Время в Баку - 02:15

САМОЕ ЧИТАЕМОЕ

  “QARABAĞ AZƏRBAYCANDIR NİDASINDAN ŞUŞA İLİNƏ”


AMEA Gəncə Bölməsinin gənc aliminin Bişkekdə kitabı nəşr olunub

      AMEA Gəncə Bölməsinin elmi işçisi,  filologiya üzrə fəlsəfə doktoru  Əlimuxtar Muxtarovun  “Qarabağ Azərbaycandır nidasından  Şuşa ilinə”  kitabı Qırğızıstanın paytaxtı  Bişkek  şəhərində  fəaliyyət  göstərən  Türkdilli Dövlətlərin Səyasətinə Dəstək Fondunun  xətti ilə “Uluu Toolor” nəşriyyatında nəfis  şəkildə  nəşr  edilib. Alimin beş dildə — Azərbaycan, Türk, Qırğız, Özbək və Rus dillərində işıq üzü görən  kitabı   ölkə başçısının 2022-ci ilin Azərbaycanda «Şuşa İli» elan olunması haqqında  Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə sanballı ədəbi töhfədir.

Kitab Ölkə Başçısı İlham Əliyevin 05 yanvar 2022-ci ili Şuşa ili elan etməsi ilə bağlı imzaladığı sərəncamın Azərbaycan, Türk, Özbək, Qırğız və Rus dillərində tərcüməsi ilə başlayır.

“Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə” kitabı   şanlı Qarabağ zəfərinə  həsr olunan ilk  maraqlı toplulardandır və  ortaq Türk mədəniyyətimizin bədii rəmzi  kimi  diqqəti  cəlb edir.

Müəllif  ölkə başçısı, cənab İlham Əliyevin  2022-ci ili Şuşu  ili elan etməsinin   tarixi əhəmiyyətini çox yüksək qiymətləndirir,  bu vacib  sənədin  Şuşanın özü qədər, tarixi, ədəbiyyatı, incəsənəti qədər böyük dəyəri olduğunu xüsusi vurğulayır. “ Əziz Şuşa sən azadsan! Biz səni dircəldəcəyik! – sözləri  Ali Baş Komandanın bizim haqq işimizə, ordumuza və xalqımızın  dəstəyinə  inamın  bariz   ifadəsidir. 

Kitabda  2007-ci ildən başlayaraq bu günümüzədək     respublikamız  üçün taleyüklü illərin sadalanması,  həyata keçirilmiş işlər, əldə olunan  uğurların milli məntiqi ardıcıllıqla  bir-birini  əvəzləməsi, əslində azad Şuşaya aparan  zəfər   pillələri, uzaqgörən müdrik siyasətin  Şuşa  qələbəsi  iə nəticələnən   tarixi təntənəsidir.

Kitabda  Azərbaycanın xalq  sənəti  beşiyi,  musiqi  dünyamıza  bir sıra  dahi  şəxsiyyətlər   bəxş etmiş qədim Şuşanın tarixi,   füsunkar  gözəlliyi   nə qədər axıcı, rəvan dillə tərənnüm olunursa,  onun erməni işğalı dövründə vandalizmə məruz qalması, üzləşdiyi  fəlakətlər bir o qədər nifrət hissi ilə ifadə edilir.

Şuşanın  uzun ayrılıqdan sonra Ali Baş Komandanın  əzmi və  iradəsilə,  Azərbaycan ordusunun rəşadəti və xalqımızın  dəstəyi ilə  öz  azadlığına qovuşması   qələbə marşının təntənəsindən  doğan  qürur hissi  yaşadır.

“Şuşa ili Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun, əziz Şəhidlərimizin, Qazilərimizin timsalında Böyük ömrün tarixi hesabatıdır.   Şuşa ili tarixi ata nəsihətinin reallaşması, günəş kimi təzahürü, ilhamnaməsidir. Xüsusilə Şuşanın azadlığa qovuşması,  tarixi, dünyəvi ədalətin zəfər çaldığı gün  Ali Baş Komandanın qərinələrlə, yüzilliklərlə yaşayacaq manifest nitqi uca millətin olduqca yüksək zirvələrdən zəfər bəyanı idi.  ”Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Müəllif qürur hissi ilə vurğulayır ki,  Şuşa ili  heç bir tarixi, mədəni əsası olmayan erməni faşizminin, onu müdafiə edən   havadarlarının  sözün əsl mənasında süqutu, iflası ilidir.

Kitabda tarixi zəfərdən sonra qısa zaman kəsiyində Qarabağın hər bir guşəsində,  Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada möhtəşəm quruculuq layihələrinin  gercəkləşdiyi qürur hissi ilə qeyd edilir. Qısa müddətə hazırlanan  Baş plana uyğun olaraq  Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə  kompleksinin öz ilkin görkəminə qaytarılmasını,  Bülbülün ev muzeyinin əsl sənət məbədinə çevrilməsini,  Üzeyir bəyin heykəlinin, eyni zamanda buradakı tarix-mədəniyyət abidələrinin,  dini və memarlıq məkanlarının bərpasını  ölkəmizin  mədəniyyət paytaxtındakı  kompleks tədbirlərin tərkib hissəsi  kimi qeyd edilir, qürurverici  tarixi hadisələr adlandırılır.

Bu il türk dövlətləri musiqiçilərinin iştirakı ilə Bişkek və İssık Kulda   “İssık Kul-Türkün inci  dünyası” adlı festival  keçiriləcəkdir. Tədbirdə  Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyevanın  sözlərinə bəstələnmiş  “İssık-Kul”  mahnısının təqdimatı nəzərdə tutulur.   Festivalda yeni nəşr olunmuş “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə” kitabı beş türk dövləti  oxucularına təqdim olunacaqdır.

Qeyd edək ki, mətni Türk dilinə Yusuf Aslan, Özbək dilinə Gülzira Şərifova, Qırğız dilinə Cumadin Kadırov, Rus dilinə isə Aynurə Əmiraslanova tərcümə etmişlər.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun xətti ilə «Uluu Toolor» nəşriyyatında nəfis şəkildə 5 dildə nəşr edilən həm “Qarabağ Azərbaycandır Nidasından Şuşa ilinə”  və  şair Vaqif Aslanın  3 dildə çap edilən “Şuşadakı duyğular” şeirlər kitabları  Azərbaycanla yanaşı, Orta Asiya dövlətlərinin  geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Yeni toplular  həm də  türk dövlətlərinin birliyinə və qardaşlığına sanballı töhfədir.

Vaqif TANRIVERDİYEV                                                                                                AMEA Gəncə Bölməsində şöbə müdiri

FOTOLAR: “Qarabağ Azərbaycandır nidasından  Şuşa ilinə”  kitabı

 

 

НОВОСТНАЯ ЛЕНТА