd edirsiniz ki, Firidun bəyin yazdıqlarının əksəriyyətini erməni musiqiçiləri təşkil edir. Siz bununla ətrafınızdakı F.Şuşinskini sevməyənlərin sözlərindən bəhrələnirsiniz.”
Normal insanın bu mövzuda kimdənsə məxsusi bəhrələnməsinə ehtiyac yoxdur. Çünki F.Şuşinskinin musiqiçilərdən bəhs edən kitablarını, xüsusən də sonuncunu, heç diqqətlə oxumayıb, sadəcə vərəqləmək burada yazılanların Azərbaycandan daha çox, ermənilərə gərəkli olduğunu aydın görməyə kifayət edir. Nəzərinizə çatdırım ki, bunu vaxtı ilə akademik Rafael Hüseynov da tutarlı sənədlərlə məhkəmə qarşısında sübuta yetirib. Məhkəmə qərarı ilə o kitab ləğv edilib. Siz isə məhkəmə qərarına məhəl qoymadan o kitabı təbliğ etməyə cəhd göstərirsiniz. Bunun qanunazidd bir addım olduğunu anlayırsınızmı?
O ki qaldı müasir musiqi mədəniyyətimizdəki problemlərə, neqativ hallara, onların mövcudluğunu kim inkar edir ki?! Bəzi hallarda onlar haqda mən də əlaqədar təşkilatlara, aidiyyəti olan qurumlara müraciət edirəm. Musiqi mədəniyyətimizdəki xoşagəlməz halların aradan qaldırılmasına, təbii ki, hamımız çalışmalıyıq, o cümlədən siz də. Amma siz o xoşagəlməz hallardan birini nəinki müdafiə edirsiniz, hətta onun təbliğatı ilə məşğul olmağa cəhd edirsiniz.
Uzun-uzadı erməni məsələsindən yazıb sonda bildirirsiniz: “Bu da Firidun bəyin günahıdır?” Siz sanki qəsdən, necə deyərlər “malı mala qatırsınız”. Kimin arvadı ermənidir, Bakıda neçə min erməni yaşayır, Azərbaycanda ən gəlirli işlərə ermənilər başçılıq ediblər və sairə bu kimi məsələlər bizim müzakirəmizin mövzusu deyil. Mənim iradım Firidun Şuşinskinin yanlış və ermənipərəst mövqedə olan yazılarınadır. Bu da hansısa səbəbdən sizi və sizin bir neçə havadarınızı qane etmir. Erməni təbliğatını edən kim olursa-olsun, o cümlədən Firidun Şuşinski, mənim üçün günahkardır. Məsələn, F.Şuşinski əsərlərində erməni kamançaçalan Saşa Oqanezaşvilini milli musiqimizin qəhrəmanı kimi təqdim edir. Nə yaxşı ki, professor Kamran İmanov faktlara istinad etməklə həmin erməni musiqiçinin xalqımızın qəddar düşməni olduğunu ortaya qoyub. Professor yazır: “Bolşeviklər hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra gürcü familiyasına uyğunlaşmış hansısa bir erməni kamança ifaçısı Saşa Oqanezaşvili (Al. Oqanezyan) həcvlə Ü.Hacıbəyov və M.Maqomayevə hücum çəkmişdir. O yazırdı ki, Ü.Hacıbəyov Azərbaycan musiqisini məqsədyönlü şəkildə təhrif edərək onun inkişafını dayandırır, üstəlik də mahnı bəstələməkdə Azərbaycan və Şərq musiqisini bilmir. “Kralın özündən də böyük royalçı” olmağa can atan erməninin mənasız fikrinin konkret məqsədi vardı. Bir tərəfdən bizim korifeylərin ilk musiqi mənbələrinə zərbə endirilir, musiqi ənənələrimiz şübhə altına salınır, digər tərəfdən isə elə bizim musiqi ənənələrimizə əsaslanan “erməni” musiqisi üçün meydan təmizlənirdi. Nəhayət, bütün bunlar inqilabdan əvvəlki musiqinin qeyri-xəlqiliyini iddia edən bolşeviklər tərəfindən dəstəklənməyə bilməzdi. Bu cəfənglik başqa bir cəfəngiyatı doğurdu: Respublika Xalq Maarif Komissarlığı erməni kamançaçısına Azərbaycan Şərq musiqisinin təlim proqramını hazırlamağı tapşırır… Baxın bolşeviklər böyük Üzeyir bəyə qarşı kimi qoyaraq, Azərbaycan ümumtəhsil musiqi proqramının yaradılmasını kimə etibar etmişlər” (qaynaq: İmanov K.S. Erməni (yad) el(li) nağılları – Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s. 141-142).
Sizcə, “qəhrəmanınız” Şuşinskinin bu faktlardan, Üzeyir bəy kimi dahiyə olan belə hücumlardan xəbəri yox idi? Şübhəsiz ki, xəbəri vardı və üstəlik, o, istənilən Azərbaycan musiqiçisini əzməyə hazır olduğu halda, pərəstiş etdiyi erməni musiqiçiləri onun üçün toxunulmaz idilər. Gərək kor olasan ki, bu böhtanları, hədyanları görməyəsən.
Yazırsınız: “Məgər siz erməni milləti ilə birgə şəkil çəkdirməmisinizmi, bir yerdə çalmamısınızmı, bir yerdə toyda yığdığınız pulları bölüşdürməmisinizmi, cənab Abbasqulu Nəcəfzadə!”
Hörmətli Aslan Kənan, əmək fəaliyyətinə ilk çalışdığım H.Sarabski adına (keçmiş şaumyan) Mədəniyyət Evi olub. Orada 5-6 türk çalışırdı, məni də müsabiqə yolu ilə, ifamı dinləyib işə götürdülər. İşdə şəkil də çəkdirmişik. Amma 20 yaşımdan etibarən mənim özümün toy dəstəm olub və heç vaxt erməni ilə fərz etdiyiniz kimi pul bölməmişəm. Böyük pullar qazanmamışam, amma qazandığımı öz millətimlə, Azərbaycan musiqiçiləri ilə bölmüşəm. Şükür, o musiqiçilərin çoxu sağdır və sözlərimi təsdiq edə bilərlər.
Ümumiyyətlə, aşığın sözü qurtaranda “dalay-dalay” oxuduğu kimi, siz də deyəsən deməyə söz tapmırsınız. M.Qorbaçov belə gəldi, Ə.Vəzirov belə getdi… Aydındır ki, mövzu ətrafında diliniz qısadır, çünki “qəhrəmanınız” erməninin etmək istədiklərini etdi, sənətkarlarımıza, sizin mənə atdığınız kimi, böhtanlar atdı. Kimlər idi onun aşağıladığı tanınmış insanlar: bəstəkarlar – Oqtay Zülfüqarov, Tofiq Bakıxanov, Oqtay Kazımov, Xəyyam Mirzəzadə, Fərəc Qarayev; xanəndə və müğənnilər – Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Töhfə Əliyeva, Rəhilə Həsənova, Qulu Əsgərov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Novruz Feyzullzyev, Tələt Qasımov, İslam Rzayev, Ramiz Hacıyev, Tamilla Məmmədzadə, Teymur Mustafayev, Baba Mirzəyev, Yaşar Səfərov, Canəli Əkbərov, Niyaməddin Musayev, Elmira Rəhimova, Nəzakət Məmmədova, Rövşən Behcət, Polad Bülbüloğlu, Natəvan Şeyxova, Akif İslamzadə, Mübubət Məmmədova, Məmmədbağır Bağırzadə, Ağaxan Abdullayev, Təranə Vəlizadə, Zaur Rzayev, Kəmalə Rəhimli, Səkinə İsmayılova və başqaları; habelə instrumentalçılar – Habil Əliyev (kamança), Çingiz Mehdiyev (nağara), Avtandil İsrafilov (qarmon), ustad tar ifaçıları – Böyükağa Cavanşirov, Adil Bağırov, Bəhram Nəsibov, Vamiq Məmmədəliyev, Ramiz Quliyev, Zamiq Əliyev, Kamil Hüseynov və başqaları, eləcə də ansambl rəhbərləri – Əhməd Bakıxanov, Ağası Məşədibəyov, Əliağa Quliyev, Baba Salahov, Əhsən Dadaşov, Ceyran Haşımova. Halbuki bu sənətkarlar Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələridirlər. Əlbəttə, kimsə onlardan hansılarınsa yaradıcılığını bəyənməyə bilər, amma hamısını bütövlükdə aşağılamaq Azərbaycan musiqi mədəniyyətinə zərbə vurmaq niyyətinin təzahüründən başqa bir şey deyil.
Yazırsınız: “Qədirbalanın (Əbdülqadir Cabbarov) ilk səs yazısı 1904-cü ildə yazılıb. Bu barədə mən mətbuatda və “Arxivlərdən gələn səslər” kitabımda geniş məlumat vermişəm…” Və bildirirsiniz ki, bütün musiqi kollektivlərində erməni ifaçılar, xüsusən də kamançaçılar olublar.
Bəli, XX əsrin sonlarına qədər erməni kamançaçılara triolarda (muğam üçlüklərində) yer ayıraraq şovinist deyil, beynəlmiləlçi olduğumuzu nümayiş etmişik. Digər çalğı alətlərini də (tar, gitara, klarnet, balaban) ustad ifa edən erməniləri xalqımız həmişə məclislərinə aparıb, ayrı-seçkilik etməyib, onlara çörək verib. Əslində bu bir insanlıq nümunəsidir. Eyni zamanda, trio məsələsinin görünməyən tərəfləri də vardı. Əvvəla, biz musiqiçinin etnik mənşəyinə çox da fikir vermədiyimiz halda, Azərbaycanda və digər sovet respublikalarında vəzifəli ermənilər həmişə çalışırdılar ki, ən mühüm tədbirlərdə erməni musiqiçiləri daha çox iştirak etsinlər. İkincisi, XX əsrin əvvəllərində qrammofon valları istehsal edən şirkətlərə tapşırılırdı ki, səsyazmaya dəvət olunan musiqiçiləri erməni Saşa Oqanezaşvili təyin etməlidir. O da dəbdə olan xanəndələrin səsini yazdırır, əvəzində həmin xanəndələr onu toylara aparırdılar. Üçüncüsü, səsi lentə alınan xanəndəni müşayiət etmək üçün Saşa özü gedə bilmədikdə heyətə mütləq bir erməni kamançaçı daxil edirdi. Həmin xanəndəyə də tapşırırdı ki, bundan sonra bu kamançaçını toylara apararsan. Dördüncüsü, xanəndələrə bütün dövrlərdə erməni kamançaçını toya aparmaq maliyyə baxımından sərf edirdi. Təsəvvür edin, istənilən xanəndə əgər toya türk kökənli kamança ifaçısı aparsaydı, onun pulunu kəsə bilməzdi. Çünki həmin ifaçının da, ermənidən daha ustad olduğuna görə, başına “qızıl” pullar yağdırırdılar. Bu da bəzi xanəndələrə sərf etmirdi.
F.Şuşinski həqiqətən, kitab yazanda böyük əziyyət çəkib, arayıb-araşdırıb erməni musiqiçiləri tapıb ortaya çıxarıb. Onun musiqiçilər haqqında yazdığı oçerklərdə yetərincə erməni musiqiçilər var və çoxunu da kamançaçılar təşkil edirlər. Halbuki həmin dövrdə bizim kamança ifaçılarımız yetərincə idi: Qaraçı Hacıbəy, Məşədi Qulu Əlizadə, İsfəndiyar Kəngərli, Mirzə bəy, Rasim Şirinov, Böyükkişi Əliyev, Azay Hacıoğlu, Ərdəbilli Mirzə Səttar, Tehranlı Ramişgər, XX əsrin əvvəllərində – İsmayıl Talışinski, Qılman Salahov, Hacıbaba Əliyev, Sarəng ləqəbli Mirkazım Aslanlı, Cəvahir Həsənova, Ruqiyyə Rzayeva, Mikayıl Hüseynov və başqaları. Niyə bunlar haqqında F.Şuşinski portret yazılar vermirdi? Çünki bu sənətkarlar onun maraq dairəsində deyildilər, onun işi erməniləri təbliğ etmək idi…
Özünüz də etiraf edirsiniz ki, Firidun Şuşinski Azərbaycan sənətkarlarının ifasında ilk qrammofon valı istehsalının tarixini 1906-cı il göstərməklə, yanlışlığa yol verib. Arxiv idarəsi işçisi olsanız da, siz də “1904-cü il” yazmaqla, heç də F.Şuşinskidən geri qalmırsınız. Deməli, kimsə sizin “Arxivlərdən gələn səslər” kitabınızdan istifadə etsə, o da yanlışlığa yol verəcək. Halbuki bu mövzu dəfələrlə elmi dairələrdə müzakirə olunub. Məlumatınız olsun ki, Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi İdarəsinin keçmiş direktoru, “Şərəf” ordenli, Əməkdar incəsənət xadimi Həsənxan (Yaqub) Mədətovu Azərbaycan Milli Konservatoriyasında görüşə dəvət etmişdik. O, arxiv sənədləri əsasında ilkin olaraq bildirdi ki, sənədlərdəki şifrələrə əsasən, ilk qrammofon valı istehsalının tarixi 1902-ci ilin sonu – 1903-cü ilin ilk aylarına təsadüf edir. Sonra H.Mədətov sənədlərin təhlilini davam etdi və çıxışının sonunda aydın oldu ki, 1903-cü ilin ilk ayları daha səhihdir. Beləliklə, elə həmən ildə, 6 aydan sonra Seyid Mirbabayev də Riqaya gedib səsini yazdırmış, Cabbar Qaryağdıoğlu isə səsi qrammofon valına yazılan 3-cü xanəndəmiz olmuşdur.
“Məqalənizin” sonunda hələ bir ironiyalı tövsiyə də edirsiniz: “Sonda sizə məsləhət edirəm: əlli il kamança çalmısınız, gedin, yenə onun qulpundan yapışın. Bəlkə, uşaqlarımıza bir xeyri oldu.”
Allahıma şükür edirəm ki, sənətə kamança ilə başlamışam və sonra digər alətlərimizin də dilini öyrənmişəm. 44 illik fasiləsiz iş stajım var. Bu illərdə çoxlu, o cümlədən tanınmış ifaçılar yetişdirmişəm. Müxtəlif çalğı alətlərində ifam ilə dünyanın dörd tərəfində (Türkiyə, Özbəkistan, Qırğızıstan, İran, Misir, İraq, Rusiya, Yaponiya, İsrail, Almaniya, Niderland, İtaliya, İsveç, Belçika, Yunanıstan, İngiltərə, ABŞ, Meksika və s.) musiqi mədəniyyətimizi layiqincə təbliğ etmişəm.
Hörmətli Aslan Kənan! Bu sizin mənə ünvanladığınız əsassız, qərəzli və böhtan dolu yazılarınıza sonuncu cavabımdır. Çünki artıq sizin iç üzünüzü açıb göstərən kifayət qədər yazılı material var. Sizə xəbərdarlıq edirəm ki, əgər haqqımda əsası olmayan şəratmalarınızı davam etdirsəniz, sonrakı danışıqları hüquqi müstəvidə vəkilimlə məhkəmədə aparacaqsınız. Məhkəmə qərarı ilə təzminat ödəməyə və üzr istəməyə məcbur edilmək istəmirsinizsə, susmağınız məsləhətdir.
27 iyun 2020-ci il
НОВОСТНАЯ ЛЕНТА