Время в Баку - 08:48

САМОЕ ЧИТАЕМОЕ

Heydər Əliyev – Azərbaycan xalqının milli təəssübkeşi (akademik Yaqub Mahmudovun xatirələri əsasında)


Güntəkin Nəcəfli

AMEA Tarix İnistitutu

“Qarabağ tarixi” şöbəsinin müdiri,

 Dövlət Mükafatı laureatı,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

“LİDER” qrupu üzvləri müəlliflərinin yaradıcılığı

«Türk dünyasının dahi şəxsiyyəti» kitabından

Heydər Əliyev irsinin mühüm tədqiqatçısı, onun milli təəssübkeşliyinin canlı şahidi – sevimli müəllimim, akademik Yaqub Mahmudovla söhbətim zamanı Uluöndərlə bağlı Sovetlər dönəmində birbaşa iştirakçısı və şahidi olduğu, heç kimin bilmədiyi xatirələrini danışmağı xahiş etdim. Məqsədim hələ Sovetlər birliyinin qüdrətli çağında Heydər Əliyevin Azərbaycan gənclərini, milli ruhlu ziyalılarımızı necə müdafiə etdiyini, Azərbaycan xalqının milli təəssübkeşi kimi fəaliyyətini bu günkü Azərbaycan gəncliyinə çatdırmaqdır. Sevimli ustadım akademik Yaqub Mahmudovun Uluöndər Heydər Əliyev haqqında söylədiklərini olduğu kimi qələmə alaraq gənclərimizə çatdırmağı özümə borc bildim. Bunlar aşağıdakılardır:

“Tərcümeyi-halımın, kimliyimin, xarakterimin, mübarizəmin, həyat yolumun formalaşmasında üç kişiyə borcluyam: atam Mikayıl Mahmud oğluna, onun xarakterini daşıyıram və çalışıram ki, attığım hər bir addımda mən onun ruhu qarşısında başıaşağı olmayım. Atamdan sonra ağır mənəvi-siyasi, milli dirçəliş, oyanış döyüşlərində birgə olduğum Rəsul Rzanın xarakteri, qorxmazlığı da mənim xatirəmdə dərin iz buraxdı.

Şəxsiyyətimin formalaşmasında mühüm rol oynayan növbəti insan Heydər Əliyevdir. Heydər Əliyev mənim dahi müasirimdir. Heydər Əliyevin dövründə mən iri vəzifələr daşımamışam, xüsusi imtiyaz sahibi olmamışam. Ancaq ziyalı olaraq, mən Azərbaycan Sovet Ensiklopediyasında başladığım mübarizə yolumu Heydər Əliyev zamanında davam etdirə bildim və ona arxalandım. Mən bunu heç zaman unutmuram və ən ağır təqiblər şəraitində (yeri gəlmişkən, mənə olan ən böyük basqılar Heydər Əliyevə olan münasibətimə görədir) mənim Heydər Əliyevə olan bağlılığım, ehtiramım heç zaman zəifləmədi. Qürur hissi keçirirəm ki, mən dahi müasirimi – Heydər Əliyevi öz yaradıcılığımda, elmi əsərlərimdə dahi adlandırmış, ilk dəfə dahi sözünü onunla bağlı yazmışam.

Uzaq 20-30-cu illərdə ermənilərin və qeyri-millətlərin nüma­yəndələrinin yuva saldığı və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş olan Dövlət Təhlükəsizlik Komitəsi­nin (DTK-nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlə­rindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə – hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev giriş­mişdir. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımı­zın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdır ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqı­mızı sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Er­məni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycan­lı­laşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil. Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhval-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitə­sinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.

…Yaxşı yadımdadır, 60-cı illərin lap əvvəli idi. Bakı Dövlət Univer­sitetinin tarix fakül­təsində oxuyurdum və komsomol təşkilatının katibi idim. Nikita Xruş­şovun haki­miyyətə gəlişi ilə ölkədə Çinə qarşı düşmənçilik kampaniyası başlanmışdı. İkinci kursda oxuyan çox istedadlı bir tələbə buna etirazını bildirmiş, vərəqələr yaymışdı. DTK həmin tələbənin işi üzrə təhqiqata başlamışdı. hamımız narahat idik. Nəhayət, mənə tapşırıldı ki, qapalı komsomol yığıncağı keçirim. Universitetin keçmiş binasının (hazırkı İqtisad İnstitutunun binası – Y.M.) böyük akt zalında fakültənin qapalı komsomol yığıncağı keçirilirdi. Yığıncağa o zaman hələ DTK-da yüksək vəzifədə olmayan Heydər Əliyev gəlmişdi. O, gənclər qarşısında çox əhatəli, həm də öyüd-nəsihətlə dolu bir çıxış etdi. Sonra qızğın müzakirələr, komsomol “tənqidləri” başlandı. İclas sona çatır, qərar qəbul etmək məqamı yaxınlaşırdı. Çox çətin vəziyyət qarşısında qalmışdıq. Elə bu anda çıxış yolunu Heydər Əliyev ozü göstərdi: komsomolçulara məsləhət gördü ki, yoldaşlarının tərbiyəsini öz üzərilərinə götürsünlər. Dərindən nəfəs aldıq. hamımızın canı xatadan qurtardı. Və ağır şəraitdə, mürəkkəb əhatədə, Mərkəzin nəzarəti altında işləyən Vətən oğlunun cəsarətinə hamımız heyran qaldıq!

Sonralar Heydər Əliyev DTK-nın sədri təyin olunanda Kreml üçün xüsusi əhəmiyyəti olan bu təşkilata bir azərbaycanlının rəhbər təyin olunmasından qürurlanırdıq. Lakin bilmirdik ki, bu təyinat Heydər Əliyev üçün nə qədər böyük maneələri dəf etmək bahasına başa gəlmişdi.

…Yaxşı yadımdadır. 70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşduq. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi. Və ona dərhal sual verdi — tələbələr içərisində, yerli əhalinin (yəni azərbay­canlıların – Y.M.) nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi.

İş elə gətirdi ki, sonrakı il Mərkəzi Komitədə keçirilən müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, yenə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq yenə narazı qaldığını bildirdi. Böyük siyasətçinin dedikləri bugünkü kimi yadımdadır: Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçi məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində bir nəfər də olsun Azərbaycanın yerli əhalisinin nümayəndəsi oxumur. Bəs siz hara baxırsınız?!

Bu proseslərin şahidi və imkanım daxilində iştirakçısı oldu­ğum üçün cəsarətlə deyə bilərəm: Heydər Əliyev hələ o zaman bu günü görürdü, doğma Vətənini bu gün üçün hazırlayırdı, böyük düha sahibi Yeni Azərbaycanı – bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı.

Bir ziyalı kimi mənim tanıdığım Heydər Əliyev doğma xal­qına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni aparmış, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablar üçün keçirdiyi üzüntüləri öz içərisində boğub saxlamış, lakin atdığı uzaqgörən və çox cəsarətli addımlarla bunun əvəzini çıxmışdır. Belə olma­saydı, Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalan­mış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırmazdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytarmazdı (ozü də hələ sovet rejiminin hökmranlığı dovründə!), Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycan­lının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırmazdı.

Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya “irəli çəkilib” müəmmalı şəkildə qətlə yetirilən, sonra da “millətçi” damğası yapışdırılan və sovet hakimiyyəti orqan­ları tərəfindən adının çəkilməsi belə yasaq olunan Nəriman Nəri­ma­novun əzəmətli heykəlini ucaldırtmaq üçün Heydər Əliyev nələr çəkməmişdir?! Özü də Nərimanovu “millətçi”, daşnak Şaumyanın başçılıq etdiyi “Şanlı Bakı komissarlarını” isə “ardıcıl inqilabçılar” kimi qələmə verən Azərbaycan “beynəlmiləlçi­ləri”nin, öz tarixçilərimizin Moskvaya çuğulluğu ucbatından… Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaldırt­mağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən – xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!

60-cı illərin sonu – 70-ci illərdə Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixinə də maraq artdı, bu sahədə də dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri, o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə “Azərbaycan SSR xəritələri” (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin “sapı özümüzdən olan baltalar” bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi “dostlarını” köməyə çağırdılar. Bizə “millətçi”, “burjua məfkurəçiləri”, “sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmaq məqsədilə vaxtı ilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul-Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər”!

Azadlıq, müstəqil dövlətdə yaşamaq hər bir xalqdan ötrü, o cümlədən bizim xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Çünki, dövləti olmayan xalq məhvə məhkumdur. Hər bir Vətən övladı, bu günkü gənclik bilməlidir ki, əgər XX yüzilliyin 70-80-ci illərində və sonunda xalqımızın Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti olmasaydı, milli varlığımızı və müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik! Məhz buna görə də qədirbilən xalqımız ilk növbədə öz dahi oğluna – Heydər Əliyevə minnətdardır!

 

 

 

НОВОСТНАЯ ЛЕНТА