Время в Баку - 12:54

САМОЕ ЧИТАЕМОЕ

“QARABAĞ AZƏRBAYCANDIR!” SƏDASI BU DƏFƏ QAZAXISTANDAN GƏLDİ — Rövşən Məmmədoğlunun eyniadlı kitabının təqdimatı keçirildi / Fotolar


44 günlük Qarabağ zəfərinin üzərindən iki il ötsə də, qələbənin xoş əks-sədası hələ gəlməkdədir. Bu dəfə «44 gün»ün xoş sadəsı qardaş ölkə Qazaxıstandan gəldi. Üstəlik, Prezident İlham Əliyevin Qarabağın Azərbaycana məxsus olmasını əks etdirən «Qarabağ Azərbaycandır!» deyimi ölkədə və ölkə xaricində keçirilən tədbirlərin şüarı halına gəlmişdir.

Suveren.az xəbər verir ki, «Qarabağ Azərbaycandır!» şüarı Qazaxıstanda fəaliyyət göstərən “Axıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun müəllifi olduğu kitabın adında da əks olunur. Hansı ki, 15 may 2022-ci il tarixində Qazaxıstanın Almatı şəhərində Rövşən Məmmədoğlunun dillərə dastan olmuş «Qarabağ Azərbaycandır!» şüarı ilə eyniadlı kitabının təqdimatı baş tutdu. Kitab nəfis tərtibata malikdir. Kitabda Qarabağın, 44 günlük vətən müharibəsinin Azərbaycan üçün nələri ifadə etidiyinə toxunulub, bu savaşın ölkə üçün hansı yeni reallıqlar doğurduğu əks olunub. Belə desək, kitabdakı şerlər tərənnüm etdiyi vətənpərvərlik ruhu ilə sanki doğma torpağa qovuşmaq üçün Şuşanın qayalarına dırmanaraq onu düşməndən xilas edən, düşməni onun qoynundan qovan əsgərin adından səslənir, vətən sevgisini tərənnüm edir, müzəffər ordumuzun torpağa olan eşqini təsvir edir. Kitabdakı şerləri oxuyarkən, sanki ordumuzun Qarabağı xilası göz önündə canlanır. Misralar əsgərlərimizin rəşadətini, igidliyini bəlağətlə təsvir edir.

Məlum olduğu kimi, 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub. Bu baxımdan da Qarabağ zəfərmizlə səs-səsə verən «Qarabağ Azərbaycandır!» kitabının nəşri tam yerinə düşür. Belə bir söz var: “Qələm yazanı balta kəsə bilməz”. Bu prizmadan bir daha vurğulamalıyıq ki, silah gücünə qazandığımız qələbəni «Qarabağ Azərbaycandır!» kimi kitablar bir daha vurğulayır. Bu qəbildən olan qələm işləri qələbəmizi qızıl hərflərlə tariximizə yazır.

Təqdimatla bağlı təşkil olunan mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanovla yanaşı, Qazaxıstanın sayılıb-seçilən bir sıra ictimai xadimləri iştirak ediblər. Tədbirin moderatoru Qazaxıstan Respublikasının Prezidenti yanında Gənclər Siyasəti Şurasının üzvü, Qazaxıstan Xalqları Assambleyasının Gənclər Təşkilatları, Etnomədəni Birlikləri Koordinasiya Şurasının məsul katibi Axmetov Rasul Surmaliyeviç idi. Tədbir iştirakçıları kitabla bağlı xoş fikirlərini bildirib, 44 günük müharibənin Azərbaycan üçün mühüm dönüş nöqtəsi olduğunu, Şuşayla bağlı təəssüratlarını ifadə ediblər.

Tədbiri çıxış nitqi ilə açan Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın Azərbaycanın birinci strateji müttəfiqi olduğunu qeyd edərək sözügedən kitabın əhəmiyyətini, Qazaxıstanla Azərbaycanın, iki ölkənin xalqlarının qardaşlığını vurğuladı. Eləcə də Talqar şəhər litseyinin şagirdləri kitabdan şerlər səsləndirdilər.

Tədbirdə söz alan «Barbanq» Qazaxıstan Kürdlərinin Assosiasiyası Aziz Ziyayeviç Aliyev Rövşən Məmmədoğlunu kitabın işıq üzü görməsi münasibətilə təbrik edərək Qarabağın kimə məxsus olmasını hər zaman bildiklərini, buna heç vaxt şübhə etmədiklərini, «Qarabağın Azərbaycan olaraq qalacağını» ifadə etdi. Qazaxıstandakı «Ahıska» etno-mədəni mərkəzinin Ağsaqqallar Şurasının sədri Asanpaşa Aqadadie«Ata-Yurd» ictimai təşkilatının sədri Süleyman Axmedov, hüquq elmləri doktoru, professor Hacımurad İsayev mərhum dövlət başçısı Heydər Əliyevlə prezident İlham Əliyevin Azərbaycan üçün çox işlər gördüklərini, bütün dünyanın Azərbaycan önündə baş əydiyini, hazırkı zamanda döyüş meydanında müharibə ilə qələbənin əldə edilməsinin çətin olduğunu, amma Azərbaycan dövlət başçısının buna nail olduğunu vurğuladı. «Bu 44 günlük müharibə müddətində fikrimiz, ürəyimiz gecə-gündüz Qarabağın yanında idi. Biz çox həyəcan keçirirdik. Bəlkə də bizim enerjimiz də qələbənin əldə olunmasında rol oynadı», — deyə Hacımurad İsayev bildirdi. Professor Hacımurad İsayevin fikrincə, bu kitabın nüsxələrini dünyanın müxtəlif ölkələrinə göndərmək zəruridir.

Hüquq elmləri doktoru, şair Əlipaşa Qarayev hər yazılan kitabın da bir ömrünün olduğunu deyərək «Qarabağ Azərbaycandır!» nəşrinə uzun ömür arzuladı. “Kitab zaman maşını kimidir. Onun köməyilə biz keçmişə, gələcəyə səyahət edirik. Buna görə kitab böyük dəyərdir», — sözləri ilə şair Əlipaşa Qarayev bu kitabın da mühüm dəyər ifadə etdiyini vurğuladı.

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun çıxışı da tədbirə özünəməxsus çalar qatdı. Kassanov müharibədə zəfərdən sonra haqlı olduğunu təsdiqləmənin çox çətin olduğunu, bu anlamda Azərbaycanın böyük qələbəyə imza atdığını ifadə etdi. “»Qarabağ Azərbaycandır!” faktı və bu başlıqda kitabın varlığı tarixi faktdır. Müharibədə qalib gəlmək bir məsələdir, lakin haqlı olduğunu sübut etmək isə ən böyük problemdir. Müharibə nəinki bir insanın ölümü, bir ailənin məhvi deməkdir. Mən Ukraynadakı axısxalıları döyüş bölgəsindən çıxarmaqla, onları Türkiyəyə aparmaqla məşğul oluram. Mən özüm bu insanlarla görüşürəm, onlarla eyni həyəcanı yaşayıram. Yaxşı ki, onların çoxu sağdır. Bütün bunlar birinci Azərbaycan xalqının başına gəlib. 90-cı illərdə 1 milyon azərbaycanlı qaçqınlıq həyatına düçar oldular. Heç kim ermənilərin azərbaycanlılara verdiyi zülmdən danışmadı. Qarabağda qadınların qarnından uşağın çıxarılması hadisəsi yaşanmışdı. Bunu edən insan ola bilməz, heyvan da bunu etməz. Heç kim demirdi ki, Qarabağ Azərbaycanındır. “Qarabağ” sözü belə türk sözüdür».

Ziyəddin Kassanov Ukraynada baş verən hadisələr nəticəsində bir daha köçkün həyatı yaşamağa məcbur olan axısxalıların başına gələnləri misal çəkərək, ukraynalıların da bir vaxt azərbaycanlıların başına gələnləri hazırda yaşamaqda olduqlarını, Azərbaycanın çox çətin sınaqlardan çıxdığını, Ukrayna və ukraynalılara dəstəklə müqayisədə Azərbaycana və azərbaycanlılara dünya tərəfindən dəstəyin verilmədiyini, günahsız insanların müharibə qurbanlarına çevrildiyini, müharibəni durdurmağın və haqq-ədaləti bərqərar etməyin çətin olduğunu sadalayaraq, prezident İlham Əliyev başda olmaqla Azərbaycanın həm döyüş meydanında, həm informasiya savaşı meydanında qələbə çaldığını bildirdi. Kassanov ermənilərin yad torpaqlarına sahiblənməsini, onları öz adına çıxmasını yolverilməz adlandırdı, başqa xalqa sığınacaq verən, onunla tikəsini bölüşən azərbaycanlılara qarşı ermənilərin ədalətiszliyinin, hüquqa zidd olan yad torpaqların anneksiyasının qarşısının alınmasının labüd olduğunu vurğuladı. «Biz illərdir Qazaxıstanda yaşayırıq. Biz də 50 ildən sonra qazaxlara deyək ki, bura bizim torpağımızdır, siz çıxıb gedin», — deyə sual edən Kassanov tarixi həqiqətlərdən bəhs edən kitabların gərəkli olduğunu, «Qarabağ Azərbaycandır!» kitabında da tarixi ədalətin, həqiqətin əks olunduğunu, bu səbəbdən də belə kitablara ehtiyac olduğunu qeyd edərək, Rövşən Məmmədoğluna bu əsəri ərsəyə gətirdiyi üçün təşəkkürünü çatdırdı.

Onu da qeyd edək ki, Qazaxıstanın digər ictimai xadimlərindən olan «Uyğur avazı» qəzetinin redaktoru Erşat Asmatov, «Döyçe Zaytunq» alman qəzetinin baş redaktoru Olesya Klimenko, Qazaxıstanın milli «Dədə Qorqud» fondunun və «Azərbaycan dünyası» beynəlxalq jurnalının Qazaxıstan təmsilçisi Nasixa Kenjina da tədbir iştirakçılarından idilər. Xatırladaq ki, Nasixa Kenjina «Qarabağ, evə uzun yol» kitabının müəllifidir. O, hər zaman beynəlxalq səviyyələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edib, beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Nasixa Kenjina 44 günlük müharibə müddətində də erməni aqressiyasının ünvanına kəskin çıxışlar səsləndirib. O, Azərbaycan haqda 3 kitabın müəllifidir. Şuşaya təşkil olunan ziyarətçilər sırasında da Nasixa Kenjina var idi. Bəlkə də Azərbaycana bu qədər bağlılığı səbəbindən Nasixa Kenjinanın tədbirdə alovlu çıxışı ürəkləri riqqətə gətirdi, necə deyərlər «Qarabağ, evə uzun yol» kitabının müəllifinin nitqi tədbirə xüsusi imzasını vurdu.

N.Kenjinanın Şuşa təəssüratları isə kövrək məqamlarla zəngin idi. Onun da çıxışı tədbirdəki digər iştirakçılar kimi Qazaxıstan-Azərbaycan qardaşlığının, doğmalığının, istiliyinin, sarsılmazlığının sözlərlə ifadəsi idi.

Sonda isə deyək ki, təqdimatdakı çıxışların, nitqlərin, ürək sözlərinin əsrlərlə bizə yeridilmiş ayrılıq tilsiminin sındırıldığının təsdiqi olmasına şahid olduq.

Tədbirin yekununda müəllif Rövşən Məmmədoğlu kitabın necə yazılması, necə ilham alması, Axısxa sürgünü haqda romanın onun yazar fəaliyyətinə necə təsir etməsindən bəhs etdi. Yazar Şuşaya qayıdışını, bu torpağa ilk səfərini belə təsvir edir:

Bu nə xoş görüşdür, bu nə işıqdır,

Otuz il həsrətdə sindiyim torpaq.

İndi səcdəgaha gəlmişəm səni,

Allah əmanəti sandığım torpaq.

Fikrimizcə, yazılanlara tədbirdə səsləndirilən misralarla yekun vurmaq yerinə düşər, sözümüzü də nikbin notlaral bitirək, necə ki, Rövşən Məmmədoğlunun şerində də deyilir:

Türkü türkdən ayırmaq, bu şeytanın işidir,

Ayrılmaz bir vücuddur, bir ölkədə iki can.

Təməli bir, kökü bir, ruhu bir, adəti bir,

Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan!

Əminik ki, bundan sonra türklərin arasına ayrılıq girməyəcək… Azərbaycanın Qarabağa qayıtdığı kimi, axısxalılar da Axısxaya qayıdacaqlar və bunda DATÜB Başqanı Ziyəddin Kassanov başda olmaqla axısxalılar mühüm rol oynayacaqlar…

НОВОСТНАЯ ЛЕНТА