Время в Баку - 19:41

САМОЕ ЧИТАЕМОЕ

Ermənilərin Qacarlar İranından Şimali Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsi


Güntəkin Nəcəfli

AMEA Tarix İnstitutunun

 “Qarabağ tarixi” şöbəsinin müdiri,

Dövlət Mükafatı laureatı, dosent

 

 

 

Artıq 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisi arxasında Böyük dövlətlərin dayandığı erməni qəsbkarlarının təcavüzünə məruz qalmış, minlərlə soydaşımız öz tarixi torpaqlarından didərgin salınmışdır. XIX əsrin I qərinəsində ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan torpaq­larında məskunlaşdırılması, böyük güc mərkəzləri tərəfindən 1918-ci ildə onlara tarixi torpaqlarımız hesabına dövlət yaradılması və torpaq­larımızın bir hissəsinin ermənilərə pay verilməsi ilə nəticələndi. Bu prosesin sonrakı inkişafının nəticələri isə daha acınacaqlı oldu: xalqımıza qarşı tarixdə analoqu olmayan kütləvi soyqırımları (1918-1920-ci illər, 1992-ci il 26 fevral), Şimali Azərbaycan əhalisinə qarşı deportasiyalar, mədəniyyətimizin, tarixi abidələ­rimizin və toponimlərimizin total şəkildə məhv edilməsi, əliyalın xalqımızın doğma torpaq­larından silah gücünə didərgin salınaraq tarixdə görünməmiş vəhşiliklərə məruz qalması və s. bu kimi proseslər həyata keçirildi.

Bu gün Cənubi Qafqazla bağlı ənənəvi siyasət yenə davam etdirilir. Böyük dövlətlər Cənubi Qaf­qazda öz mövqelərini saxla­maq üçün yenə “erməni kartından” istifadə etməkdə­dirlər. Hava­darları tərəfindən hərtərəfli müdafiə olunan ermənilər işğal etdik­ləri Azərbaycan əra­zisində ikinci bir erməni dövləti yaratmağa çalışırlar. Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaratmışlar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir.[1]

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda möhkəmlənmək, Azərbaycanın Osman­lı dövləti və İranla sərhədində yerləşən torpaqlarında bufer xristian dövləti yarat­maq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi.

Lakin işğal olunmuş Cənubi Qafqaz bölgəsində ermənilərin sayca azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədində bufer xristian dövləti yaratmaq planlarına tamamilə uyğun gəlmirdi. Qriqoryan missionerləri istisna edilməklə ermənilərin Azərbaycan tor­paq­larına, o cümlədən İrə­van bölgəsinə kö­çüb gəlməsi prosesi 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azər­baycan Qara­qo­yunlu döv­lə­ti­nin ərazisinə – Üçkilsəyə köçü­rül­mə­sin­dən son­ra başlamışdı. Belə ki, Qaraqoyunluların hakimiyyəti dövründə Çuxursəd vilayətinin tari­­­­xin­də son­ralar bütün Azərbaycan üçün son dərəcə ağır problemlər yara­dan bir ha­disə də baş verdi: Qaraqoyunlu hökm­darı Cahanşahın icazəsi ilə 1441-ci ildə er­məni ka­tolikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən İrə­van ya­xınlığındakı Üçkilsə (Üçmüədzin*) monas­tırına köçü­rüldü.[2] Bununla Cə­nu­bi Qafqazda qri­qor­yan­­lı­ğı yayan erməni mis­sionerləri üçün əlverişli şə­rait ya­­ran­dı.

Erməni katolikosluğunun Qara­qo­yunlu ərazisinə köçürül­məsindən sonra Qriqoryan kilsəsinin müxtəlif vasitələrlə Azər­bay­­can türklərinə məx­sus tor­paq­ları ələ keçirməsinə və zaman-zaman erməni­ləri burada yerləşdirməsinə[3] baxmayaraq, ermənilər Çuxursəd (İrəvan) bölgəsində say eti­ba­rilə həmişə cü­zi azlıq təşkil edirdilər.

XVIII əsrin əvvəllərində İrəvan şə­hə­rin­də oturaq er­mə­ni əhalisinin yaşama­dığını həmin dövrdə tərtib olunmuş ar­xiv sənədləri də təsdiq edir. İsrail Ori rus qoşunlarını Cə­nubi Qafqaza yürüşə cəlb etmək və Azərbaycan torpaqlarına işğa­lına həvəsləndirmək üçün I Pyot­ra təqdim etdiyi 1701-ci il 25 iyul tarixli xüsusi məlumatnında («Памятных записках») 18 bənddən iba­rət bir layihə hazırlamışdı. La­yihənin 7-ci bən­din­də Rusiya im­peratoruna İrəvan şə­həri haqda kəşfiyyat xa­rakterli mə­lu­mat­lar çatdırılır və qeyd olunur: “İrəvan şə­hərində cəmi 300 nə­fər­­dən bir az artıq er­­ni yaşayır və onlar da ticarətlə məşğul olur­lar”. [4]

Uzun müddət ara vermiş Səfəvi-Osmanlı müharibəsinin XVIII əsrin I rübünün sonlarında yenidən başlaması Çuxursəd (İrəvan) və Gəncə-Qarabağ bölgələrində türk-müsəlman əhalisinin yaşadığı məskənlərini məc­burən tərk etməsi ilə nəticələndi. Osmanlı haki­miy­yət nümayəndələri yerli şiə əhaliyə qarşı mün­asibətdə ba­rış­maz möv­qedə olduğu halda, qeyd etdiyimiz bölgələrin xristian əhali­si­nə son də­rəcə dö­züm­lülük nü­ma­yiş etdir­mişdir.

Məsələn, osmanlı ordusu tərə­fin­dən İrəvan qalasının mühasirəsi (6 iyul — 7 oktyabr 1724-­cü il) zamanı Vətən tor­pa­ğının mü­­da­fi­əsinə qal­xan bü­tün Çuxursəd əhalisi başda bəylərbəyi Əliqulu xan ol­maq­­la Os­man­lı qoşunlarına şid­dətli müqavimət gös­tərdi.[5] Üçkilsə və onun ətrafında məskunlaşan, əsasən qriqoryan mis­si­oner­lə­rin­­dən ibarət olan ermənilər isə öz vətənləri olmadığı üçün osmanlı ordusuna müqavimət gös­tərmədilər. Üçkilsə katolikosu Os­manlı paşasına Səfəvi şahı Təhmasib haqqında qeyri-dəqiq məlumatlar çat­dır­maqla yanaşı, həm də İrəvan qalasının müdafiəçilərini təslim olmağa çağırdı.[6] Bu “xid­mət” müqabilində ermənilər Sultan III Əhməd tərəfindən onlar barədə xüsusi fərmanının ve­ril­məsinə nail oldular. Sultan III Əhmədin Arif Əhməd paşaya göndərdiyi fərmanda erməni­lərin dini mərkəzi olan Üç­kilsəyə hücum etmək qadağan olu­nur, onun dağıntıya və sakinlərinin qarətə məruz qalmasına yol ve­ril­mə­məsi tələb olu­nur­du. Hətta, Arif Əh­məd paşa Sultanın fərmanına uyğun olaraq Üçkilsənin qorunması üçün xüsusi bir alay da ayırdı.[7]

Digərbir misal, 1725-ci ildə Gəncə uğrunda döyüşdən son­­ra osmanlılar şəhərə daxil olan zaman şəhər əhalisi ətraf kəndlərə və bölgələrə çəkilməyə məcbur  olur. Osmanlılar isə Gəncədə xü­susi mə­həllə yaradaraq oranı digər yerlərdən köçürdükləri ermənilərlə məskun­laş­dır­mış­lar.[8]

Beləliklə, istər İrəvan, istərsə də Gəncə-Qarabağ bölgəsində türk-müsəlman əhalinin doğma torpaqlarını tərk etməsi Osmanlı hakimiyyətini qəbul edən yerli xristian albanlar və Osmanlı ərazisindən Səfəvi torpaqlarına gələn ermənilər tərə­findən torpaqlarımızın satın alınması ilə nəticələndi.

Ermənilər tərə­findən Rusiyaya və Avropanın digər xris­tian döv­lət­lərinə çatdırılan məlu­mat­larda Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda yaşayan erməni əhalisinin sayı həmişə təhrif olunmuş və süni şəkildə şişirdilmişdir. Məsələn, İrə­van böl­gəsində erməni əhalisinin cüzi bir azlıq təşkil etməsini hələ XVIII əs­rin son­larında tər­tib olunmuş ar­xiv sənədləri ilə erməni tarixçisi V.Qriqoryan “İrəvan xanlığı XVIII əsrin son­la­rın­da (1780-1800)” adlı əsərində təsdiq edir. 1783-cü ildə Rusiya nümayəndəsi Pavel Potyomkin İrə­van xanlığı ərazisində ya­şayan ermənilərin adından ona məktub gətirən er­mə­ni nüma­yəndəsindən bu məktubun üzərində Üçkilsə kato­li­ko­sunun mö­hür və imzasının niyə olmadığını soruşduqda: “Katolikos bü­tün dünyaya səpələn­miş er­mənilərin ruhani başçısı ol­duğundan o öz möhü­rü­nü Ararat öl­kə­si­ndə yaşayan bir q­ru­p ermə­ninin məktubu üzərinə vura bilməz”.[9] – cavabını vermişdi.

Göründüyü kimi, XVIII əsrin son­larında tərtib olunan ermənidilli arxiv sənədlərində belə İrəvan xanlığı əra­zisin­də ya­şa­yan ermənilər sayca çox az olduğu üçün onlar xalq deyil, bir qrup adlandırılırdı.

I Pyotr (1682-1725) dövründən başlayaraq ermənilərdən bir alət kimi yararlanmaq niyyəti güdən Rusiya imperiyası hər zaman erməniləri tarixi Azərbaycan torpaqlarında  məskunlaşdırmağa çalışmışdır. Ararat patriarxı hay­kanlı arxiyepiskop İosif” imzası ilə knyaz Q.A.Potyomkin-Tavriçeskiyə yazılmış 1784-cü il 28 aprel tarixli məktub bunu bir daha sübut edir. Arxiyepiskop İosif  “ermənilərin İrəvan ətrafında məskunlaşmasına yardım etdiyi üçün” knyaz Q.A.Potyomkinə xüsusi təşəkkürünü bildirirdi.[10]

Erməni ideoloqları isə qriqoryan kilsəsinin xüsusi tapşırığı ilə İrəvan xanlığı əra­zi­sin­də məs­kunlaşan er­məni­lərin azlıq təşkil etməsini ört-basdır etmək üçün Rusi­ya hakim dairələrinə göndərilən mək­tub­larında onların sayını xüsusi məq­sədlə süni şəkildə artı­rır­dılar. Məsələn, İrə­van­dakı erməni icmasının baş­çısı S.Ter-Sahakyan etiraf edir ki, Hovsep Arqut­ya­nın tapşırığına gö­rə o, 1784-cü ilin dekabrında knyaz Qriqori Potyomki­nə ün­van­ladığı məktubunda “er­mənilərin sayını 9 dəfədən çox şişirdərək göstərmişdir”.[11]

XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalında ermənilərdən bir vasitə kimi istifadə edən Rusiya imperiyası artıq ələ keçirdiyi Cənubi Qafqaz bölgəsində möhkəmlənmək üçün er­mə­niləri kütləvi şəkildə bu bölgədə məskun­laşdırmağı dövlət siyasətinə çevirdi. Rusiya imperiyasının işğalını həyata keçirənlər həm də işğal etdikləri bu və ya digər bölgədə Rusiyaya qarşı etirazların zəiflədilməsi üçün erməni əhalisinin köçü­rül­məsini əsas vəzifələrdən biri kimi qarşılarına qoyurdular. Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov 1804-cü ilin yanvarında Gəncəni ələ keçirdikdən sonra bura ermənilərin yerləş­diril­məsinə cəhd göstərdi. Artıq 6 fevral 1823-cü il tarixli məlumata görə Gəncə şəhə­rində yaşayan 6.730 nəfərdən 3.875-i müsəlman, 2.855 nəfəri isə erməni idi.[12]

Eyni siyayətin Qarabağ bölgəsində də davam etdiyini dövrün sənədlərində izləmək mümkündür. Gəncəni ələ keçirən P.D.Sisianov bi az keçmiş, 1805-ci il mayın 22-də, 19 saQylı raportunda yazırdı: “Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik”.[13] Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı.[14]

İşğal olunmuş Cənubi Qafqaz bölgə­sində ermə­ni­lə­rin sayca azlıq təşkil etməsi səbəbindən Ru­siya im­periyası er­mə­ni­ləri kütləvi şəkildə Azər­bay­ca­nın Osmanlı dövləti və Qacarlar İranı ilə sərhədində yerləşən ərazilərə köçürməyə qərar verdi. Bu barədə İ.Yenikolopov yazır: “arxiv sənədlərinin tədqiqi təsdiq edir ki, ermənilərin arzuları ilə üst-üstə düşən köçürmə məsələsi tezliklə çar hökumətinin ən mühüm tədbirinə çevrildi. Bununla da, Rusiya höku­mə­tinin İran­la sər­həd­bo­yu ərazilərə 80 min kazakın köçürülməsi barədə əvvəllər hazır­la­dığı layihə qüv­vədən salındı”. Bu layihəyə qarşı çıxan A.Qriboyedov yeni zəbt olunmuş ərazilərə erməniləri məskunlaşdırmağa üstünlük verdi.[15]

 Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçü­rül­mə­si layihəsi hələ 1827-ci ildə A.Qribo­ye­dovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının dip­lomatik dəf­tər­xanasında işlənib hazırlanmışdı. Ru­si­ya­nın İrandakı nümayəndəsi A.Qri­bo­yedov İran ermə­nilərinin yenicə işğal edilmiş Şimali Azərbaycan tor­paqlarına kö­çü­rül­məsi layihəsinin həyata keçirilməsində fəal iştirak edirdi. İ.Yenikolopova görə, A.Qri­bo­yedov ermənilərin İrandan Rusiya sərhəd­lə­rinə, yəni Çuxursəd çökəkliyinə kö­çü­rülməsinə xüsusi diq­qət­lə ya­na­şır və bu məsələyə Rusiyanın Şərq­dəki möv­qelərinin möh­kəm­lən­mə­si­nin təminatı kimi ba­xırdı. Bundan əlavə, hələ XVIII əsrin əvvəllərindən başlayaraq Rusiyanın Cənubi Qafqaz torpaqlarında erməni məskən­ləri yaradılması layihəsi A.S.Qribo­ye­dova yaxşı məlum idi və o, İrandan ermə­nilərin köçürülməsi planının həyata keçirilməsi üçün Qaraziyyədində Rusiya və İran arasında aparılan danışıqlara da böyük əhəmiyyət verirdi. Rusiya və İran arasında gedən Dehqarqan danışıqlarında ortaya qoyulan ermənilərin köçürülməsi məsələsi Türkmənçay müqaviləsində qəti həllini taparaq onun 15-ci və 16-cı maddələrində əks olundu.[16]

Qafqazı ələ keçirmək uğrunda apardığı müharibələrdə Qacarlar İranı və Osmanlı imperiyasına qalib gələn çar Rusiyası bu dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azər­baycan tor­paq­larına kö­çür­məyə başladı. İlk öncə bu proses qacarlar İranının Rusiyanın işğal etdiyi Azərbaycan torpaqları sərhədində yaşayan ermənilərin köçürülməsi ilə başladı. General Paskeviç 1828-ci ilin yanvarda yazır ki, xristianları çox da bəsləməməliyik ki, iranlıları özümüzə qaldırmayaq.[17]

Rusiya tərəfinin təkidi ilə 1828-ci il fevralın 10-da Cənubi Azərbaycanın Türkmənçay kəndində Qacarlar İranı və Rusiya imperiyası arasında bağlanmış eyniadlı müqavilənın XV maddəsinə əsasən İran əra­zi­sin­də yaşayan er­mə­ni­lərin küt­ləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi.[18] Həmin maddəyə görə şah öhdəsinə gö­türürdü ki, o, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq, öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərən­cam üçün beşillik müddət müəyyən edilir.[19]

Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möh­kəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter aldı.[20] Türkmənçay müqaviləsinin XV maddəsinə görə şah hökuməti mü­ha­ri­bə dövründə öz dövlətinə xəyanət edərək ruslara xidmət etmiş şəxslərin (ermənilərin –, G.N.) Rusiya tabeliyində olan ərazilərə köçmələrinə mane ol­ma­ma­lı idi. Bununla da, İranda yaşayan ermənilərə sər­bəst surətdə Rusi­ya­nın hi­­ma­yə­sinə keçmək hüququ verildi.[21]

Rusiya imperiyası ermənilərin İrandan Şimali Azərbaycan torpaqlarına köçü­rül­məsini sistemli şəkildə həyata keçirmək üçün Peterburqda yaşayan polkovnik Lazarevi (Qazaros Lazaryan – red.) 1827-ci il oktyabrın 19-da Təb­ri­zə komendant təyin etdi.[22]

General Pas­ke­viçin Peter­bur­qdan xüsusi tələb­na­mə əsasında ermənilər arasında böyük nü­fu­za malik olan Qazaros Lazaryanı öz sərəncamına gö­tür­mə­si ilə köçü­rül­mənin hazırlıq iş­lə­ri­nə başlandı. Təbrizin və Dehqarqanın rus qoşunları tərəfindən tutulmasından sonra o bu ərazilərin komendantı təyin olundu.[23] Oktyab­rın 13-də rus qoşunlarının Təbrizə hücumu za­ma­nı onun çağırışı ilə “ruh­lanan” ermənilər həmişə ol­du­ğu kimi, yenə də yaşadığı dövlətə xəyanət edərək Təbrizin dar­va­zalarını rus qoşunlarına açdılar.[24]

 Çar Rusiyası hakim dairələrinin ermə­nilərin Şimali Azərbaycana kö­çü­rülməsi siyasətinin hazırlanmasında erməni din xadimləri də az rol oyna­ma­mışdılar. Bu si­ya­sətin həyata keçirilməsi məxfi deyildi və açıq-aşkar surətdə həyata keçirilirdi. Kö­çürmə planının həyata keç­i­ril­mə­sində bütün ermənilərin ka­to­li­kosu yepiskop Nerses Həştərəkli öz köməkliyini əsirgəməyəcəyini vəd et­miş,[25] hətta köçü­rül­mənin bütün layihəsini hazırlamışdı.[26] Bununla bağlı Dehkarqan danışıq­larda iştirak edən arxiyepiskop Nerses hətta Rusiya-İran müharibələrinin sülh danışıq­larında ermənilərin də iştirakını tələb edirdi. O, nəinki İran və Türkiyədən, hətta uzaq Hindistanda da ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsini istəyirdi.[27]

General Pas­keviç, eyni zamanda, Tiflisin hərbi qubernatoru Sinyaginə 1827-ci ilin de­kabr­da gön­dər­diyi mək­tu­bun­da bildir­irdi ki, Urmiya ətrafında yaşayan 15 min aysor və erməni Ru­si­ya­nın ələ keçirdiyi yeni bölgələrə köçmək istəyir. Sinyagin isə ca­va­bında onların İrəvan və Naxçıvan əyalət­lə­rin­də yerləş­diril­məsi təklifini irəli sür­müşdü.[28]

Rusiya hakim dairələri çalışırdılar ki, erməni keşişləri vasitəsi ilə Qacarlar İranın müxtəlif əzilərində yaşayan ermənilərin adından tərtib olunmuş xüsusi “xahiş” məktubları göndərilsin. Artıq, 1828-ci ilin əvvəllərindən başlayaraq qraf Paskeviçin ünvanına belə məktublar göndərilməyə başladı. Həmin məktublarda ermənilər özləri Rusiya tərəfindən yeni ələ keçirilmiş vila­yət­lə­rə köç­ürülmələri üçün icazə istəyirdilər.[29]

Diqqəti cəlb edən cə­hət budur ki, İrəvan, Naxçıvan və Qarabağ ərazilərinin Azərbaycan torpaqları ol­duğunu yaxşı bilən ermə­ni başbilənləri Rusiya işğallarından sonra məq­səd­yönlü ola­raq mütəşəkkil surətdə və küt­ləvi halda ermənilərin məhz bu ərazilərə köçü­rül­məsinə nail olmaq istəyirdilər. Bu icazəni isə məhz imperator özü verməli idi. 1828-cu il aprelin 17-də hərbi nazir Çernışevin Paskeviçə bildirdi ki, im­pe­­rator ermənilərin İrandan Naxçıvan və İrəvan əyalətinə köçürülməsinə dair bütün təklifləri bəyənmişdir.[30]

Türkmənçay müqaviləsi imzalandıqdan bir neçə gün sonra – 1828-ci il fevralın 14-də Qazaros Lazaryan Türkmənçay kəndindən general Paskeviçə göndərdiyi rapor­tunda xatırladırdı ki, er­mənilər müharibə zamanı Rusiyanın qələbəsi üçün mümkün olan hər şeyi edib­lər və indi evlərini qoyub Rusiya tərəfə (yəni İrandan Şimali Azərbaycana – G.N.) köçmək istəyirlər. Ermənilərin sürətlə və rahat kö­çü­rülməsi üçün o aşağıdakı təklifləri irəli sürürdü: “Birincisi, köçürmə işlərinə rəhbərlik etmək üçün Paskeviç ona yazılı tə­li­mat versin və həmin sənəddə köçənlərə verilən güzəştlər gös­tə­ril­sin; İkincisi, kö­çürmə iş­lərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər za­bit­lər təyin etmək məsələsi onun ixtiyarına verilsin (bununla Q.Lazaryan bu işə er­mə­ni zabitlərini cəlb etmək istəyirdi – G.N.); Üçüncüsü, iqlim şəraitinə görə köçürmə iş­lərinin lən­giyəcəyi yerlərdə rus ordusu dayanıb gözləsin və ordu köçənləri mü­şayiət etsin; Dördüncüsü, kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın”.[31]

Türkmənçay müqaviləsinin XV-XVI maddələri rəsmiləşdikdən sonra general Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün İrəvan “müvəqqəti idarə”sinə və polkovnik Lazarevə xüsusi təlimat hazırlayıb göndərdi. General Paskevicin İrəvan “müvəqqəti idarə”sinə göndərdiyi təli­ma­tında rus hərbçilərindən və erməni nümayəndələrindən ibarət xüsusi bir komitənin yaradılması, həmin komitənin yalnız İrandan köçürülən ermənilərin yerləşdirilməsi və məskunlaşdırılması ilə məşğul olması, həmçinin köçürülənlərə hər cür diqqət və qayğının təmin edilməsi vurğulanırdı.[32]

29 fevral 1828-ci il tarixində general Paskevic İrəvan müvəqqəti idarəsinə İrandan köçürülən ermənilərin təşkili barədə xüsusi təlimat verdi.[33] Pas­ke­viçin İrəvanın Müvəqqəti idarəsinə göndərdiyi xüsusi təlimatında İrandan köçürülən ermənilərin başlıca olaraq İrəvan və Naxçıvan əyalətlərinə və qismən də Qara­bağda yerləşdirilməsi faktını Gürcüstan Mərkəzi Dövlət arxivinin məlumat­larına əsas­lanan Yenikolopov da təsdiq edir.[34] Lakin Rusiya Hərbi Tarix arxivinin 1828-ci il 26 may tarixli məlumatında Qarabağa köçürülənlən ermənilərin 279 ailə, İrəvana isə 948 ailədə ibarət olduğu bəlli olur.[35]

Ermənilərin İrəvana köçürülməsi haqda qraf Paskeviçin Debiçə göndərdiyi 22 sentyabr – 29 noyabr 1828-ci il tarixli məlumatında İrandan köçürülən ermə­nilərin mümkün qədər ayrıca kəndlərdə yerləşdirilməsi tələb olunurdu. Onların azərbay­canlılar yaşayan kəndlərə yerləşdirilməsi və azərbaycanlı əhali ilə qarışdırılması məqsədəuyğun bilinmirdi. Baş verə biləcək ziddiyyətlərin qarşısının alınması üçün bəzi Azərbaycan kəndlərinin boşaldılması və onların əhalisinin azərbaycanlıların çox yaşadığı bölgələrdə cəmləşdirilməsi məsləhət bilinirdi.[36]

Bundan əlavə, Paskeviç tələb edirdi ki, köçürülənlərin İrəvan ətrafında yerləş­diril­məsi ilə bərabər Naxçıvan əyalətində, Qafan və Mehri ətrafında məskun­laşdı­rılması da diqqət mərkəzində saxlanılsın.[37] Göründüyü kimi, çar Ru­siya­sının əsas məqsədi erməniləri bərabər şəkildə Osmanlı dövləti və Qacarlar İranı sərhədi boyunca yerləşdirilməsindən ibarət idi.

Paskeviçin Lazarevə ve­rdiyi 19 maddəlik təlimatda göstərilirdi: “köçü­rü­lən xristian­lar­dan tica­rətlə məş­ğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə tica­rətlə məş­ğul ol­sunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və on­lar 6 il müd­dətinə vergilərdən, 3 il müddətinə isə torpaq mükəlləfiyyətindən azad edi­lə­cək­lər; köç­mə­yə hazır olan ailələrə veriləcək güzəştlər haqqında onlara xüsusi for­mada vərəqələr verilməlidir; köçürülənlər kəndlər üzrə dəs­tə­lə­rə ayrılmalı, hər dəstədə 150-dən 300-ə qədər ailə olmalıdır; kö­çü­rü­lənləri İrə­van və Nax­çı­van əya­lət­lə­ri­nə istiqamətləndirmək lazımdır ki, həmin əra­zilərdə xris­tian əha­lisi mümkün qə­dər artırılsın; hər dəstəni müşayiət etmək üçün er­mə­nicə bilən bir zabit və 2-5 ka­zak ayrılsın; köçkün dəstələri yola düşən kimi, dər­hal İrə­van “müvəqqəti idarə”sinə ailələrin sayı, onların yaşadıqları ərazinin iq­lim şə­­raiti, məşğu­liy­yət­lə­ri, malik olduqları sürülər və sərhəddə yetişəcəkləri təx­­mini vaxt haqqında xə­bər göndərmək lazımdır. Kasıb ailələrə 10 gümüş ma­na­tı keç­mə­mək şərti ilə kö­mək­lik göstərmək üçün 25 min rubl gümüş pul ay­rıl­sın”. [38]

Paskeviçin İrəvan “müvəqqəti idarə”sinə göndərdiyi 18 bənddən ibarət digər təlimatinda isə gös­tərilirdi ki, “Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayır­malı və onların nəzərdə tutulan yerlərdə məskunlaşmasına rəh­bər­lik etməlidir. Ko­mi­tə çalışmalıdır ki, köçürülən kəndlərin sakinləri əv­vəl­ki ərazilərindəki kimi, yığ­cam şəkildə ayrıca və bir-birinə qon­şuluqda yerləş­dirilsinlər. Dağlıq şəra­itin­də yaşayanlar dağlıq yerdə, dü­zənlikdə yaşayanlar isə düzənlikdə yer­ləş­di­ril­mə­li­dir ki, onlar müm­kün qədər xəstəlik və ölümdən xilas olsunlar, on­la­rın adət-ən­ənə­lə­ri­nin və təsərrüfat vərdişlərinin saxlanılmasına şərait ya­radıl­sın. Mü­səl­manların yaşadıqları kəndlərdə xristianların yerləşdiril­məsinə yol ver­mə­mə­li, xristianlardan ibarət ayrıca dairə və mahallar yaratmaq la­zı­m­dır. Mü­səl­man (xristian) kəndlərinin əhatəsində yaşayan xris­tianları (mü­səl­man­ları) öz din­daş­larının yanına köçürmək lazımdır.[39]

Bundan başqa, köçürülənlərin mülkədar tor­paq­la­rın­da deyil, dövlət torpaq­larında yerləşdirilməsi nəzərdə tutulurdu. Yeni məhsul gö­tü­rü­lə­nədək ilkin taxıl səpini üçün köçürülənlərə bərabər miqdarda borc verilməli, tə­­sər­rüfatın dir­çəl­dilməsi üçün götürülən borc faizsiz olaraq, dörd il müd­də­tinə veril­məli, bundan sonra altı il ərzində ödənilməlidir. Məs­kun­laş­dır­maq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı içməli suyun olması nəzərə alın­malıdır. Hər bir ailənin yerləşdirilməsi haqqında xüsusi for­mada hesabat verilməli və hesabatda çəkilən ümumi xərclərin miqdarı gös­tərilməlidir”.[40]

Az keçməmiş bütün təlimatların köçürmədə könüllülük prinsipinin əsas tutul­ması barədə tələbləri tamamilə pozuldu. Belə ki, Qazaros Lazaryan və onun yerlərə göndərdiyi erməni nü­ma­yən­dələri Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq er­mə­niləri Şimali Azər­baycana könüllü deyil, zorla köçürməyə başladılar.

Rusiyanın bufer erməni dövləti yaratmaq siyasətini başa düşən Abbas Mir­zə Rusiya ilə İranın yeni sərhədləri bo­yun­ca ermənilərin kütləvi surətdə yer­ləş­diril­mə­sindən narahat idi. Buna görə də o, İrandan er­mənilərin kütləvi surətdə köçürülməsinə mane olmağa çalı­şır­dı. Bunun üçün Abbas Mir­zənin nümayəndələri yerlərdə olur, ermənilərə köçmə­dik­ləri halda 6 il müddətinə vergilərdən azad ediləcəklərini vəd edirdilər.[41] Bundan əlavə, Abbas Mir­zə özü iki dəfə Qazaros Lazaryana müraciət etmişdi ki, ermənilərin zorla köçü­rül­məsi hallarına son qoysun və Türkmənçay müqa­vi­lə­sinin şərt­lə­ri­nə əməl etsin. [42] Abbas Mirzənin Qazaros Lazaryana göndərdiyi ikin­ci mək­tu­bun­da erməni polkovnikin ikiüzlü siyasətinin açıq-aydın ifşa olunduğunu izləmək mümkündür: “İndi cəna­bı­nız Səlmasda qalır və qoşunlar da ordadır. Köç­mə­yən kəndlərdən ka­zaklar və ya­sa­vullar vasitəsilə pul tələb edirsiniz, kö­çən­lə­rə isə, eyni zaman­da pul ve­rir­si­niz”  [43] Qacarlar İranında yaşayan er­mə­ni əhalisinin işğal olunmuş Azər­baycan torpaq­larına zorla köçü­rül­mə­si onların öz içərisində də ciddi etirazlara səbəb olurdu. Səlmas monastırının yepiskopu İsrail er­mə­ni­ əhalisinin zorla kö­çü­rül­məsinə maneçilik törətdiyi üçün erməni arxiepiskopu Nerses 1728-ci il martın 17-də general Paskeviçə yazdığı məktubunda ge­ne­ral­dan xahiş etdirdi ki, İsraili bu işdən çəkindirmək üçün Xoydakı yerli komen­dan­ta göstəriş versin və onu rütbəsindən məhrum edərək cəza­landırmaq üçün Üçkilsəyə gön­dərsin.[44] Həmin il mar­tın 19-da general Pas­keviçin Nersesə cavab məktu­bun­da bu xahişin yerinə ye­tiriləcəyi vəd olunurdu.[45]

Ermənilərin qacarlar İranı ərazisindən işğal edilmiş Azərbaycan torpaqlarına köçü­rül­məsinin həyata keçirilməsi haqqında məlumatı Lazarevin 1829-cu il dekab­rın 24-də qraf Pas­keviçə yazdığı “Yekun hesa­ba­tı”nda izləmək mümkündür. He­sa­bata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlanılmış və iyunun 11-də başa çat­dırılmışdır. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə çox fəallıq göstərən göstərən erməni generalı Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdir. Digər erməni zabitləri – 41-ci yeger polkunun podpolkovniki knyaz Melikov Üzüm­çü və onun ətrafındakı kəndlərin, gürcü qrenadyor polkunun podpo­kov­ni­ki knyaz Ar­qutinski-Dolqoruki Təbriz və onun ətrafındakı kənd­lərin, Səl­mas əyalə­tinin kollec asessoru Qamazov Marağa və Urmiya xanlığı ətrafındakı kənd­lərin, knyaz Şalikov isə Xoy xanlığında yaşayan ermənilərin Azərbaycanın Arazdan şimaldakı torpaq­larına köçrülmə­sin­də ona yaxından kömək etmişlər.[46]

Türkmənçay müqaviləsinə əsasən rus qoşunlarının geri çəkilmə prosesinə martın 8-dən etibarən Marağadan başlanıldığı üçün, ilk növbədə orada yaşayan er­mə­ni­ləri köçürmək nəzərdə tutulurdu. …Artıq martın 9-da ge­neral Paskeviç və “Müvəqqəti Azər­bay­can İdarə Heyəti”nin üzvləri Təbrizi tərk etdilər. Abbas Mirzə ye­ni­dən Təb­ri­zdə öz haki­miy­yətini bərpa etdi. Lazarev isə vaxt itirmədən Təb­ri­zin şimalındakı Sufiyan qəsəbəsinə – rus sərkərdəsinin yanına gələrək və köçürmə üçün yeni pul vəsaiti ayrılmasına icazə aldı.[47] Həmin il mayın 9-da Lazarevin Pas­keviçə yazdığı rapotunda gös­­tərilirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək, Araz çayının İran tərə­fin­də­ki sahilinə gətirilmişdir.[48]

Qazaros Lazaryan Türkmənçaya yaxın olan kəndləridə yaşayan ermənilərin hamısını keçmiş Qa­ra­bağ xan­lığının ərazisinə yola salmış Səlmas və Qəzvin xanlıqları əra­zi­sin­dən köçürülən ermənilər isə Marağadan köçürülən dəstələrə qoşulmuşdu.[49] 27 fevral 1828-ci il tarixli bir sənəddə ermənilərin Qacarlar İranın­dan Rusiya tərəfindən işğal olunmuş keçmiş Azərbaycan xanlıqlarının ərazisinə köçürülməsi bir daha öz təsdiqini tapır.[50]

Köçürmə işlərinin ləngidiyini görən Qazaros Lazaryan 1828-ci il martın 30-da ermənilərə müraciət etdi. Müraciətdə deyi­lir­di: “Siz orada (yəni Şimali Azərbaycan torpaqlarında – G.N.) xristianların məskun­laş­dı­rıl­dığı Yeni Vətən əldə edə­cək­siniz … xristian torpağı haqqında düşüncələr sizi coşdurmalıdır. İranın müxtəlif əya­lətlərinə səpələnmiş xris­tianların bir yerə cəm­ləş­diyini gö­rə­cəksiniz. Tələsin! Vaxt qiy­mət­lidir. Tezlik­lə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təh­lü­kə­siz köç­məyinizə ca­vabdeh olma­yacağıq. Azca itkiyə məruz qa­lsanız da, qısa zamanda hər şe­yə nail olacaqsınız, özü də həmişəlik”.[51] Lazarevin müraciəti­nin ermənicə mətni təcili olaraq İranda yaşayan bütün ermənilər ara­sında yayıldı.

Ermənilərin köçürülməsində həddindən artıq fəallıq göstərən Qazaros Lazar­yan “1828-ci ilin aprel-may aylarında Marağa, Təbriz, Xoy, Səlmas, Urmiya, Dilman bölgələri ilə bərabər İran Kürdüstanı adlandırılan ərazidə yaşayan er­mə­ni­lərin də Rusiya tərəfindən yenicə işğal edilmiş vilayətlərə (Azərbaycan torpaq­larına – G.N) köçürülməsini təmin etdi”.[52]

Rusiya hakim dairələri Qacarlar İranı ərazisindən köçürülən ermənilərin daha çox işğal olunmuş İrəvan xanlığı ərazisində məskunlaşdırılmasına xüsusi əhəmiy­yət verirdi.[53] Qazaros Lazaryan 1828-ci il mayın 27-də general Paskeviçə gön­dərdiyi məlumatında 500 ailədən ibarət müsəlman kürdünün də İran Kürdüs­tanından İrəvan əyalətinə köçmək istədiyini bildir­mişdi. Lakin erməni za­bi­tinin bu planı baş tutmadı. Çünki hələ fevralın 29-da Lazarevə xüsusi mək­­­tubla tapşı­rılmışdı ki, müsəlmanların köçürülməsinə imkan verməsin.[54]

Lakin Rusiya imperiyası Qacarlar İranı ərazisində yaşayan ermənilərin köçürülməsi ilə kifayətlənməyərək, oradakı digər xristian təbəələri işğal olunmuş İrəvan xanlığı ərazisinə köçürməyə çalışdı və bu siyasət sonrakı dövrlərdə də davam etdirildi. Rusiya arxivlərindən əldə etdiyimiz materiallarda 1832-ci ildə Qacarlar İranı ərazisində yaşayan digər xristian tayfaların da ”Erməni vilayəti”nə köçürülməsini izləmək mümkündür.[55]

Lazarevin özünün hesabatından isə məlum olur ki, üç ay yarım ərzində İran əra­zi­sin­dən 8249 erməni ailəsi İrəvan, Naxçıvan və Qa­rabağ əyalətinə kö­çü­rül­müşdü, bu da ən azı 40 min nəfər demək idi; kö­çürmə iş­lə­rinə xəzinədən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi; köçmək istəyən 1500 er­məni ailəsi İranda qal­dı. Çünki, Lazarev köçürmə üçün ay­rı­lan vaxt başa çatdığından onları kö­çür­məyə imkan tap­ma­mış­dı.[56]

Lakin nəzərə almaq lazımdır ki, Lazarevin hesabatında İran­­­­­dan Şi­ma­li Azərbaycan torpaqlarına köçü­rülən er­­­məni ailə­lə­ri­nin miq­da­rı tam dol­ğunluğu ilə əks olunmamışdır. 1832-ci ilə aid rusdilli arxiv sənədlərində Qacarlar İranı ərazi­sində yaşayan ermənilərin ”Erməni vilayəti”nə köçürülülməsinin hələ də davam etdiyini izləmək mümkündür.[57] Məhz buna görədir ki, rus tədqiqatçısı N.A.Smir­nov İran­dan 90 min nəfər erməninin köçürülərək Azərbaycan tor­paq­larında məskun­­laş­dırıldığını yazmışdır.[58]

 Köçürmənin həyata keçirilməsi ilə yanaşı eyni zamanda azərbaycanlıların öz dədə-baba torpaqlarından sıxışdırılması prosesi gedirdi. 1827-1728-ci illərdə Nax­çı­van əyalətində yaşayan 4600 ailədən böyük əksəriyyəti – 4170-ni azərbaycanlı ailə­ləri təşkil edirdi. Ermənilərin əyalətdə məskunlaşdırılması gedişində 1400-ə yaxın azər­baycanlı ailəsi Naxçıvanı tərk etmiş və 1832-ci ildə 90 faizdən 60 faizə düş­müşdür.[59]

Ümumiyyətlə, İ.Şopenin məlumatına görə, İrandan köçürülən ermə­ni­lər­dən 366 ailə (1715 nəfər) İrə­van, 265 ailə (1110 nəfər) Naxçıvan və 36 ailə (182 nə­fər) Or­du­bad şə­hə­r­lə­rin­də yer­ləşdirildi.[60] Köçürülən ermənilər İrə­­van əya­lə­ti­nin 119 kən­din­də, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dai­rə­­sinin 11 kən­dində məs­­kun­laşdırıldı. Ümumiyyətlə, İrəvan əyalə­tin­də 4559 (23568 nəfər), Nax­çı­van əyalətində 2137 (10652 nəfər), Ordu­­bad dai­rə­sin­də 250 (1340 nəfər) er­mə­ni ailəsi yerləşdirildi. Nəti­cə­də, qondarma “Er­mə­ni vi­la­yə­ti”nə 35560 nə­fər­dən ibarət 6949 erməni ailəsi köçürüldü.[61]

H.Verdiyevanın hesablamalarına görə isə, 1828-1830-cu  illərdə Qarabağ əya­lətinə 3 min erməni ailəsi, İrəvan əyalətinə 1395 ailə köçürülmüşdü. Naxçıvan əyalə­tinə isə 2285 ailə köçürülmüşdü. Ümumiyyətlə 1828-1830-cu illərdə Şimali Azər­baycana 21010 erməni ailə, yəni 119,5 min nəfər köçürülmüşdü. Əgər Türkmənçay müqaviləsinə qədər İrəvan əyalətində cəmi 22500 erməni yaşayırdısa, sonrakı iki ildə onların sayı üç qat  artmışdı.[62]

Lazeryevin tapşırığını yerinə yetirən Qamazov öz hesabatında bildirirdi ki, İrəvan əyalətinə köçürülən ermənilərin əksəriyyəti buranın ən yaxşı mahal­arında – Şərur, Dəvəli, Gərniçay, Zəngi, Abaran, Qırxbulaq, Dərəçiçək və Ara­­z çayının İran tərəfində yerləşən hissəsindəki Səəd Çuxurunda (Çuxursəd), yəni Sürməli maha­lında yerləşdirildi. 300 dən artıq sənətkar erməni ailəsi İrəvanda yerli şəhərlilərin – azərbaycanlıların evlərində yerləşdirildi.[63]

Səl­mas və Xoy xan­lıq­larından kö­çü­rü­lən 200-dək erməni ailəsi isə İ.Arqu­tin­skinin gös­tərişi ilə Sürməli ma­ha­lı­na gön­dərildi.[64] Beləliklə, İran­dan köçürülən ermənilər İrəvan, Naxçıvan və Ordubad şəhər­lə­rin­də (Naxçıvanda – Də­rə­lə­yəz, Şərur, Naxçıvan və Azadciran şəhərində; İrə­vanın mər­­­kəzi mahallarında – Gərni­ba­sar, Zəngi­ba­sar, Dərəçiçək, Qər­bi­ba­sar, Abaran və b. yerlərdə) məs­kun­laş­dırıldılar.[65]  İlkin qaynaqlara əsaslanan M.İsmayılov da Tür­mənçay müqa­viləsinə əsasən Qarabağ, İrəvan və Yelizavetpol bölgəsinə köçü­rülən ermənilərə bu yerlərin ən yaxşı torpaqlarının verildiyini təsdiq edir.[66]

Köçürülənlərin dövlət torpaqlarında yerləşdirilməsi haqqında Paskeviçin ver­diyi təlimata baxmayaraq, ermənilərin əksəriyyəti Azərbaycan mülkə­dar­la­rına məxsus torpaqlarda yerləşdirildi. Özü də ermənilərə bu zaman yay­laq­lar­da olan azər­bay­canlıların evləri paylandı. Yaylaqlardan qayıdan azər­bay­can­lılar isə ev-eşiksiz qaldı. Bunu hətta mənşəcə erməni olan rusdilli müəlif İ.Yenikolopov da təsdiq edərək öz əsərində yazırdı: “Türkmənçay mü­qa­vi­ləsi im­zalanandan sonra ayrı-ayrı qrupların kö­çü­rül­mə­si eybəcər formada hə­yata keçirilməyə başlandı: xüsusi torpaq fondu ayrı­lma­­dığından yeni əha­li­nin (yəni ermənilərin – G.N.) əksəriyyəti yay­laqda olan kənd­lilərin (Azər­bay­can türk­lə­ri­nin – G.N.) evlərində yerləş­diril­di”.[67]

Bundan başqa, müəllifi A.Qiboyedov olduğu ehtimal edilən “Ermə­ni­lə­rin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər”də göstərilir ki, “ermə­nilərin mülkədar torpaqlarında yerləş­di­rilməsi, on­ların müsəl­man­la­rın ye­ri­ni dar etməsi bir yana, hələ üstəlik on­lara güzəştlər də verildi. Hal­bu­ki, ziyan çəkən tərəf müsəlmanlar idi. Əslində, erməniləri de­yil, buranın mü­səlmanlarını köçkün hesab etmək lazımdır. Çünki mü­haribə za­ma­­nı İrə­vanın Sərdarı onları döyüş meyda­nından köçürmüşdü və ən kasıb vəziy­yətdə ya­şayırdılar. Ermənilər kö­çürülən zaman müsəlman ailə­lə­rinin ək­sə­riy­­yəti yay­­laqda idi və gəlmə ermə­nilərin onların evlərində yerləş­di­ril­mə­sin­dən xə­bər­lə­ri yox idi”.[68]

Qafqaqz Arxeoqrafiya Komitəsinin verdiyi məlumatda A.Berje heç bir mənbəyə əsas­lanmadan bu yazıların A.Qriboyedoba məxus oldunu göstərir. Qafqaz Toplu­sunun XXX cildində bu yazıların A.Qriboyedoba məxus olması fikri təkrar olunur. Lakin Rusiya imperiyasının erməniləri Şimali Azərbaycan torpaqlarına köçürməsi siyasətinin tərəfdarı və bu siyasətin həyata keçirilməsində mühüm rol oynayan, ermənipərəst A.Qriboyedovun gerçək tarixi əks etdirən bu yazının müəllifi olması qeyri-real görünür. Məhz buna görə də İ.Yenikolopov verdiyi məlumatı daha düz­gün hesab etmək olar. Rusdilli qaynaqlardan fərqli olaraq İ.Yenikolopov öz əsərində Ermənistan SSR Mərkəzi Dövlət arxivində saxlanılan sənədlərə əsasən Rusiya hö­ku­­mə­tinin bu qanlı siyasətini açıqlayan həmin yazıların İ.Qriboyedova deyil, xüsusi məqsədlə göndərilən ali təhsilli hərbçi-jurnalist D.E.Zubarevə məxsus olduğunu göstərir. Bundan əlavə, müəllifin verdiyi məlumata görə, D.E.Zubarev 1829-cu ilin mayında köçürmə komitəsini tənqid edərək yazırdı ki, heç bir yerdə lazım olan informasiyanı əldə etmək mümkün deyil. Mülklərin kimə məxsus olduğu bəlli deyil. O, öz mülahizələrində müəyyən edir ki, köçürülüb gətirilən ermənilərin əksəriyyəti əkinçilər və sənətkarlardır. Lakin köçürülənlərin sayı barədə lazımı qeydiyyat aparılmayıb.[69]

İlk mənbələrin məlumatından görünür ki, İrandan köçürülən ermənilərin əksə­riy­yəti, bu barədə verilmiş təlimatların əksinə olaraq, müsəlman kənd­lə­rin­­də yer­ləş­dirilmişdi. Bundan əvvəl köçürülmüş ermənilərin müsəlmanlarla qarışıq ya­şadıqları kəndlərdə isə, demək olar ki, yeni köçkünlər yerləş­di­ril­mə­di. Tə­bi­idir ki, torpaqlarının və evlərinin əllərindən alınması Azərbaycanlı əha­li­nin kəs­kin nara­zılı­ğına səbəb olurdu. Naxçıvan kəndlərində bu cür narazılıqlar da­ha tez-tez baş verirdi. Odur ki, Qriboyedov vəziyyətdən çıxış yolu kimi, Nax­çıvan əyalətində müsəlmanlar yaşayan kəndlərdə məskunlaşdırılmış 500 er­­məni ailə­si­ni Dərələyəzə köçürməyi təklif etdi. Onun bu təklifi həyata ke­çi­ril­di.[70]

Hətta, köçürmə komissiyasının sədri İ.Qriboyedovun özü belə köçürmə pro­se­si­ni mənfi qiymətləndirmiş və ermənilərin dövlət torpaqlarında deyil, əsa­sən müsəl­man­lara – mülkədarlara və müsəl­man kəndlilərinə məxsus olan tor­paq­­lar­da yerləş­diril­diklərini və onların burada müsəlmanları sıxışdırdıqlarını qeyd edirdi.[71]

Ümumiyyətlə, çar Rusiyasının erməniləri Qacarlar İranı ərazisindən Şimali Azərbaycan torpaqlarına köçürməsinin reallaşması yəni, Turkmənçay sülh müqavi­ləsinin XV maddəsinin icrası ilə bağlı bölgədə baş vermiş proseslər erməni tarix­şünaslığında mahiyyət etibarilə təhrif edilmiş şəkildə təqdim olunur. Məsələn, erməni tarixçisi V.Parsamyan ermənilərin köçürülməsi ilə bağlı yazırdı: “Turk­mənçay müqa­viləsi ermənilərə ilk dəfə imkan verdi ki, vətənə (?) qayıtsınlar, Rusiyanın haki­miyyəti altına toplaşsınlar və az-çox münasib həyat şəraiti qursunlar. Erməni xalqı bu müqaviləni böyük məmnuniyyətlə qəbul etdi”.[72] Göründüyü kimi, erməni müəllifi Rusiya imperiyası sarayında planlaşdırılan, daha çox Rusiyanın özünə lazım olan bu siyasəti təhrif edərək ermənilərin çoxəsrlik arzuları kimi qələmə verməyə, ermənilərin milli dövlət qurmaq istəkləri ilə bağlamağa çalışır. Qeyd etdiyimiz kimi, çar Rusiyası Qacarlar İranı və Osmanlı Türkiyəsi ilə sərhədində bufer xristian zolağı yaratmaq siyasətinin nəticəsi idi.

Lakin çar Rusiyanın işğal etdiyi Şimali Azərbaycan torpaqlarına erməniləri köçürməkdə məqsədinin onlara dövlət yaratmaq olduğunu rus müəlliflərinin özləri də etiraf edirlər. Bu səbəbdəndir ki, S.Qlinka ermənilərin kö­çü­rül­düyü Azərbaycan tor­paq­ları haqda yazırdı: “bu əra­zi­lər…yer üzünə səpə­lən­miş er­məni tay­­fa­larını başına top­la­ya­caq və I Nikolayın xoş­bəxt dövlətinin hima­yə­sin­də er­mə­ni çarlığı öz şöhrəti və bü­tün xa­ti­rələri ilə dir­çə­ləcək”.[73]

Təqribi hesablamalara görə ermənilərin köçürülməsi İra­na, əsasən Cə­nu­bi Azərbaycana 32 mln. man. ziyan vur­muş­du. Köçürmə prosesinin bütün ağır­lığı yerli əhalinin üzərinə düşmüş, on­­la­rın və­ziy­yə­tini kəs­kin şəkildə pis­ləş­dir­mişdi. Kö­çürülmə Şimali Azər­bay­can­­da da azər­­bay­­can­­lıların məhsuldar tor­­paqlarının əllə­rin­dən çıxması ilə nə­ti­cələn­miş­di. Kö­çür­mənin xərcləri de­mək olar ki, Azər­bay­canın hesabına hə­ya­ta ke­çiril­miş­di.[74] Hətta, Qacarlar İranından ermənilərin Şimali Azərbaycana köçürülməsində fəallıq gös­tə­rən hərbçilər və din xadimləri Rusiya imperiyası tərəfindən mükafatlan­dırıl­dı­lar.

Ermənilərin İrandan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına kö­çürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv ma­te­ri­alları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sə­nədləri – təlimatlar çox aydın sübut edir.  Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni on­la­ra daimi vətən ya­rat­maq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Ru­si­ya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni ge­ne­ral­ları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Daim köçəri həyat sür­məyə, yerdəyişmələrə adət etmiş er­mə­ni­lə­rə bu dəfə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə rus otu yemək daha yax­şı­dır”.[75]

Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan tor­paq­la­rı­na köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi.

Qarabağ erməniləri 1978-ci ildə öz­lərinin İrandan bura, yəni Qa­ra­bağa kö­çü­rül­məsinin 150 illiyini bayram et­miş, bu münasibətlə Dağlıq Qarabağda – Ağdərə rayonunun Marquşevan kən­din­də bir xatirə abidəsi də in­şa etmişdilər. 1988-ci ildə  erməni separatçı-ter­rorçu dəstələri “ta­rixi həqi­qətin izi­ni itirmək” məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar. Hazırda həmin abi­də­nin qalıq­ları Azər­baycan  Res­publikasının Ağdərə rayonu ərazisindədir. [76]

Göründüyü kimi, Rusiya imperiyasının erməniləri kütləvi şəkildə Qacarlar İranın­dan Şimali Azərbaycan torpaqlarına köçürməsi siyasəti həm çarizmin imperiyanın İranla sərhədində özünə etnik və sosial dayaq yaratmaq siyasətini əks etdirir və həm də, azərbaycanlıların öz ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq məqsədini güdürdü. Bundan əlavə, bu qanlı siyasətin həyata keçirilməsi həm də “erməni döv­ləti”nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azər­bay­cana xüsusi məqsədlə – onlara burada “Yeni Vətən” yaradılması məqsədilə köçü­­rülmüşdü.

 

 

[1] Mahmudov Y.M. “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi va­rislik hüququ bərpa olunmalıdır. (Azərbaycan, ingilis və rus dillərində). Bakı, 2015, s.5.

 

* Üçkilsə və ya Üçmüədzin qədim Azərbaycan-Alban monastırı idi. Üçmüədzin sözünün tərkibindəki “üç” sözü Azərbaycan türkcəsində say, “müədzin” isə ərəb dilində azan verən, vəzifələndirilən anlamındadır.

[2] Սիմէօն Երեիանցի: Ջամբռ: Գիրք, որ կոչի յիշակարան արձանացռւցիչ, հայելի եւ պա­րռւնակող բնավից որպիսռւթեանց Սրբոյ Աթոռոյս, եւ իւրոյ շրջակայից վա­նօ­րէի­ցն: Վաղարշապատ: ՌՀԻԳ: էջ:100  (Simeon İrəvanlı. Cambr. Müqəddəs Üçmüədzin kilsə­si­nin və ətraf monastırlar toplusunun müffəssəl aynası və xatirə kitabı. Vaqarşapad, 1873, s.100).

[3] Bax: İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. (Y.M.Mahmudovun rəhbərliyi ilə kollektiv mono­qrafiya). Bakı, 2010.

[4] Bax: Армяно-русские отношения в первой трети XVIII века. (Сб. документов. Под ред., А.Иоаннисяна), т.II, ч.I, Ереван, 1964, c.35; Nəcəfli G.C. XVIII əsrdə Azərbaycan ərazi­sin­də erməni dövləti  yaradılması cəhdləri.  Bakı, 2007, s.31.

[5] Bax: Kemani Mustafa Ağa. Revan Fethnamesi. // M.Münir Aktepe. 1720-1724 Os­man­lı­-İran müna­sеbet­leri. İstanbul, 1970, s.22, 50, 61.

[6] Kemani Mustafa Ağa. Revan Fethnamesi.., s.54-55.

[7] Kemani Mustafa Ağa. Revan Fethnamesi.., s.111; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin, s.45

[8] Gəncə-Qa­rabağ əyalətinin müfəssəl dəftəri. (Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hü­sa­məd­din Məmmədov (Qaramanlı). Bakı, s.16.

[9] Գրիգորյան Վ.Ռ. Երեվանի խանությունը 18-րդ դարի վերջում: Երեվան, 1958: էջ: 109 (Qriqoryan V.R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780- 1800), Yerevan, 1958, s.109); Наджафли Г.Дж. Азербайджан в XVIII-XIX веках. Бишкек, 2010, c.34.

[10] РГВИА, ф.52, оп.1/194, дело 331, ч.5., л.л.2,4.

[11] Наджафли Г.Дж. Азербайджан в XVIII-XIX.., c.34-35.

[12] Акты, собранные Кавказской Археографической Комиссией (АКАК), (издан под ред. председателя комиссии А.Д.Берже), т. VI. ч.I,Тифлис, 1874, док. 1356, c.885.

[13] АКАК, (издан под ред. председателя комиссии А.Д.Берже), т.II. Тифлис, 1868, док.1436, c.703.

[14] Bax: Гарабаг: Кюрекчайский договор – 200. Баку, 2005.

[15] Ениколопов И. Грибоедов и Восток. Ереван, 1954, с.128-129.

[16] Ениколопов И. Грибоедов и Восток.., c.128-130.

[17] РГВИА, ф.846, оп.16. док.4329. ч.3. л.л.164-164об; л.166.

[18] Bax: Полное собрание законов Российской империи (ПСЗРИ), Собр. второе, т.III. СПб., 1830, №1794, 123-130.

[19] ПСЗРИ. Собр. второе, т.III., №1794, 130; Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı, 2005, s.31.

[20] Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: Real tarix.., s.31.

[21] Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области // Соч. в двух томах, т.II. Москва, 1971, c.339-341; Şükürov K.K. Türkmənçay – 1828: Tarixi xronika. Bakı, 2006, s.85-86.

[22] Neumann F. Geschichte der Übersiedlung von vierzigtausend Armeniern, welche im Jahre 1828 aus den persischen Provinz Adarbaidschan nach Russland auswanderten. Leipzig, 1834, S.41.

[23] Тавакалян Н.А. Переселение армян из Персии и Турции в Закавказье после присое­динения Восточной Армении к России. // Историко-филологический журнал АН Арм. ССР. Ереван, 1978, №3(82), с.27.

[24] Глинка С. Описание переселения армян адербиджан­ских в переделы России. Баку, 1990 (переизд..), c.38-40; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin…, s.381.

[25] Ениколопов И. Грибоедов и Восток.., c.129.

[26] Парсамян В.А. А.С.Грибоедов и переселение армян. // Из исто­рии вековой дружбы. Ереван,1983, c.136-137.

[27] Семенов Л.С. К вопросу о значении Туркманчайского договора для истории Армении. // Историко-филологический журнал АН Арм. ССР. Ереван, 1959, №4, с.108.

[28] Ениколопов И. Грибоедов и Восток.., c.129-131.

[29] РГВИА, ф.846, оп.16. док. 978, л.л.19-20; АВПРИ, ф.194, оп.1(528а), “Миссия в Персией” 1809-1913 гг. док.4; Nəcəfli G.C. Ermənilərin İrandan Şimali Azərbaycan torpaq­la­rına məqsədyönlü şəkildə köçürülməsi (yeni qaynaqlar işığında). // Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası), №03, Bakı, 2015, s.70.

[30] РГВИА, ф.846, оп.16. док.978, л.102.

[31] АКАК, т.VII, док. 553, с.595; д.561, с.603-604; İrəvan xanlığı. Rusiya işğalı və erməni­lərin…, s.381-382.

[32] РГВИА, ф.846, оп.16. док.978. л.1, л.л.3-3об; л.л.4-4об; л.л.5-5об; л.6.

[33] Тунян В.Г. «Защитник отечества» – каталикос всех армян Нерсес Аштаракеци. 1826-1857 гг. Ереван, 2007, c.70.

[34] Bax: Ениколопов И. Грибоедов и Восток.., c.129-130.

[35] РГВИА, ф.846, оп.16. док.978. л.114; Nəcəfli G.C. Ermənilərin İrandan…,  s.73-74.

[36] РГВИА, ф.846, оп.16. док.979. л.л.1-1об; л.л.2-2об; л.л.3,4-4об; л.л.9-9об; л.л.22-22об.

[37] Развитие Еревана после присоединения Восточной Армении к России. (Сб. док.) Ере­ван, 1978, c.189-191.

[38] Bax: Глинка С. Описание переселения.., c.99-107; Neumann F. Geschichte der Übersiedlung.., S.80-86; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.382.

[39] РГВИА, ф.846, оп.16. док.978. л.6об; л.л.7-7об; л.л.8-8об; л.л.9-9об; Nəcəfli G.C. Ermənilərin İrandan…,  s.71.

[40] Развитие Еревана после.., c.189-191; Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. De­por­tasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998, s.26; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.382-383.

[41] АКАК, т.VII, док.586, с.619-620.

[42] Bax: Глинка С. Описание переселения.., c.66-67,76-78; Neumann F. Geschichte der Übersiedlung.., S.58-59, 65-66.

[43] Глинка С. Описание переселения, c.78; Neumann F. Geschichte der Übersiedlung.., S.66.

[44] АКАК, т.VII, док.568, с.607-608; док.561,c.603-604.

[45] АКАК, т.VII, док.569, с.608; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.384.

[46] Глинка С. Описание переселения, c.48, 55, 63, 69, 115-116; Neumann F. Geschichte der Übersiedlung.., S.47, 51, 57, 60, 93-94.

[47] Neumann F. Geschichte der Übersiedlung.., S.51-52; Nəcəfli G.C. Ermənilərin İrandan…, s.73-74.

[48] АКАК, т.VII, док.592, с.624.

[49] Bax: Neumann F. Geschichte der Übersiedlung.., S. s.51-53.

[50] РГВИА, ф.846, оп.16. док.4338. л.л.69-69об; л.л.70-70об; л.л.71-71об; л.л.72-72об.

[51] Глинка С. Описание переселения..,  c.107-111; Neumann F. Geschichte der Übersiedlung.., S.87-89; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.386.

[52] Bax: Neumann F. Geschichte der Übersiedlung.., S.54-55.

[53] РГВИА, ф.846, оп.16. док.4329, ч.5, л.224, л.л.288-288об.

[54] АКАК, т.VII, док.598, с.629; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.387.

[55] АВПРИ, ф.194, оп.1(528а), “Миссия в Персией” 1809-1913 гг. док.106.

[56] Глинка С. Описание переселения..,  c.131; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.388.

[57] АВПРИ, ф.194, оп.1(528а), “Миссия в Персией” 1809-1913 гг. док.152.

[58] Смирнов Н.А.­По­ли­ти­ка России на Кавказе XVI-XIX веках. Москва, 1958, c.180.

[59] Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб, 1833, с.30.

[60] Шопен И. Исторический памятник состояния Армянской области в эпоху присо­еди­нения к Рос­сийской империи. СПб., 1852, c.636-638.

[61] Шопен И. Исторический памятник.., c.636-638; Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri…,, s.31-32.

[62] Вердиева Х. Переселенческая политика Российской Империи в Северном Азербайджане (XIX начале XX вв.). Баку, 1999, c.91-113.

[63] Ениколопов И. Грибоедов и Восток.., c.135-136; Məmmədova İ. XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycanda etnodemo­qrafik vəziyyəti dəyişmək siya­sə­tinin Azərbaycanın sonrakı ta­le­yi­nə təsiri. // Tarix və gerçəklik (Azərbaycan tarix qurumu). Bakı, 2008, №1(3), s.94.

[64] Ениколопов И. Грибоедов и Восток.., c.141; Məmmədova İ. XIX əsrin əvvəllərində.., s.94.

[65] Воронов Н.И. Данные об армянском население в России А.Д.Еритсова. // ИКОИРГО, т.VII,  Тифлис, 1882-1883, c.93; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.388.

[66] İsmaiylov M. Karabakh under Russian rule. \\ History – Visions of Azerbaijan Magazine. Summer 2007. Volume 2.3. P.34-42.

[67] Ениколопов И. Грибоедов и Восток.., c.135.

[68] АКАК, т.VII, док.618, с.642-644; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.389.

[69] Ениколопов И. Грибоедов и Восток.., c.140.

[70] АКАК, т.VII, док.623, с.647-648.

[71] АКАК, т.VII, док.618, с.642.

[72] Парсамян В.А. История арм­ян­­ского на­ро­да 1801-1900 гг. книга первая. Ереван, 1972, с.49; Süleymanov M. Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən. Bakı, 2008, s.375.

[73] Глинка С. Описание переселения..,  c.92.

[74] Şükürov K. Türkmənçay.., s.94.

[75] Глинка С. Описание переселения..,  c.68-69; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.24.

[76] İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin.., s.28.

НОВОСТНАЯ ЛЕНТА