Время в Баку - 09:26

САМОЕ ЧИТАЕМОЕ

Heydər Əliyevin  neft strategiyası müasir Azərbaycan dövlətinin inkişafının təməl daşıdır


“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyətləri» kitabından

 

C.Ə.Bəhramov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

elmi işlər üzrə direktor müavini,

tarix üzrə fəlsəfə doktoru,dosent

 

 

 

Sovet imperiyasının dağılması və keçmiş müttəfiq respublikaların müstə­qillik əldə etməsi prosesi ilk baxışda asan görünsə də, həlli çox ağır olan iqtisadi prob­lem­lər yaratdı. Sovet hakimiyyəti illərində yaradılmış ümumittifaq xalq təsər­rüfatı kom­pleksi iflic vəziyyətinə düşdü. Siyasi münasibətlərin kəsilməsi iqtisadi əlaqələrin qı­rıl­­masına və keçmiş postsovet məkanında ağır iqtisadi böh­ranın yaranmasına səbəb oldu.

1941-1945-ci illər müharibəsi dövründə alman faşizmi üzərində qələbədə və XX əsrin ikinci yarısında Rusiya Federasiyasında, Ukrayna, Qazaxıstan, Türk­mə­nis­tan, Özbəkistan respublikalarında, habelə dünyanın bir çox ölkəsində milli neft sə­nayesinin yaradılmasında müstəsna rol oynamış Azərbaycanın özünün neft səna­yesi 1980-ci illərin sonu — 1990-cı illərin əvvəlində respublikaya rəhbərlik edən­lərin ba­carıqsızlığı ucbatından ağır vəziyyətə düşmüşdü. Belə ki, 1985-1990-cı illər ərzində neftçıxarma sənayesində ümumi məhsulun həcmi 89 faiz təşkil edirdi. Bu da bir tarixi həqiqətdir ki, XX əsrin 40-cı illərinin  sonu – 50-ci illərinin  əvvəlində və 60-cı illərin sonunda Azərbaycan neft sənayesinin məhv edilməsi üçün mərkəzi höku­mətin bəzi yüksək rütbəli məmurları ermənilərin təhriki ilə cinayətkar məsələlərə əl atmağa cəhdlər də göstərmişdilər. Lakin xalqımıza qarşı düşünülmüş bu düşmənçilik niy­yətləri M.C.Bağı­rovun, İ.D.Mus­tafayevin və xüsu­silə də ümum­milli lider Heydər Əliyevin həyata keçirdikləri məqsədyönlü təd­birlər nəticəsində baş tutmamışdı.

1992-1993-cü illərdə respublikada neft hasilatı 12,5 mln. tondan 9,6 mln. tona, qaz hasilatı isə 9,9 mlrd. kubmetrdən 6,5 mlrd. kubmetrə enmişdi. Bakının neftayırma zavodlarında il ərzində cəmi 9 mln. ton neft emal olunurdu.

müstəqillik əldə etmiş keçmiş müttəfiq respublikalardan fərqli olaraq, 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla bərabər, siyasi böhranla da üzləş­mişdi. Bir tərəfdən, Rusiya Federasiyasının siyasi-hərbi yardımına arxalanan Ermənistanın hərbi təcavüzü, di­gər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycan Respublikasını vətəndaş müharibəsi və parçalanma həddinə gətirib çıxarmışdı. Yaranmış ağır siyasi və iqtisadi böhrandan çıxmaq üçün həmin dövrdə respublikada cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında birləşdirə bilən, son dərəcə mürəkkəb hərbi-siyasi vəziyyətdən çıxış yolu tapmaq iqtidarında olan və ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinə sərmayə cəlb edə bilən qüvvə yox idi. Bu daxili amillərlə yanaşı, özünün geosiyasi vəziyyətinə görə Azərbaycan Respublikası keçmiş SSRİ-nin süqutundan sonra dünya dövlətləri üçün kəskin mübarizə və maraq obyektinə çevrilmişdi. Belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri Azərbaycan Respublikasının zəngin neft ehtiyatlarının olması idi. Hələ XIX əsrin ikinci yarısından Şimali Azərbaycanın «qara qızıl»ın əsl qiymətini bilən xarici ölkə şirkətləri artıq 1990-cı ildən respublika hökuməti ilə Xəzər dənizindəki zəngin neft yataqlarının birgə işlənilməsi haqqında danışıqlara baş­lamışdılar. Azərbaycan SSRİ neftinə olan bu marağın artmasında 1989-cu ildə Bakıya səfər edən Şotlandiyanın «Remko» şirkətinin prezidenti S.Rampın Böyük Bri­taniyaya qayıtdıqdan sonra BP şirkəti ilə apardığı danışıqların böyük rolu olmuşdu.

Hələ 1991-ci ilin qışında Abşeron yarımadasında neftçıxarma üçün əlverişli şəraitin yaradılması istiqamətində konkret işlər görülmüşdü. yanvarın 18-də SSRİ hökumətinin və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı ilə Xəzərin Azər­baycan SSR sektorundakı «Azəri» yatağının birgə kəşfiyyatı və işlənilməsinə dair  «Xəzər­dənizneftqaz» birliyinin və xarici neft şirkətlərinin iştirakı ilə birgə müəs­sisənin yaradılması üçün müsabiqə keçirilməsi qərara alınmışdı. 1991-ci ilin iyununda keçirilən müsabiqənin qalibi ABŞ-ın məşhur «Amoko» şirkəti elan edil­di. Bundan sonra isə layihədə iştirak etmək üçün «BP/Statoyl» alyansı, «Yuno­kal», «MakDermott» və «Remko» şirkətləri də cəlb olundular. Ancaq layi­hədə 45 faiz paya malik olan «Amoko» öz liderliyini saxlayırdı. Müəyyən edilmiş ümumi payın 85 faizi Azərbaycan Respublikasına, qalan 15 faizi isə qərb şirkətlərinə çatmalı idi.

Lakin 1992-ci ilin birinci yarısında başlanan hakimiyyət uğrunda mübarizə və Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi xarici şirkətlərlə nəzər­də tutulan müqavilənin imzalanmasını təxirə saldı. AXC-Müsavat hökuməti öz iqtisadi planında neft məsələsini ön plana çəkdi. 1992-ci ilin sentyabrında Dövlət Neft Şirkəti (ARDNŞ) yaradıldı və o, xarici şirkətlərlə danışıqları davam etdirdi. 1992-ci ilin sonuna yaxın Xəzərin Azərbaycan sektorundakı dörd ən böyük yataqda — «Azəri», «Şahdəniz», «Çıraq» və «Günəşli» yataqlarında kəşfiyyat və başqa  işlərin birgə aparılmasına dair beş niyyət protokolu imzalandı. «Amoko», «Penzoyl» və BP şirkətləri ilə yanaşı, layihəyə Türkiyənin «TPAO» şirkəti də cəlb  edildi. Rusiyanın «Lukoyl» şirkətinə və İran şirkətlərinə isə layihədə iştirakda imtina olundu. Bu isə onsuz da o dövrdə çox ağır siyasi vəziyyətdə olan Azər­baycan Respublikasına qonşu dövlətlər – Rusiya və İran tərəfindən göstərilən təz­yiqlərin artmasına səbəb oldu. Rusiyanın əlində oyuncaq olan Ermənistan «dövləti» 1992-ci ilin mayında öz təcavüzünü genişləndirərək, rus ordusunun birbaşa hərbi yardımı ilə Azərbaycanın böyük hərbi-strateji əhəmiyyət kəsb edən Şuşa və Laçın, 1993-cü ilin aprelində isə Kəlbəcər rayonlarını işğal etdi.

1993-cü ilin iyununda imzalanması nəzərdə tutulan müqavilənin şərtləri Azərbaycan Respublikasının maraqlarına heç də tam şəkildə cavab vermirdi. Mü­qavilənin şərtlərinə görə ARDNŞ-in payı 70 faiz, xarici şirkətlərin payı isə 30 faiz təşkil edirdi. 1993-cü ilin mayında ARDNŞ ilə xarici şirkətlər arasında «Azəri», «Günəşli» və «Çıraq» yataqlarında bir­gə fəaliyyət haqqında 6-cı memo­randum imzalandı və iyunun 4-də ARDNŞ-in direktorlar şurası birgə fəaliyyət haqqında bəyannamə qəbul etdi.

AXC-Müsavat rəhbərliyinin daxili və xarici siyasətdəki kobud  səhvləri, səriştəsizlik və təcrübəsizliyi 1993-cü ilin iyununda ölkədə ağır siyasi-ictimai və hərbi böhranın yaranmasına səbəb oldu. Ölkə daxilində vətəndaş müharibəsinin başlanması təhlükəsinin artmasını görən xalqın görkəmli ziyalıları təcrübəli dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət etdilər. 1993-cü il iyulun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev elə ilk günlərdən çox ağır və həlli çətin olan məsələləri öz üzərinə götürdü. ölkə tədricən siyasi və hərbi böhrandan çıxmağa başladı. Heydər Əliyev 1993-cü ilin ikinci yarısında respub­likada yaranmış siyasi-iqtisadi və hərbi böhran şəraitində AXC-Müsavat hakimiy­yətinin hazırladığı neft müqaviləsinin imzalanmasını təxirə saldı. Bir il müddətində gedən danışıqlar zamanı Prezident Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının mənafeyinə xələl gətirə biləcək hər hansı bir müqavilənin imzalanmaması üçün yeni müqavilənin hazırlanması ilə bağlı işlərə nəzarəti öz əlində saxlayaraq, bu işə yüksək ixtisaslı mütəxəssisləri cəlb etdi. Bundan əlavə o, hazırlanmış yeni mü­qavilənin çox böyük dəqiqliklə yoxlanılması üçün xarici ölkələrdən də eks­pertlərin daxil olduğu komissiya yaratdı. Prezidentin göstərişi ilə ARDNŞ-in rəhbər­liyinə də təcrübəli mütəxəssislər cəlb olundu. Aparılan danışıq­larda əv­vəl­kindən fərqli olaraq, üç deyil, iki neft yatağı – «Azəri» və «Çıraq» yataqlarından söhbət gedir, pay böl­güsündə isə Azərbaycanın payı 80 faiz nəzərdə tutulurdu. xarici şirkətlər tərə­findən ödəniləcək bonusun həcmi 500 mln. dollar müəyyən olundu ki, bu məbləğin də yarısı müqavilə onu imzalayan  şirkətlərin ölkələrinin parla­mentində ratifikasiya edildikdən sonra dərhal ödənilməli idi.

Azərbaycan Respublikasının müstəqil xarici və daxili siyasət yeridəcəyini yəqin edən rusi­ya Federasiyasının militarist qüvvələri Ermənistan «dövlətinə» hərbi yardımı gücləndirərək, 1993-cü ilin yay-payızında Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğal olunmasına şərait yaratdı. Rusiyanın bu təcavüzkar dairələri 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş keçmiş sovet respublikalarında siyasi nəzarəti itirsələr də, hərbi və strateji mövqeni itirmək istəmirdilər. Bu baxımdan həmin dövrdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında təşkil edilmiş müdafiə Tədqiqatları İnstitutunda hazırlanmış «Rusiya Federasiyasının milli təhlükəsizliyi üçün yaranan əsas xarici təhlükələrə qarşı müqavimət stra­tegiyasının konseptual qaydaları» adlı sənəd diqqəti cəlb edir. Bu sənəddə açıq-aydın deyilirdi: «Mühüm vəzifə «Xəzər neft müqaviləsi»nin hazırkı şəkildə real­laşmasına imkan verməməkdir. Bunun üçün aşağıdakı bir sıra kompleks tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:

— Xəzərin Azərbaycana məxsus hissəsini rəsmi olaraq hüquqi cəhətdən tanımaqdan imtina etmək;

— praktik olaraq bir sıra tədbirlər görmək, lazım gələrsə, Xəzərin statusu müəyyən olunanadək onun keçmiş sovet hissəsində xarici neft şirkətlərinin fəaliy­yətinə imkan verməmək üçün güc tətbiq etmək;

— Azərbaycan Respublikasının əsas ərazisi ilə Türkiyə Respublikasının ərazisi arasında birbaşa əlaqənin yaradılmasına imkan verməmək;

— erməni hərbi hücumunu Gəncə və Yevlax istiqamətində gücləndirmək yolu ilə Bakıdakı rejimə təzyiq göstərmək».

Göründüyü kimi, Dağlıq Qarabağı əhatə edən rayonların işğalı sənəddə göstərilən tədbirlərin tərkib hissəsi idi. Çünki onların həyata keçirilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunda nüfuzunun artacağı və tezliklə Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll edəcəyi aydın idi. Digər tərəfdən, o vaxt Türkiyə Bosfor və Dardanel boğazlarından keçən neftdaşıyan tankerlərin sayının azaldılması tələbi ilə çıxış edərək, tez-tez baş verən qəzalar nəticəsində İstanbul şəhəri və digər yaşayış məntəqələri üçün təhlükə törətdiyini bəyan etmişdi. Türkiyə Cümhuriyyəti hökuməti 1994-cü ilin martında boğazlardan gəmilərin keçməsi üçün yeni cədvəl tərtib edərək, Beynəlxalq Dəniz Təşkilatına təqdim etdi və onun qəbuluna nail oldu. Bu isə Orta Asiya və Azərbaycan neftinin Novo­rossiysk vasitəsilə ixrac olunması ehtimalını  heçə endirirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü ilin mayın 12-də Ermənis­tanla müharibədə atəşkəs əldə edilməsinə nail oldu. Bu, Azərbaycan Respublikasının ağır sosial-iqtisadi böhrandan çıxmağa başlamasının təsdiqi idi.

Qərb ölkələrinin neft şirkətləri ilə 1994-cü ilin mayında Türkiyənin İstanbul şəhərində aparılan danışıqlar çox ağır gedirdi. Prezident Heydər Əliyevin gərgin siyasi və diplomatik səyləri nəticəsində daxili ictimai-siyasi sabitliyin bərpası ölkənin milli mənafelərini təmin edə biləcək müqavilənin imzalanması üçün danışıqlar prosesini sürətləndirdi. Aparılan danışıqların daha nəticəli olması üçün Prezident Heydər Əli­yevin fərmanı ilə 1994-cü il martın 1-də İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti təyin edildi. İlham Əliyev sonralar «Caspian energy» jurnalına  verdiyi müsahibəsində deyirdi: «bu zaman bizim qarşımızda üç əsas vəzifə dayanmışdı: birincisi, müqavilənin imzalanmasına nail olmaq. İkincisi, müqavilədə Azərbaycan üçün ən əlverişli həm hüquqi, həm də iqtisadi şərtlər yaratmaq. Üçüncüsü isə, müqavilənin işləməsinə nail olmaq».

o vaxt çox ağır vəziyyətdə olan Azərbaycan Respublikası üçün bu vəzifələri yerinə yetirmək heç də asan deyildi. Danışıqların son mərhələsində xarici şirkət­lərin nümayəndələri müqavilənin qüvvəyə minməsini onun imzalanmasından və ölkə parlamentində ratifikasiyasından sonra deyil, yalnız Xəzər dənizinin statu­sunun həll olunmasından sonra qəbul edəcəklərini söylədilər. Təbii ki, Azərbaycan Respublikası hökuməti buna razı ola bilməzdi. Çünki bu şərtin qəbul edilməsi müqavilənin kağız üzərində qalacağı demək idi. Buna görə də Prezident Heydər Əliyevin tapşırığı ilə ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-ın hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Vaşinqtona yollandı və danışıqlar öz müsbət nəticəsini verdi.

Yuxarıda deyildiyi kimi, Rusiya Federasiyasının təcavüzkar dairələri Azər­baycan Respublikasının Xəzər dənizində xarici şirkətlərlə neft hasilatına dair müqavilə imza­lamasına yol vermək istəmirdi. Xəzərin Azərbaycan Respublikası sektorunda neft yataq­larının xarici neft şirkətlərlə birgə işlədilməsinə dair müqavilənin imzalan­masında müəy­yən irəliləyişlər nəzərə çarpmağa başlayanda Mos­­kva Ermənistan-Azər­baycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azər­baycan Respublikasının dövlət müstəqilliyinə zərbə vura biləcək təkliflər irəli sürərək, onun iqtisadi maraqlarının dənizin yalnız 12 millik zonası ilə məhdudlaşacağını bildirdi. Bu isə Azərbaycan Respublikasının öz sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» neft yataq­ları üzərində nəzarətini itirməsi demək idi. 1994-cü ilin yazında RF bu məsələ ilə bağlı çox fəal diplomatik addımlar atmağa başladı. Həmin il aprel ayının 27-də RF XİN Böyük Britaniya XİN-ə nota göndərərək, Azərbaycan Respublikasının Xəzər dənizində yerləşən neft yataqları ilə bağlı müstəqil olaraq hər hansı bir müqavilə imzalamaq hüququ olmadığını bildirdi. 1994-cü ilin yazında isə RF XİN-in təq­dimatı əsasında Prezident B.Yeltsin Azərbaycan Respublikasına qarşı sanksiyalar nəzərdə tutan 396 RPS saylı sərəncam imzalandı. Rusiya hökuməti Xəzər dəni­zinin statusu məsələsini ortaya ataraq, Azərbaycan Respublikası ilə İngiltərə ara­sında 1994-cü ildə imzalanmış «Energetika sahəsində əməkdaşlıq haqqında» me­mo­randumda «Xəzər dənizinin Azərbaycan sektoru» ifadəsinin işlədilməsini qəbul etmədiyini bəyan etdi. Böyük Britaniya səfiri Brayan Folla verilən notada həmçinin xəzər dənizində neft yataqlarının işlədilməsinə dair hər hansı bir müqa­vilənin Rusiya federasiyası hökuməti tərəfindən tanınmayacağı bildirilirdi. Böyük Britaniyanın energetika naziri Tim Eqqar Bakıya səfər edərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə, Xarici İşlər Nazirliyinin və ARDNŞ-in rəhbərliyi ilə apardığı danışıqlardan sonra «RF XİN-in notasına əhəmiyyət verməmək» və əməkdaşlığın davam etdirilməsi haqqında qərar qəbul edildi. Prezi­dent Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində İngiltərə, ABŞ, Türkiyə, Rusiya Federasiyası və başqa ölkələrin neft şirkətləri ilə aparılan intensiv danı­şıqlar 1994-cü il sentyabrın 20-də Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm bir hadisə ilə başa çatdı. ARDNŞ ilə neft hasilatında böyük təcrübəsi olan ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının iri neft şirkətləri («Amoko», «Penzoyl», «Yuno­kal», «Ekson», «Remko», «MakDemott», «Lukoyl», «Britiş-Petroleum», «Stat-Oyl», «Türkiyə Petrolleri AO», «Delta») arasında 30 il müddətinə ilk müqavilə imzalandı. Sonralar «Əsrin müqaviləsi» adlandırılan bu müqavilənin şərtlərinə görə, 30 il ərzində Xəzər dənizinin «Günəşli», «Çıraq», «Azəri» neft yataqlarından 511 mln. ton neft çıxarılması, bunun həyata keçirilməsi üçün 7,4 milyard dollar sərmayə qoyulması nəzərdə tutu­lurdu. Təkcə Azərbaycan Respublikasının payına düşəcək neftin satışından əldə olunacaq gəlirin təqribən 34 milyard dollar olacağı hesablanmışdı. müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının əldə edəcəyi gəlirin üç mən­bədən olduğunu nəzərə alsaq, təqribi hesablamalara görə, ölkənin gələcəkdə 70-80 mlrd. dollar həcmində gəlir götü­rəcəyi ehtimalı vardır.

1994-cü il dekabrın 12-də «Əsrin müqaviləsi» Milli Məclis tərəfindən ratifikasiya olunduqdan sonra Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. «Əsrin müqaviləsi»nin minlərlə yeni iş yerlərinin açılması və Azərbaycan Respublikası vətəndaşlarının işlə təmin olun­ması üçün geniş imkan yaradacağı artıq reallığa çevrilmişdi. Azərbaycan Respub­likasının Prezidenti Heydər Əliyev müsahibələrinin birində milli neft strategiyası işini belə qiymətləndirmişdi: «Mən neft strategiyasını yaratdım və bunu  həyata  keçirirəm. Axı bilirəm  ki, neft sənayesi nədir. Mən Azərbaycanın neft sənayesi ilə  40 il məşğul olmuşam. Nəinki buradakı sənaye ilə, SSRİ-nin bütün neft region­larının hamısı ilə  məşğul olmuşam. Mən bilirəm ki, nə lazımdır. Bilirdim ki, bizim bundan başqa  yolumuz yoxdur».

Məhz buna görə də, 1995-ci il oktyabrın 9-da müqavilə iştirakçılarının rəhbər komitəsinin iclasında iştirak edən Prezident Heydər Əliyev müqavilənin ölkəmiz üçün əhəmiyyətini belə qiymətləndirmişdi: «… Biz bu müqaviləni hazırlayarkən, onu imzalayarkən və mən bir prezident kimi müqavilənin hüquqi qüvvə alması üçün qanun imzalayarkən Azərbaycanın bu günü və gələcəyi haq­qında düşünmüşük. Hamı da bilməlidir ki, biz bu arzularla, niyyətlərlə müqa­vilənin işə başlamasını istəyirik. Müqavilənin həya­ta keçirilməsi respub­likamızın böhran vəziyyətində olan iqtisadiyyatında qarşıdakı illərdə böyük dəyişikliklər etmək üçün mühüm əhəmiyyət kəsb edir. Müqavilənin həyata keçirilməsi eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivi üçün çox əhəmiyyətlidir. Bu müqaviləni imzalayanda da biz Azərbaycanın gələcək nəsillərinin həyatı barədə düşünürdük».

«Əsrin müqaviləsi» Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiya olunması üçün müstəqil dövlətin beynəlxalq miqyaslı ilk uğurlu addımı idi. Bundan əlavə, Azərbaycan iqtisadiyyatının böhrandan çıxarılması və inkişaf etdirilməsində neft sənayesinin dirçəldilməsi, müasir yüksək texnologiyalar əsa­sında yenidən qurulması böyük əhəmiyyət kəsb edirdi.

1995-ci ilin noyabrın 15-də «Əsrin müqaviləsi»nin davamı olaraq, ABŞ-ın «Penzoyl», Rusiya Federasiyasının «Lukoyl» və  İtaliyanın «Acip» neft şirkətləri ilə «Qarabağ» dəniz neft yatağının birgə işlənilməsi haqqında 25 il müddətinə nəzərdə tutulan müqavilə imzalandı.

1996-cı il iyunun 4-də ARDNŞ ilə İngiltərə, Norveç, Türkiyə, Fransa, Ru­siya və İranın neft şirkətləri arasında «Şahdəniz» yatağının birgə işlənilməsi haqqında 30 il müddətinə, dekabrın 14-də Xəzərin Azərbaycan sektorundakı «Dan ulduzu» və «Əşrəfi» neft strukturlarının birgə işlənilməsi haqqında ABŞ-ın «Amo­ko», «Yunokal», Yaponiyanın «İtoçu» və Səudiyyə Ərəbistanının «Delta» şirkətləri ilə müqavilələr imzalandı.

1997-ci il yanvarın 13-də Parisdə «Lənkarandəniz» və «Talışdəniz» yataq­larının birgə istismarına dair «Elf-Akitien» və «Total» şirkətləri ilə ARDNŞ arasın­da müqavilələr imzalandı. avqustun 1-də isə Vaşinqtonda, Ağ evdə ABŞ-ın «Şevron», «Ekson», «Mobil» və «Amoko» şirkətləri ilə ARDNŞ arasında Xəzər dəni­zinin Azərbaycan Respublikası sektorundakı «Abşeron», «Naxçıvan», «Oğuz» və «İnam» neft yataqlarında birgə iş haqqında 8 milyard dollar dəyərində 3 müqavilə imza­landı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı imzalanan bu müqavilələr ölkəmizin siyasi və iqtisadi müs­təqil­liyinin daha da möhkəmlənməsi üçün mühüm əsas yaratdı.

Azər­bay­can Respublikası neft sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirildi. Respub­likamızın neft donanması, neft sənayesi infrastrukturu yenidən quruldu. «Bakı» elmi tədqiqat gəmisi modern­ləşdirilib dünyada ən mükəmməl geofiziki tədqiqat gəmilərindən birinə çevrildi. «Xəzərdənizneft» yarımdalma qazma qurğusu yenidən quruldu və «Dədə Qorqud» adı ilə ikinci həyatına başladı. «Şelf-5» qazma qurğusu əsaslı şəkildə yenidən quruldu, müasir avadanlıqla təchiz olunaraq, dünyada ən böyük üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında «İstiqlal» adı ilə istifadəyə verildi. dənizin çox dərin yerlərində neft quyuları qazmağa imkan verən «Qurtuluş» adlı ən müasir çoxfunksiyalı qazma qurğusu yaradıldı. 2002-ci ilin yayında Xəzərdə ən yeni texnologiya əsasında ilk dəfə qazma qurğuları üçün sualtı dayaq tavası quraşdırıldı. «Tofiq İsmayılov» dalğıc, «Azərbaycan», «İsrafil Hüseynov» kran gəmiləri təmir edilib yeni ava­danlıqla təchiz olundu. Dənizdə «Çıraq-1» platforması beynəlxalq standartlara uyğun, Qərb texnologiyası əsasında yenidən quruldu. Bu platformadan sahilədək 120 m dərinlikdə 176 km uzunluğunda neft, Neft Daşlarına 48 kilometrlik qaz kəmərləri çəkildi. Səngəçal terminalı tikildi, Zığ zavodu sualtı boruların üzlənməsi üzrə ixtisaslaşdırıldı.

1994-cü ildən başlayaraq hər ilin iyun ayında Bakıda xarici firma və şirkətlərin iştirak etdiyi ənənəvi beynəlxalq neft-qaz sərgisi təşkil olunur. 4000 nəfərdən çox azərbaycanlı mütəxəssis dünyanın ən qabaqcıl neft şirkətləri baza­sında yeni texnologiya və iş metodlarına yiyələndi. 2001-ci ildə hasilat və servis şirkətlərində 10 mindən çox Azərbaycan Respublikası vətəndaşı işləyirdi. Bakı neft­çilərinin böyük təcrübəsi yüksək qiymətləndirilir və ondan səmərəli istifadə olunurdu. Neft şirkətlərinin beynəlxalq tenderlərdə bağladığı müqavilələrin 20%-dən çoxu Azər­baycan müəssisələrinin və onların xarici tərəfdaşlarla yaratdıqları birgə müəssi­sələrin payına düşürdü.

«Azəri», «Çıraq» və «Günəşli» yataqlarından hasil olunacaq ilkin neftin Qara dəniz limanlarına «Şimal» və «Qərb» neft kəmərləri ilə nəqli barədə müqavilələr bağlandı. Bakı-Novorossiysk («Şimal») kəmərinin Azərbaycan Respublikasına aid hissəsi 1996-cı ilin sonuna qədər hazır oldu və 1997-ci il oktyabrın 25-də istifadəyə verildi. Bakı-Supsa («Qərb») kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.

1996-cı ildən dənizdə ABƏŞ-in qazdığı ilk neft quyusu güclü fontan vurdu və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu. 1997-ci il noyabrın 12-də Azərbaycan Respublikası tarixində mühüm hadisə baş verdi, «Əsrin müqaviləsi» üzrə ilkin neftin hasilatına başlandı. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Prezident Heydər Əliyev Azərbaycan xalqını, bütün Azərbaycan Respublikası vətəndaşlarını bu tarixi və əlamətdar hadisə münasibətilə təbrik edərək demişdi: «1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq, onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqil­liyimizin gözəl bəhrələrini görürük. Bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir».

«Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci fazasının başlanması üçün Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək, uzunluğu 1760 km olacaq iri diametrli Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi haqqında saziş əldə olunması vacib idi. 1998-ci ilin mayında müqavilə hazır­lan­ması üçün işçi  qrupu yaradılmışdı.

Boru kəmərinin layihəsi hazırlanarkən Azərbaycan Respublikası əsas olaraq aşağıdakı konsepsiyaya  üstünlük vermişdir:

  1. Əsas ixrac neft kəməri üzrə şirkətin pay bölgüsündə payın 50 faizi və üstəgəl 1 səhm Azərbaycana məxsus olmalıdır.
  2. Əsas ixrac neft kəməri üzrə layihəyə çəkilən xərclərin qaytarılması sxeminə onların konsepsiyası da daxildir.
  3. Sıfır balansı əldə edildikdən sonra neft kəməri bütövlükdə Azərbaycan Respublikasının nəzarəti və idarəsinə keçir.
  4. Neft kəməri gəlir mənbəyi olmamalıdır.
  5. ABƏŞ-ə kəmərdən istifadə üçün güzəştli tarif müəyyənləş­diriləcəkdir.

Həmin il oktyabrın 29-da Azərbaycan, türkiyə, gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentlərinin və ABŞ energetika nazirinin imzaladıqları bəyanat bu kəmərə dair danışıqlara təkan verdi.

1999-cu il noyabrın 18-də İstanbulda «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Bununla əlaqədar Azərbaycan Respublikası, türkiyə Cümhuriyyəti, Gürcüstan, Qazaxıstan Respublikası və ABŞ-ın dövlət başçıları tərəfin­dən verilən «İstanbul Bəyannaməsi» layihənin yüksək səviyyədə dəstək­ləndiyinə sübut oldu.

Xatırladaq ki, bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şir­kətlərin bəziləri kənardan təsirlər nəticəsində belə bir kəmərə ehtiyacın olmasına bədbinliklə yanaşırdı. Qoyulacaq sərmayələr haqqında da müxtəlif fikirlər vardı. Lakin törədilən bütün maneələrə və yaradılan çətinliklərə baxmayaraq, Azər­baycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü neft strategiyası uğurla nəticələndi. İstanbulda imzalanma mərasimindən sonra çıxış edən Prezi­dent Heydər Əliyev demişdir ki, «Əsrin müqaviləsi»nin imzalanmasından Bakı-Ceyhan strateji neft kəmərinə dair müqavilələr paketinin imzalanmasına qədər olan beş il ərzində görülən işlərdən qürur hissi duyur. O, öz çıxışında sazişin işti­rakçısı olan ölkələrin başçılarına, xüsusi olaraq siyasi dəstəyə görə ABŞ prezi­denti Bill Klintona minnətdarlığını bildirmişdi.

2002-ci il avqustun 1-də bu kəmərin tikilməsi və idarə edilməsi üçün şirkət təsis edildi. sentyabrın 18-də kəmərin təməli qoyuldu. Bu münasibətlə tədbirlərdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin prezidenti Əhməd Nejdət Sezər, gürcüstan prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abraham Bakıya gəl­mişdilər. 3 milyard dollara qədər dəyəri olan bu kəmərin sahibi Azərbaycan Dövlət Neft Şirkəti (25%), Böyük Britaniyanın BP (30,1%), ABŞ-ın «yunokal» (8,9%), Konoko-Filips (2,5%), Norveçin «statoyl» (8,72%), Türkiyə Cümhuriyyətinin TPAO (6,53%), Yaponiyanın «itoçu» (3,4%) və «İnpeks» (2,5%), səudiyyə Ərəbistanının «Delta Hess» (2,36%), İtaliyanın EPİ (5%) və Fransanın TOTAL ELNA ELF (5%) şirkətləri idi.

2001-ci il avqustun 30-da «Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci, mühüm fazasına başlanıldı.

Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi, sür­ət­lə inkişaf etməyə başladı. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil edil­di. Neft müqaviləsi gəlir gətirməyə başladı. Prezidentin fərmanı ilə 1999-cu ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis olundu, 2001-ci ilin dekabrında onun Müşahidə Şurası təşkil edildi. Azərbaycan Respublikasının yeni neft stra­tegiyasının banisi Heydər Əliyev bu fondu güclü iqtisadiyyat yaratmaq vasitəsi kimi qiymət­ləndirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Dövlət Neft Fon­dunu yaratmaqda başlıca məqsəd mineral xammal ehtiyatlarını təkrar istehsala yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu fond nəsildən nəslə keçməlidir. Dövlət Neft Fondunda yığılan vəsaitlər investisiya şəklində Azər­baycan iqtisa­diyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin inkişafı, yeni iş yerlərinin yaradılması üçün, hətta gələcək nəsillərin neft hasilatı  səviyyəsindən və dünya bazarında neftin qiymətinin dəyişməsindən asılılığını istisna edən proqramlar həyata  keçirilməlidir. 2003-cü ilin əvvəllərində fondda 730 milyon ABŞ dolları həcmində vəsait var idi. Ondan respublikanın iqtisadi və sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı.

1994-2004-cü illər ərzində ARDNŞ ilə 15 xarici ölkənin 33 neft şirkəti ara­sında dənizdə və quruda yerləşən neft yataqlarını əhatə edən 22 müqavilə imza­landı. Onların ümumi dəyəri 60 milyard ABŞ dollarına bərabər idi.

ARDNŞ-in birinci vitse-prezidenti, milli məclisin deputatı İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından biri idi. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya dururdu: «Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neft­dən gələn bütün mənfəətləri, həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəlt­məkdən ibarətdir». Onun iştirakçısı olduğu saysız-hesabsız görüşlər və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinliklər və maneələr də olur, bəzən müəyyən şərt­lərin qəbuledilməzliyi ucbatından danışıqlar dayan­dırılma məqamına çatırdı. İlham Əliyev həmin anları belə xatırlayır: «Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər bir səhv etsək, bu səhv bütün Azər­baycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik».

Prezident Heydər Əliyev uzaqgörən siyasət yeritməklə hadisələrin və pros­eslərin sonrakı gedişini əhəmiyyətli dərəcədə qabaqladı, bir sıra  ölkələri fakt qar­şısında qoydu. Neft müqavilələrinin imzalanması Xəzərin Azərbaycan sek­to­run­dakı karbohidrogen ehtiyatlarının işlənməsini xalqımızın mənafeyinə xidmət et­məyə yönəltməklə ölkənin uzunmüddətli problemlərinin həllinə zəmin yaratdı. İqtisadi, sosial və siyasi əhəmiyyətini bir çoxlarının vaxtında anlaya bilmədiyi və ya anlamaq istəmədiyi bu uzaqgörən siyasət artıq öz konkret nəticələrini verib və  gələcəkdə də  verəcəkdir. Bunu Heydər Əliyevin neft strategiyasının təntənəsi kimi  qiymətləndirməmək isə çox böyük tarixi ədalətsizlik olardı.

1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» imzalananda Azərbaycan Respublikası kasıb bir ölkə idi, onun valyuta ehtiyatları sıfır dərəcəsində idi. İndi Azərbaycan Respublikasının valyuta ehtiyatları 20 milyard dollardan çoxdur. Son altı il ərzində dövlət büdcəsi 10 dəfədən çox artıb, 800 mindən çox yeni iş yeri açılıb ki, onların da tam əksəriyyəti qeyri-neft sektorundadır. Yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Bu da onu göstərir ki, Azərbaycan Respub­likasında neftdən əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və həyata keçirilən neft strategiyasının Azər­baycan xalqının milli mənafelərinə tam cavab verdiyini bir daha təsdiq edir.

                                                                                            Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının tarixi. II cilddə. Bakı,
  2. Aриф Пашаев, Чапай Султанов. Азербайджан в цифрах, графиках, картах и фото. Баку, 2016 г.
  3. Ə. Bəhramov. Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən dissertasiyanın avtoreferatı. Bakı,1999.
  4. Caspian enercy. 1999.
  5. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Bakı, 46 cilddə. 1997-2013.
  6. Heydər Əliyev. Azərbaycan nefti dünya siyasətində. Bakı, 5 cilddə,1997.
  7. Heydər Əliyev. II cilddə. Bakı, 2013.
  8. İlham Əliyev. İnkişaf məqsədimizdir. Bakı, 100 cildə. 2008-2020.
  9. Rövşən Novruzoğlu. Azərbaycan neft strategiyası xarici kəşfiyatların maraq dairəsində və milli təhlükəsizliyimiz. Bakı,
  10. Журнал «Капитал» Н.3, стр.26-28. Баку, май, 1997 г.
  11. Ильхам Алиев. Каспийская нефть Азербайджана. Москва, 2003 г.
  12. Лейла Мурадвердиева. Бакинская нефть: уроки истории. Баку, 2006 г.
  13. М.А. Мирзоев. На шельфе Каспия. Баку, 1995 г.
  14. Чапай Султанов. Исторические расследования. Баку, 2016 г.
  15. Чапай Султанов. История не любит сослагательного наклонения и всё же… Баку, 2011 г.
  16. Чапай Султанов. Противостояние. Баку, 2011 г.
  17. Ə. Bəhramov. Azərbaycan nefti. Bakı, 2010.
НОВОСТНАЯ ЛЕНТА